Sovremennik (jurnal)

"Sovremennik" (rus. Современник) — Aleksandr Puşkin tərəfindən yaradılan ictimai-siyasi və ədəbi jurnal.

Sovremennik
Loqonun şəkli
Təsisçi
Təsis tarixi 1836
Nəşrini dayandırıb iyun 1866
Ölkə
Qərargah
Dil rus dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Sovremennik" 1836–1866-cı illərdə Peterburqda işıq üzü görmüşdür. 1843-cü ilə qədər ildə 4 dəfə, sonra isə hər ay çıxıb. Jurnalda şeir, nəsr, tənqidi məqalə, tarixi, etnoqrafik və s. dərc olunub.

Tarixi

Jurnalın təsisçisi A.S. Puşkin olub. İşləmək üçün cəlb olunanlar arasında Qoqol, Vyazemski, Odoevski, Jukovski və başqa imzalar olub. Puşkinin vəfatından sonra jurnal tənəzzülə uğradı, 1838-ci ildən onu nəşr edən P.A. Pletnyov 1847-ci ildə "Sovremennik"i N.A. Nekrasov və İ.İ. Panevə verdi.

Nekrasov "Sovremennik"ə Turgenev, Qonçarov, Gertsen və Oqaryovu cəlb etməyi bacardı. Ç. Dikkensin, J. Sandın və başqa Avropa yazıçılarının tərcümələri jurnalda yer aldı. 1847–48-ci illərdə rəsmi redaktor A.V. Nikitenko, ideoloji rəhbər V.Q. Belinski oldu.

Jurnalın proqramını müəyyən edən məqalələr isə daha çox müasir realist tənqid, inqilabi-demokratik ideyaların təbliği, realist sənət uğrunda mübarizə idi. Jurnalın 1848-ci ildə tirajı 3.100 nüsxə idi.

Gertsenin mühacirəti, Belinskinin vəfatı, siyasi reaksiyalar və senzura 1848-ci ildən başlayaraq jurnalın nəşrini daha da ağırlaşdı.

Elə bu mərhələdə (1848–1855) "Sovremennik" ədəbiyyata daha çox üstünlük verir, Tolstoy, Turgenev, Nekrasov kimi yazıçıların əsərlərini, Qranovskinin, Solovyovun elmi yazılarını dərc edirdi.

"Sovremenniki"in ən işıqlı dövrü isə 1854–1862-ci illər arasında oldu. O zaman nəşrə Çernişevski və Dobrolyubov rəhbərlik edib. 1858-ci ildən jurnal mühafizəkar və liberallar arasında polemika yaradır, inqilabi demokratiyanın ideya mərkəzi olur. Bu illərdə onu siyasi jurnal kimi qəbul edirlər.

"Sovremennik" bu illərdəki təbliğatı ilə feodal sisteminin məhv olmasında müstəsna rol oynayıb.

1860-ci illərdə "Kolokol"la (Rusiyanın ilk inqilabi qəzeti) kəndli inqilabının gələcəkdə Rusiya demokratiyası üçün problemlər və müxtəlif anlayışlar gətirəcəyinə dair fikir ayrılığına düşdülər.

İnqilabi siyasət yürütmək redaksiyada siyasi bölünməyə səbəb oldu – liberal təmayüllü Tolstoy, Turgenev və Qriqoreviç jurnalı tərk etdilər. Elə həmin il tiraj 7.126 nüsxəyə qədər artır.

1859-ci ildə Dobrolyubov "Sovremennik"in tərkibində satirik əlavə olan "Svistok"u təsis edir. Lakin onun ölümü (1861) jurnalın 1862-ci ilin iyun ayına qədər, yəni 8 ay nəşr olunmamasına səbəb oldu. 1862-ci ildə Çernışevskinin həbsi isə jurnala ciddi zərbə oldu. 1863-cü ildə Nikolay Nekrasov jurnalı yenidən nəşr etdirməyə başlayır.

Redaksiya heyətinə cəlb etdiyi M.E.Saltıkov-Şedrin, M.A.Antonoviç, Q.Z.Elissev, A.N.Pıpin sayəsində jurnalın siyasətində dəyişiklik baş verdi və "Sovremennik" ən yaxşı demokratik jurnallardan birinə çevrilir. 1863–1866-ci illərdə bir çox tanınmış yazıçıların əsərləri jurnalda çap olundu.

1866-ci ildə isə "Sovremennik" jurnalı bağlandı.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.