Sona Vəliyeva
Vəliyeva Sona Məhəmməd qızı (1962, Noraşen) — filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi.
Sona Vəliyeva | |
---|---|
Vəliyeva Sona Məhəmməd qızı | |
Doğum tarixi | 1962 |
Doğum yeri | |
Həyat yoldaşı | |
Uşağı |
|
Elmi dərəcəsi | |
Mükafatları |
|
Həyatı
Sona Məhəmməd qızı Vəliyeva 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1984-cü ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1984–1994-cü illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumunda müəllimə, 1995–1999-cu illərdə "Səs" qəzetində müxbir vəzifələrində çalışmışdır. 2005-ci ildə jurnalist kimi fəaliyyətinə görə "Tərəqqi" medalına, daha sonra "Əməkdar jurnalist" adına layiq görülmüşdür. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 1999-cu ildən tarixi "Kaspi" qəzetinin təsisçisi və ideya rəhbəridir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktorudur. 2011-ci ildən 2018-ci ilə qədər Milli Televiziya və Radio Şurasının sədr müavini vəzifəsində çalışıb.
Şair kimliyi
Sona Vəliyeva müstəqillik dövrü Azərbaycan poeziyasının dəyərli şairlərindəndir. Şeir yazmağa hələ orta məktəb illərindən başlasa da, ilk kitabı "Çəhrayı rəngli dünyam" 2007-ci ildə nəşr edilmişdir. Daha sonra müəllifin "Arazbarı" (2011) adlı şeirlər kitabı yayımlanmışdır. Hər iki kitab ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmış, haqqında onlarla araşdırma məqalələri yazılmışdır. Sona Vəliyevanın ana dilində sonuncu şeir kitabı "Dünya Tanrı biçimdədir" (2017) adlanır və nəşrdə müəllifin son illərdə yazdığı yeni şeirlər yer alıb. S.Vəliyeva haqqında elmi və publisistik məqalələr "Bitməyən söz" (2017) kitabında toplanmışdır. Sona Vəliyevanın şeir kitabları xarici ölkələrdə də ardıcıl çap olunur: "Arazbarı" (İstanbul, 2015), "Türkün gəlişi" (İstanbul, 2015), "Dualar, sevgilər" (Tehran, 2015), "Arazbarı" (Təbriz, 2015), "Arazbarı" (Kazan, 2016), "Dünya görüş yerimiz" (2016), "Dünya görüş yerimiz" (rus dilində, 2017), "Ağır damlalar" (Tiflis, 2017). Bundan başqa, S.Vəliyevanın şeirləri ingilis, rus, fars, fin, Belarus, özbək, qazax, qırğız, tatar və s. dillərdə, müxtəlif mətbuat orqanlarında yayımlanmış, haqqında onlarla elmi məqalələr, araşdırma yazıları qələmə alınmışdır.
Azərbaycan mətbuatında rolu
Sona Vəliyeva ölkə həyatında baş verən hadisələrə, həmçinin dəyərli ədəbi, elmi mətnlərə xüsusi münasibəti ilə seçilən qələm adamlarından biridir. "Səs" qəzetindəki fəal jurnalistik fəaliyyəti, habelə Azərbaycan və rus dilində nəşr edilən, təsisçisi olduğu "Kaspi" qəzetindəki məqalələri, "525-ci qəzet" və "Ədəbiyyat qəzeti"ndəki müsahibələri, elmi və publisistik yazıları daim oxucular tərəfindən rəğbət qazanmışdır. S.Vəliyevanın publisistik yazıları "Zaman xəbərsiz ötdü" (2012) və "Ruhun yaddaşı" (2017) kitablarında cəm olmuşdur. Habelə həmin kitablardan müxtəlif yazılar əcnəbi dillərə tərcümə olunaraq nəşr edilmişdir. Bu sahədəki yorulmaz fəaliyyəti Azərbaycan dövləti, cənab Prezident İlham Əliyev tərəfindən qiymətləndirilmiş və S.Vəliyeva Azərbaycan Respublikasının Əməkdar jurnalisti adına layiq görülmüşdür. Sona Vəliyevanın mətbuat tarixi və medianın problemləri haqqında yazdığı onlarla araşdırma məqaləsi dərc olunmuş və publisistik kitablarında yer almışdır.
Müasir "Kaspi"
S.Vəliyeva 1881-ci ildə işıq üzü görmüş "Kaspi" qəzetini 1999-cu ildə yenidən təsis edib, onun ideya rəhbəri olduğu tarixi ənənələrə söykənən bu qəzet Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin formalaşması baxımından əhəmiyyətli rol oynayıb. "Kaspi" qəzeti uzun illərdir iki dildə – Azərbaycan və rus dillərində yayımlanır. 2017-ci ildə Murmansk vilayətində yaşayan soydaşlarımız üçün "Kaspi" qəzeti Rusiyada çap olundu. Qəzetin bu şəkildə yayımı tarixi "Kaspi"nin ideoloji missiyası kimi dəyərləndirilir. "Kaspi" qəzetinin saytı Azərbaycan, ingilis və rus dillərində yayımlanır. Qəzetin həftəlik "Ədəbiyyat", "Teatr", "Gənclik" kimi əlavələri və artkaspi.az adlı mədəniyyət və ədəbiyyat saytı da fəaliyyət göstərir.
Yazıçılıq fəaliyyəti
Sona Vəliyeva 2016-cı ildə "İşığa gedən yol" adlı tarixi roman yazmışdır. Roman Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin həyat və yaradıcılığından bəhs edir. Əsər xarici ölkələrdə rus, fars, ərəb və Türkiyə türkcəsində çap olunmuşdur. Azərbaycanda çap olunan gündən diqqət çəkən, oxucular tərəfindən rəğbətlə qarşılanan, ədəbi elitanın, söz və fikir adamlarının diqqətini çəkmiş bu roman haqqında onlarla elmi məqalə, araşdırma və rəylər qələmə alınmışdır. "İşığa gedən yol" romanı 2016-cı ildə Mətbuat Şurasının Ali Media Mükafatına (1-ci dərəcəli) layiq görülmüşdür. Bu əsər 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" mükafatının "Ən yaxşı roman" nominasiyasının qalibi olmuşdur.
Elmi fəaliyyət
Sona Vəliyeva elmi fəaliyyəti ilə də seçilən şəxsiyyətlərdəndir. Onun "Azərbaycançılıq ədəbi-estetik təlim kimi" (2002) və "Milli Dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə azərbaycançılıq ideologiyası" (2003) kitabları dövlətçilik tarixinin mədəniyyət və ədəbiyyatdakı milli ideologiyanın şərhi baxımından olduqca əhəmiyyətli və aktual araşdırmalardır. Ölkə ictimaiyyəti və elm adamları tərəfindən təqdir olunan bu elmi əsərlər bu gün Azərbaycanda və qonşu ölkələrdə yaxın və oxşar mövzularda tədqiqat işi aparanların əsas istinad mənbələrindən sayılır. S.Vəliyevanın növbəti mərhələdə (elmlər doktoru) elmi işi Hüseyn Cavid yaradıcılığına həsr olunmuşdur. "Hüseyn Cavidin poetikası" adlanan elmi işdə ədibin yaradıcılığı indiyə qədər araşdırılmamış yöndən tədqiqata cəlb olunur. Tədqiqatçı S.Vəliyevanın bu istiqamətdə araşdırma yazıları, məqalələri Azərbaycanda və xarici ölkələrin elmi jurnallarında ardıcıl yayımlanmışdır.
Hüseyn Cavid irsinin təbliği
Sona Vəliyeva Hüseyn Cavid irsinin araşdırılması, tədrisi və dünyada təbliği istiqamətində ciddi, yaşarı işlər görmüşdür. Onun təşəbbüsü nəticəsində "Hüseyn Cavid. Əsərləri" kitabı Türkiyə türkcəsinə uyğunlaşdırılaraq qardaş ölkədə nəşr edilmişdir. Bu nəşr üç il İstanbul Kitab sərgisində nümayiş etdirilmiş və ən çox oxucu marağına səbəb olan nəşrlərdən biri kimi yadda qalmışdır. Ulu öndər Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən vətənimizə qaytarılması ilə bağlı S.Vəliyevanın təşəbbüsü ilə "Hüseyn Cavid. Vətənə qayıdış" (2014) yazı müsabiqəsi keçirilmiş, toplanan əsərlər onun redaktorluğu ilə nəşrə hazırlanmışdır. Məhz bu müstəsna nəşr sayəsində Ulu öndərin tarixi göstərişi ilk dəfə söz və qələm adamları tərəfindən bu miqyasda şərh olunmuşdur. Daha sonra S.Vəliyevanın rəhbəri olduğu "Kaspi nəşrləri" seriyasından "Hüseyn Cavid. Vətənə qayıdış" foto-albomu işıq üzü görmüşdür. Bu nəşrdə H.Cavidin cənazəsinin qalıqlarının vətənə qaytarılması, həyat və yaradıcılığının ayrı-ayrı dönəmlərini əks etdirən nadir fotolar, eləcə də H.Cavid irsinin təbliği mövzusunda İstanbul, Ankara, Kipr Universitetlərində, Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən elmi konfranslardan foto və materiallar yer almışdır. Yüksək poliqrafik icrası ilə seçilən bu nəşr Cavidşünaslıq tarixində sənədlər, faktlar, fotolar baxımından ən seçilən kitablardan biri sayılır və son illərdə tədqiqatçıların ən çox yararlandıqları mənbələr sırasındadır.
Hüseyn Cavid irsinin Türkiyədə təbliği istiqamətində S.Vəliyevanın xidmətləri danılmazdır. Anadolu Dövlət Universitetində "Hüseyn Cavid. Əsərləri" (21 iyun, 2014) və İstanbul Universitetində (eyni adlı kitab, 15 noyabr 2013) kitabının təqdimatı və ədibin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslarda S.Vəliyeva məruzə oxumuş, görkəmli dramaturqun yaradıcılığı barədə yeni və fərqli yöndən fikirlər söyləmişdir.
Bununla yanaşı, S.Vəliyevanın nəşr məsləhətçisi olduğu Hüseyn Cavidin əsərləri fars dilində İranda nəşr olunub. "Avayi-münci" nəşriyyatında çap olunan kitablar "Şeyx Sənan" (Qum, 2015) və "Hüseyn Cavid xəzinəsindən" ("Peyğəmbər", "Maral", "Şeyx Sənan", Qum, 2016) iranlı oxucuların ixtiyarına verilmişdir.
"Kaspi nəşrləri"
S.Vəliyeva "Kaspi nəşrləri" adlı kitab seriyası təsis etmişdir. Seriyadan indiyə qədər (müxtəlif ölkələrdə bir neçə dildə) onlarla nəşr işıq üzü görmüşdür. Bu seriyadan nəşr olunan kitabların bəziləri universitetlərdə dərslik kimi istifadə edilir. Yuxarıda sadalanan nəşrlərdən başqa bu seçilən kitablar da həmin seriyadan işıq üzü görmüşdür: "Mən jurnalistləri vətənpərvərliyə çağırıram" (2010), "135 illik yol" (2010), "Kaspi" qəzetinin yaranması və fəaliyyəti" (2011), "Mübariz yol" (məqalələr toplusu, 2011), "Üç əsrin qəzeti" (Azərbaycan və ingilis dilində), "Hüseyn Cavid. Vətənə qayıdış" (fotoalbom, 2014), "Hüseyn Cavid. Vətənə qayıdış" (2014) (məqalələr toplusu), "Hüseyn Cavid. Əsərləri" (Türkiyə, 2013), "Kaspi – maarifçilik meydanı" (2017), "Hüseyn Cavid – 135" (şeirlər toplusu, 2017).
Təhsil sahəsindəki fəaliyyəti
Sona Vəliyeva Azərbaycanda təhsil quruculuğu sahəsində uğurlu təhsil işçisi kimi tanınır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil ideologiyasının reallaşması üçün S.Vəliyeva konseptual fəaliyyətlə məşğuldur. Onun təsis etdiyi "Kaspi Təhsil Şirkəti" və "Kaspi liseyləri" milli təhsilin özünəməxsus metodlarla inkişafına layiqli töhfələr vermiş, bilgin, intellektual gəncliyin yetişməsində müstəsna rol oynamışdır.
Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin fəaliyyətindən bəhs edən "İşığa gedən yol" (2016) romanının müəllifidir.[1][2]
Ailəlidir. İki övladı var.
Həmçinin bax
- Əli Həsənovun həyat yoldaşıdır.
İstinadlar
- CBC. ""İşığa gedən yol" kitabı Həsən bəy Zərdabiyə həsr olunub" (az.). Youtube.com. 23.09.2016. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-24.
- Lider TV. "Səda - "İşığa gedən yol" kitabı təqdim olundu" (az.). Youtube.com. 23.09.2016. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-24.