Sosial xərclər sub-indeksi
Sosial Xərclər sub-indeksi — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir.[1]
Metodologiya
Sosial xərclərin dövlət büdcəsində payı
Solçu siyasi-iqtisadi dünyagörüşünə görə, iqtisadiyyatın sosialyönlüyünü gücləndirmək üçün milli gəlirin büdcə vasitəsilə yenidən bölüşdürülən hissəsi daha böyük olmalıdır, yəni büdcənin böyüklüyü iqtisadiyyatın sosialyönlüyü üçün şərtdir. Sağçılara görə isə, kiçik büdcə ictimai rifahı yüksəltmək üçün daha effektivdir və bu halda iqtisadiyyat daha sosialyönlü ola bilər. Sosial proqramlara yönəldilən büdcə vəsaitlərinin xüsusi çəkisi nə qədər böyükdürsə, büdcə (və deməli, həm də iqtisadiyyat) bir o qədər daha soldadır. Ənənəvi siyasi-iqtisadi leksikonda bunu büdcənin sosialyönlüyü adlandırırlar. Sosial proqramlara ayrılan vəsaitin payı ötən ildəkindən artıqdırsa, hesab edilir ki, bu ilin büdcəsi daha sosialyönlüdür.
Sosial xərclər sub-indeksi
Bu sub-indeks iqtisadiyyatın solluğunu-sağlığını dövlət büdcəsinin xərc maddələri arasındakı tənasüb əsasında ölçür. Cədvəldəki göstərici – sosial xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi əsasında hesablanmışdır. Həmin göstərici (Vi — 5,5) / 63,5 (sub-indeksin qiymətlərini 0,1–0,9 aralığına "sıxmaq" üçün Vmax və Vmin qiymətlərinin yerinə, uyğun olaraq, 69 və 5,5 qoyulmuşdur) düsturu ilə indeksləşdirilmişdir. Alınmış nəticələr Şkalada əks olunmuşdur.
Sub-indeks üzrə nəticələr
Bu tip rənkinqlərdə müxtəlif qruplara aid olan ölkələri bir sıraya düzmək o qədər də uğurlu iş deyil. Bəlkə də, ŞAMA dövlətləri ilə inkişaf etmiş ölkələr üçün ayrı-ayrı şkalalar tərtib etmək daha düzgün olardı, amma ümumi məntiqi qorumaq naminə, təhlil olunan ölkələrin hamısı burada da bir xətt üzərində saxlanmışdır. Bu göstərici üzrə Azərbaycan ən sağ
nöqtədə, Yeni Zelandiya (ümumən sağçı iqtisadiyyata malik olsa da) ən sol nöqtədə yerləşir. Nisbi mərkəz hipotetik ortadan solda, median (Kipr – 0,653) isə ondan da soldadır. Bu sub-indeksin ifadə etdiyi iqtisadi gerçəkliyin özəlliyi ondadır ki, digər şkalalardan fərqli olaraq, bu şkalanın ifrat sağ nöqtəsi dövlətin iqtisadiyyata müdaxilə etmədiyini yox, sosial proqramlara yönəldilən xərclərin azlığını göstərir. Büdcədə sosial xərclərin sıfıra bərabər olduğu bir ölkə mümkünsüz olduğuna görə hansısa dövlətin ifrat sağ nöqtəyə düşməsi də qeyri-mümkündür. Eyni fikir sol qütb haqqında da söylənilə bilər. İfrat sol nöqtəyə düşə biləcək ölkədə dövlət büdcəsinin xərcləri tamamən sosial xərclərdən ibarət olmalı idi və aydındır ki, bu da qeyri-mümkündür. Ona görə də hesab etmək olar ki, hazırda Azərbaycan iqtisadiyyatı bu göstərici üzrə ifrat dərəcədə sağdadır və onu müəyyən qədər sollaşdırmağa ehtiyac vardır.
Həmçinin bax
Xarici keçidlər
- N. Muzəffərli. Iqtisadiyyat sosialyönlüyü sağçı və solçu sistemlərdə.- Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2014
- M. Gulalıyev, F. Musayeva İQTİSADİ LİBERALLAŞMA VƏ İQTİSADİYYATIN SOLLUQ (SAĞLIQ) İNDEKSİ
- Yaşar Məmmədov İqtisadyyatın sosialyönlüyünə sağçı və solçu baxışlarla bağlı müasir araşdırma və nəticələr
İstinadlar
- İqtisadiyyatın solluğu (sağlığı)