Soltan Dadaşov

Soltan Baba oğlu Dadaşov (27 may 1906, Bakı7 sentyabr 1969, Bakı) — Azərbaycan rejissoru, Azərbaycan SSR xalq artisti (1958).

Soltan Dadaşov
Soltan Baba oğlu Dadaşov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti rejissor
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1958 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940
"Qırmızı əmək bayrağı" ordeni  — 1959

Həyatı

Soltan Baba oğlu Dadaşov 1906-cı il mayın 27-də Bakıda doğulub. Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasət və diribaşlığına, oxumağa həvəsli olmasına görə atası onu türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da realnı məktəbə keçib. Oxuduğu məktəblərdə keçirilən müsamirələrdə, bayram şənliklərində təsnif və el nəğmələri oxuyurdu. Erkən gənclik illərindən klassik şairlərdən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini dərindən mənimsəmişdi. Bəlağətli əruzun əlvan və mürəkkəb vəznlərini dərindən bilən qiraət xiridarı kimi tamaşaçı-dinləyicilərin rəğbətini qazanmışdı. Düşüncə tərzinə, idrak və təfəkkürünə görə həmyaşıdlarından irəli gedən Soltan Dadaşov məktəbdə dram dərnəyi yaratmışdı. O, şagird dostları ilə Mirzə Fətəli Axundzadənin komediyalarından, Nəcəf bəy Vəzirovun məsxərələrindən, Haşım bəy Vəzirovun məzhəkə və vodevillərindən parçalar seçib tamaşalar hazırlayırdı. Özü bu səhnələrdə həvəskar aktyor-ifaçı kimi də çıxış edirdi.

1920-1921-ci illərdə Soltan Dadaşov Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinin fəallarından olub. Sovet hökumətinin təşkil etdiyi təbliğat və təşviqat briqadalarının fəal üzvü kimi Azərbaycanın rayonlarında aktyor, müğənni kimi çıxışlar edib. 1923-cü ildə milli səhnə mədəniyyətimizi peşəkar ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakı Teatr Məktəbi (Texnikumu) açılıb. Soltan Dadaşov həmin məktəbin ilk məzunlarından olub və 1924-cü ildə həmçinin Milli Dram Teatrının yardım heyətində aktyorluq edib. Texnikumda oxuduğu illərdə teatrın səhnəsində tamaşaya qoyulmuş bir sıra əsərlərdə epizod rollar oynayıb. Fərasətli tələbə olduğuna, Bakı Teatr Məktəbini əla qiymətlərlə bitirdiyinə, rus dilində sərbəst danışdığına, həssas musiqi duyumuna və Milli Dram Teatrının səhnəsindəki sərbəst yaradıcılıq cəhdlərinə görə və ən əsası, sənət müəllimi Aleksandr Tuqanovun zəmanəti ilə Azərbaycan Respublikasının Xalq Maarif komissarlığı (XMK) 1927-ci ildə Soltan Dadaşovu Moskvada təhsilini davam etdirməyə göndərib. Mərkəzi Teatr Texnikumunda dörd il təhsil alan Soltan Dadaşov 1931-ci ildə Bakıya musiqili teatr rejissoru ixtisası ilə qayıdıb. O, Moskvada Aleksey Popov, Boris Zaxava, Andrey Petrovski, Boris Suşkeviç kimi məşhur pedaqoqlardan sənət ixtisası dərsi almış, rejissuranın estetik və fəlsəfi əsaslarına bacarıqla yiyələnmişdi.

Opera teatrının quruluşçu rejissoru

Təhsilini bitirib təyinatla Azərbaycan Xalq Maarif komissarlığının sərəncamına göndərilən Soltan Dadaşov opera teatrına quruluşçu rejissor təyin olunub. O, opera teatrında çalışan ilk peşəkar təhsil almış rejissor idi və buna görə də elə ilk işindən onun quruluşları əzəmətli vüsətinə, zəngin koloritinə və tamaşaların səhnə həllinin bəstəkarların partiturası ilə uyğun gəlməsinə görə seçilirdi.

Soltan milli muğam operalarımızı monumental səpkidə hazırlamağa cəhd göstərən və bu sahədə dəyərli nailiyyətlər qazanan, bugünədək davam edən ənənənin təməlini qoyan cəsarətli, yaradıcı və novator rejissor idi. Hansısa klassik operanın əsas partiyalarını azərbaycanca oxuyan vokal ustalarını təkidlə aktyorluq sənətinin incəliklərinə yiyələnməyə, obrazın psixoloji-estetik, sosial-fəlsəfi mahiyyətini ifadəli cizgilərlə tamaşaçılara çatdırmağa təhrik edən ilk milli opera rejissoru da məhz Soltan Dadaşov olub. Soltan Dadaşov Opera və Balet Teatrında otuz səkkiz illik rejissorluğu dövründə Üzeyir bəy Hacıbəyovun “O olmasın, bu olsun” (“Məşədi Ibad”), “Arşın mal alan”, “Leyli və Məcnun” (bir neçə quruluşda), “Cəbhə və vətən”, “Əsli və Kərəm”, Müslüm Maqomayevin “Nərgiz”, “Şah Ismayıl” (bir neçə quruluşda), Zülfüqar bəy Hacıbəyovun “Aşıq Qərib” (iki quruluşda), Cüzeppe Verdinin “Riqoletto”, “Traviata”, Soltan Hacıbəyovun “Gülşən” (balet), Ibrahimov Məmmədovun “Tülkü və Alabaş”, Rujero Leonkovallonun “Məzhəkəçilər” əsərlərinin quruluşçu rejissoru olmuşdur.

Aşqabad Dövlət Azərbaycan Teatrı “dram və opera teatrı” adı ilə fəaliyyət göstərdiyi vaxtlarda Soltan Dadaşov həmin kollektivdə tamaşa hazırlamağa dəvət edilib. Rejissor 1937-ci ilin dekabrında Aşqabad teatrında Müslüm Maqomayevin “Şah Ismayıl” operasının məşqlərinə başlamışdır. Operanın premyerası 1938-ci il yanvar ayının 16-da göstərilmiş və təntənəli keçən tamaşa sənət ocağının yaradıcılığında hadisə kimi qiymətləndirilmişdir. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və Incəsənəti Dekadasında (ongünlüyündə) “Arşın mal alan” operettasının böyük uğurundan sonra Bakıda müstəqil Musiqili komediya Teatrı yaratmaq barədə Dövlətin qərarı oldu. Teatrın ilk işi kimi Zülfüqar bəy Hacıbəyovun “Evliykən subay” operettası seçildi. Operettanın rejissorluğu Soltan Dadaşova tapşırıldı və əsərin ilk tamaşası 30 may 1938-ci ildə “Rote Fane” parkının (Indiki “Nizami” parki) möhtəşəm yay salonunda göstərildi. Quruluşçu rejissor tamaşada əsas rolları Məmmədli Vəlixanlıya (Kərbəlayı Hacı), Münəvvər Kələntərliyə (Pərzad), Əhməd Qəmərliyə (Xosrov bəy), Ibrahim Şünasiyə (Məşədi Səfi), Heydər Məlikova (Muxtar bəy) tapşırmışdı. Soltan Dadaşov 1941-ci il may ayının 21-də Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında monumental, etno-mədəni xalq mərasim oyun-tamaşasını tamaşaçılara təqdim etdi. Filarmoniyada göstərilən bu tamaşa milli musiqi folkloru xəzinəmizin poetik vüsətini, etnogenezislə bağlı estetikpsixoloji məziyyətlərini böyük ustalıqla səhnədə təcəssüm etdirə bilmişdi. 1945-ci ildə Bakıda ilk dəfə Dövlət səviyyəsində Azərbaycan sirki təşkil olunanda rejissorluq işi Soltan Dadaşova tapşırıldı. Onun rejissorluğu, proqramlara milli “zorxana”, “qaravəlli”, “hoqqa” oyun estetikalarının prinsip və formalarını cəsarətlə gətirməsi ilə sirk kollektivi Moskvada, Peterburqda, Minskdə, Riqada, Vilnüsdə, Tallində çıxışlar edib.

Sirk səhnəsi üçün “Novruz” proqramı

1967-ci ildə Soltan Dadaşov sirk proqramında milli folklorumuzun bütün estetik gözəlliklərini, etno-mədəni tariximizin oyun-tamaşa səciyyələrini təcəssüm etdirən xüsusi “Novruz” proqramı hazırlayıb. Opera və Balet Teatrında işləyən Soltan Dadaşov 1949-cu ildə bağlanmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorlarını, əsasən Filarmoniyanın estradasında çalışan sənətçilərini bir yerə cəm edib. 1954-cü ildə dövlət sözü yazılmadan Azərbaycan Musiqili Komediya Teatrı kimi truppanın fəaliyyətinə nail olub. “Arşın mal alan”, “Məşədi Ibad”, dramaturq Məhərrəm Əlizadənin və bəstəkar Ağası Məşədibəyovun “Toy kimindir?”, dramaturq Süleyman Rüstəmin və bəstəkar Səid Rüstəmovun “Durna” operettalarını burada tamaşaya hazırlayıb. Məhz bu kollektivin güclü bazasında truppa 1956-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi fəaliyyətə başlayıb və bugünədək yaradıcılığını davam etdirməkdədir. Soltan Dadaşovun rejissor üslubunun novatorluq xüsusiyyətləri, məzmun və forma həllində milli xalq oyunlarından bəhrələnmə cəhdləri Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin də diqqətini cəlb etmişdi. Iyirmi yaşına çatanda Kamal sənətkar kimi qəbul olunan Soltan Dadaşovun rejissorluğu ilə 1933-1936-cı illər ərzində GTT-də Qriqori Kornellinin “Qaçaq Səməd”, Zəfər Nemətovla Əli Həsənovun “Qaralar Ölkəsində”, Əli Həsənovla Əliməmməd Atayevin “Sürət”, “Çelyuskinçilər”, Mirmehdi Seyidzadənin “Nərgiz” əsərləri tamaşaya qoyulmuşdur. Onun rejissorluğu ilə Dağıstan Muxtar Respublikasındakı Süleyman Stalski adına Ləzgi Dövlət Dram Teatrında M.Xurişlova ilə M.Çistyakovanın “Şahid Sulak” (1960) pyesi tamaşaya hazırlanıb. Soltan Dadaşovun yazdığı, Mirzə Ələkbər Sabirin yaradıcılığının bədii məziyyətlərini, kəskin satirasının ictimai mahiyyətini təcəssüm etdirən “Keçmişin məişət səhnələri” librettosuna Vasif Adıgözəlov musiqili komediya bəstələyib. Həmin əsər 27 may 1962-ci ildə rejissor Əliheydər Ələkbərovun quruluşunda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulub. 1934-cü ildən pedaqoji fəaliyyətlə də məşğul olan Soltan Dadaşov uzun illər Azərbaycan Dövlət Teatr Institutunda aktyor və rejissor sənətindən dərs deyib. Milli opera teatrı tarixini, onun görkəmli sənətkarlarının yaradıcılıq yolunu dərindən bilən Soltan Dadaşov “Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrı” kitabının, xalq artisti Hüseynağa Hacıbababəyov barədə monoqrafiyanın müəllifidir. Azərbaycan estradasında rejissorluq etmiş, Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı üçün rəngarəng proqram kompozisiyaları hazırlamışdır. Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə və rejissorluq sənətində qazandığı ciddi nailiyyətlərə görə Soltan Dadaşov 23 aprel 1940-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi və 26 aprel 1958-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Sənətkar 7 sentyabr 1969-cu ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.