Sosial institutlar
Sosial institut cəmiyyətdə qayda-qanun yaradan, həmçinin insanların davranışlarını tənzimləyən və cəmiyyətdə mövcud olan insanların və qurumların bir-biri ilə əlaqə qurmasına və vəhdət şəklində funksiya göstərməsinə xidmət edən qurumlardır. Sosial institutlar haqqında sosiologiya elminin funksionalizm cərəyanı olduqca dərindən araşdırma aparmış və onların necə və nəyə görə funksiya göstərdikləri gözəl şəkildə təsvir etmişdir. Funksionalizmdən savayı digər sosiologiya məktəbləri də cəmiyyətin nəyə görə və necə müəyyən şəkildə funksiya göstərdiyini müxtəlif prizmalardan açıqlamışlar.
Tarix boyu, əsasən də 20-ci əsrin əvvəllərində, cəmiyyət bir insan orqanizminə bənzədilir və bu şəkildə tədqiq olunurdu. İngilis filosof Herbert Spenser deyib ki, insan bədəni də düzgün və sağlam işləmək üçün gərək onun bütün bədən üzvləri qaydasında işləsin. Ortaya çıxan bir problemi isə bəzən bədənin özü, bəzən də tibbi müdaxilə ilə sağaltmaq olur. Həmçinin, cəmiyyətdə düzgün funksiya göstərmək üçün gərək cəmiyyəti əmələ gətirən bütün hissələr normal formada işləsin. Funktsionalizm nümayəndələri (Talcott Parsons, Anthony Giddens, Robert Bales və s.) Spencerin bu ideyalarını daha da inkişaf etdirərək cəmiyyətin 8 hissədən ibarət olduğunu irəli sürdülər. Bu hissələr dövlət, ailə, iqtisadiyyat, din, media, məhkəmə sistemi, təhsil və səhiyyə sistemidir. Bundan əlavə funktsionalistlər sosial institusiyaların 4 funksiya yerinə yetirdiyini dedilər. Bu funksiyalar adaptasiya, məqsədin müəyyən edilməsi, inteqrasiya və adət ənənələrin nəsildən nəsilə aşılanmasıdır. Adaptasiyanı iqtisadiyyat yerinə yetirir. Adaptasiya dedikdə, ətraf mühitdə və təbiətdə mövcud olan materiallardan və təbii ehtiyatlarından istifadə edərək onlardan lazım olan materialları və əşyaları düzəldib ətraf mühitə uyğunlaşmaq və inkişaf etmək nəzərdə tutulur. Əşyalar və obyektlər istehsal olunandan sonra insanlar arasında bölünür və beləcə insanlar yaşayışlarına davam edirlər. dəyişən ətraf mühitə insanların uyğunlaşması nəzərdə tutulur. Məqsədin müəyyən edilməsi funksiyasını hökumət yerinə yetirir. Hakimiyyətdə olan partiya və yaxud siyasi xadimlər hər sahədə müəyyən hədəflər qoyurlar və yürütdüyü siyasətlə o hədəflərə çatmağı planlaşdırırlar. İnteqrasiyanı qanunlar və məhkəmə yerinə yetirir. İnteqrasiyanın burdakı mənası fərqli institutlar arasında və hətta daxilində olan gərgin münasibətləri, mübahisələri və problemləri qanuni yolla həll etmək deməkdir. Son olaraq, dəyərlərin insanlar arasında yayılması və digər nəsillərə ötürülməsi funksiyasını isə ailə, din, təhsil və media yerinə yetirir. Məsəl üçün, dini institutlar (məscidlər, kilsələr, sinaqoqlar) dini və mənəvi dəyərləri insanlara aşılayır və insanlar da öz növbəsində bunları uşaqlara, gənc nəsilə aşılayaraq o dəyərlərin yaşamasına və uzun ömürlu olmasına səbəb olur. Media isə dəyərləri və adət-ənənəni televiziya və radio proqramları, qəzet və jurnallarda təbliğ edərək onları yayır.