Sorğu metodu

Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir.

Sorğu metodunun özünəməxsusluğu ondan ibarətdir ki, məlumat mənbəyi burada fərdin şifahi məlumatları, mülahizələri kimi çıxış edir.

Keçirilmə üsulu cəhətdən sorğu, bir tərəfdən, müəyyən sualları olan tədqiqatçıdan (o, bu suallara cavablardan onu maraqlandıran məlumatları əldə etməyə ümid bəsləyir), digər tərəfdən isə həmin suallara cavab verməli olan respondentdən ibarətdir.

Tələb olunan məlumatın xarakterinə, onun alınması üsuluna və təfsir olunma tipinə görə sorğu aşağıdakı növlərə bölünür:

1) anket sorğusu,

2) müsahibə,

3) sosiometrik sorğu.

Əsas toplunun əhatə edilməsi dərəcəsinə görə sorğular tam və seçkili olur.

Tam sorğu aparılarkən sorğudan müşahidə vahidlərinin bütün məcmusu keçirilir, yəni rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayına bərabər olur.

Seçkili sorğuda rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayının yalnız müəyyən bir hissəsini təşkil edir.

Keçirildiyi üsula görə anket və ya müsahibə metodlarının tətbiqi ilə aparılan sorğu həm fərdi, bir adama yönəldilə, həm də qrup sorğusu, eyni zamanda bir neçə adamdan ibarət qrupa yönəldilə bilər.

Keçirildiyi formaya görə sorğu şifahi və yazılı ola bilər; birinci halda respondentin cavabları tədqiqatçı tərəfindən, ikinci halda isə respondentin özü tərəfindən qeydə alınır.

Rəyi soruşulanla ünsiyyət üsulundan asılı olaraq tədqiqatçı ilə respondent arasında bilavasitə ünsiyyətin baş verdiyi əyani sorğu və bu cür ünsiyyətin olmadığı qiyabi sorğu mövcuddur. Şifahi, əyani sorğu müsahibə adlanır. Yazılı və qiyabi sorğular isə anket sorğuları adlanır.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.