Sonuncu mogikan (roman)

Sonuncu mogikan (ing. The Last of the Mohicans, 1826) — Ceyms Fenimor Kuper tərəfindən yazılmış tarixi roman.

Sonuncu mogikan
ing. The Last of the Mohicans
Müəllif Ceyms Fenimor Kuper
Janr roman
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili fevral 1824
Əvvəlki Pionerlər
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Amerika tarixinin ən əlamətdar hadisələrinə müraciət edən C.F.Kuper yenidən "Pionerlər" romanının üzərinə qayıdır və "Sonuncu Mogikan" (1826) adlı "Dəri Corab" silsilə romanlarının ikincisini yazır.

Roman haqqında

Amerika hindularının həyatına böyük maraq göstərən C.F.Kuper bu romanda Nataniel Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obrazlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili dostu hindu Çinqaçkukun, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Koranın, mayor Dunkanın və bir sıra başqa qəhrəmanların həyatı və onların başlarına gələn macəralar təsvir olunmuşdur. Natti Bampo igid mogikan dostları — Çinqaçkuk və Unkasla birlikdə Munro bacılarını düşmən quron hindularının (Bic Tülkü) əsirliyindən xilas edir. Doğrudur, bu zaman Unkas və Kora həlak olurlar. Müəllif Unkası sonuncu mogikan adlandırır. Çünki artıq heç kim bu qəbilənin nəslini davam etdirməyəcəkdir. Müəllif bu romanda yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransız müstəmləkəçilərinin mübarizəsini və bu mübarizədə şəxsən iştirak edən Şahingözün başına gələn macəraları xüsusi romantik üslubda, ancaq müəyyən realist təsvirlərlə qələmə almışdır. Bu romanda eyni zamanda müxtəlif hindu qəbilələrinin də öz aralarında apardıqları ölüm-dirim mübarizəsi böyük sənətkarlıqla təsvir edilmişdir.

Kuper bu romanda bir sıra maraqlı romantik qəhrəman obrazları yaratmışdır. Onun təsvir etdiyi obrazlar iki yerə bölünür: mənfi və müsbət qəhrəmanlar. Yazıçı ingilisləri və mogikan hindularını müsbət, fransızları və quron hindularını isə mənfi qəhrəmanlar kimi göstərmişdir.

Ağüzlü adamların (avropalıların) Amerikaya qədəm basması hələ ki, sivil həyat nəticəsində korlanmayan bu Yeni Dünya üçün çoxsaylı faciələrlə nəticələnir. Uzun əsrlər boyu öz qədim milli adət-ənənələrini, əsatirlərini, folklorunu və mədəniyyətini qoruyub saxlayan, daha çox təbiət qüvvələri ilə mübarizə apararaq yaşayan hinduların həyatı təhlükə qarşısında qalır. Bu romanda bir hindu qəbiləsinin (mogikanlar) məhvi və hindulara (burada mogikanlara) xüsusi rəğbət bəsləyən Natti Bamponun həyat tarixçəsi müəyyən rəmzi səciyyə daşıyır. Bu əgər bir tərəfdən hinduların məhvi ilə qədim mədəniyyətlərin məhv olmasına bir işarə idisə, digər tərəfdən Nattinin ailə həyatı qura bilməməsi, bu sahədə bu mərd, igid, cəsur, sözün tam mənasında humanist bir insanın bəxtinin gətirməməsi artıq zəmanənin dəyişdiyindən, yəni, namərd dünyanın başlanmasından xəbər verirdi.

Süjet xətti

Romanın süjet xətti çox sadədir. Amerikanın şimalında ingilis düşərgələrindən birinin rəhbəri polkovnik Munronun iki qızı cəsur mayor Dunkanın müşayiəti ilə atalarının yanına gəlirlər. Onları bu qorxulu yolda hiyləgər quron Bic Tülkü müşayiət edir. Əgər Şahingöz, onun mogikan dostları Çinqaçkuk və Unkas vaxtında onlara rast gəlməsə idilər, bu yolçuların taleyinin necə olacağını söyləmək çətin olardı.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.