Solmaz İsrafilbəyli

İsrafilbəyli Solmaz Hüseyn qızı (13 mart 1928, Bakı11 yanvar 2024[1]) — tibb elmləri doktoru (1974), professor (1979), əməkdar elm xadimi (1987).

Solmaz İsrafilbəyli
İsrafilbəyli Solmaz Hüseyn qızı
Doğum tarixi 13 mart 1928(1928-03-13)
Doğum yeri
Vəfat tarixi 11 yanvar 2024(2024-01-11)[1] (95 yaşında)
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1987
"Şöhrət" ordeni  — 2000

Həyatı

Solmaz Hüseyn qızı İsrafilbəyli 1928-i ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir

Solmaz İsrafilbəyli həkim kimi ilk əmək fəaliyyətinə Xızı rayonunda başladı və 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun bazasında "mamalıq və ginekologiya" ixtisası üzrə aspiranturaya daxil oldu. Solmaz xanım şəxsi söhbətlərində bir qayda olaraq, o dövrün görkəmli həkimlərindən və tibb alim-lərindən F. N. İlyinlə, M. K. Mahmudbəyova ilə, M. M. Hacıqasımovla, A. A. Atayevlə birgə çalışdığı və onların zəngin təcrübəsindən bəhrələndiyi haqda həvəslə danışır. Onun professor F. N. İlyinin rəhbərliyi ilə işləyib, 1960-cı ildə müdafiə etdiyi "Nisbi göstərişlər əsasında aparılan Sezar kəsiyi əməliyyatı məsələsinə dair" mövzusunda namizədlik dissertasiyasının müddəaları bütün sonrakı elmi-pedaqoji fəaliyyətinin əsas motivini təşkil etmişdir. Çünki o vaxtdan onilliklər keçsə də, bu mövzu aktuallığını itirməmişdir. Solmaz xanım bütün ömrü boyu dünyaya insan gəlişinin – doğuşun təbii yolla başa çatdırılmasının qızğın tərəfdarı olmuş, özü nümunəvi bir cərrah – mama-ginekoloq olmasına baxmayaraq, həmkarlarından Sezar kəsiyi əməliyyatına yalnız hamilə qadının və doğulacaq körpənin həyatına təhlükə ola biləcəyi hallarda əl atmağı tələb etmişdir.

Solmaz İsrafilbəyli 1960-cı ildən başlayaraq, Ə. Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda işləmişdir. Burada o, əvvəl assistent vəzifəsində işləmiş, 1967-ci ildə dosent vəzifəsinə seçilmişdir və 1968-ci ildə ona adı çəkilən institutun "Mamalıq və ginekologiya" kafedrasının müdiri vəzifəsi həvalə edilmişdir. O, institutda təkmilləşdirmə kursu keçən kursantlara mamalıq və ginekologiyanın sirrlərini öyrətməklə bərabər, elmi-tədqiqat işlərini davam etdirirdi və uzun illər ərzində apardığı tədqiqatın nəticəsi olaraq, 1974-cü ildə "Müxtəlif yaş dövründə olan qadınlarda endemik ur xəstəliyinin yumurtalıqların funksiyasına təsiri" mövzusunda doktorluq dissertasiyası üzərindəki işini başa çatdıraraq, müdafiə etdi, 1978-ci ildə isə ona professor elmi adı verildi.

Solmaz xanımın doktorluq dissertasiya işi Azərbaycanda geniş yayılmış endemik ur xəstəliyinin profilaktikasının reproduktiv funksiyaya müsbət təsirini aşkara çıxarmış və ölkəmizin bu xəstəlik üçün endemik olan rayonlarında əhalinin istifadə etdiyi xörək duzunun yodlaşdırılmasının nə dərəcədə əhəmiyyətli olduğunu bir daha sübut etmişdir.

Solmaz xanım Ə. Əliyev ad. Az. DHTİ-nin mamalıq və ginekologiya kafedrasına 2012-ci ilə qədər rəhbərlik etmiş və bundan sonrakı illərdə də elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir.

Solmaz İsrafilbəyli Həkimləri Təkmilləşdirmə İnstitutunun kursantlarına mühazirələr oxumuş, onlara mamalıq və ginekologiyanın incəliklərini öyrətmiş, müalicə işi aparmış, respublikanın müxtəlif rayonlarına ezamiyyətə gedərək, praktik həkimlərə məsləhətlər vermiş və elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. O, indiyə qədər çapdan çıxmış 180-ə yaxın elmi işin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. İndiyə qədər Solmaz xanımın rəhbərliyi altında 13 namizədlik (tibb üzrə fəlsəfə doktorluğu) və 3 doktorluq dissertasiyası işlənilərək müdafiə edilmişdir.

Solmaz xanım 1974-cü ildə Azərbaycan Mama və Ginekoloqlarının Elmi Cəmiyyətinin sədri vəzifəsinə seçilmiş, 1982–1989-cu illərdə Respublika Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu vəzifəsini yerinə yetirmişdir. 1987-ci ildə ona tibb elminin və səhiyyənin inkişafında rolu nəzərə alınaraq, Respublikanın Əməkdar Elm Xadimi fəxri adı verilmişdir və nəhayət 2000-ci ilin noyabr ayının 2-də Solmaz xanım "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1949). 1968-ci ildən Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun mama-ginekologiya kafedrasının müdiridir. 1982–89-cu illərdə Azərbaycan Respublikasının Baş ginekoloqu, 1974-cü ildən Respublika Mama-Ginekoloqlar cəmiyyətinin sədri olmuşdur. 165 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.[2]

11 yanvar 2024-cü il tarixində vəfat etmişdir.[3]

İstinadlar

  1. https://konkret.az/solmaz-israfilbeyli-vefat-etdi/.
  2. "Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı". 2022-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-26.
  3. "TƏCİLİ! Solmaz İsrafilbəyli vəfat etdi". KONKRET (az.). 2024-01-11. İstifadə tarixi: 2024-01-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.