Sol Bellou
Sol Bellou (ing. Saul Bellow; 10 iyun 1915[1][2][…] – 5 aprel 2005[1][2][…]) — Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1976).
Sol Bellou | |
---|---|
ing. Saul Bellow | |
Doğum adı | Solomon Bellows |
Doğum tarixi | 10 iyun 1915[1][2][…] |
Vəfat tarixi | 5 aprel 2005[1][2][…] (89 yaşında) |
Vətəndaşlığı | |
Həyat yoldaşları |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, roman yazıçısı, universitet müəllimi[d], esseist, müəllif |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əsl adı və soyadı Solomon Belous olan Sol Bellou Kanada doğumlu amerikan yazıçısıdır. O, Peterburqdan Kanadaya köçmüş yəhudi mühacirlərin ailəsində dünyaya gəlmişdi. Özünün etirafına görə uşaqlıq illəri "bir az xaric, bir az polyak gettosu, bir az da orta əsr" kimi keçmişdi. Ticarətlə məşğul olan atası ilə dindar anası onu sırf yəhudi ənənələri ruhunda tərbiyə etmişdilər. Kiçik yaşlarından dörd xarici dildə danışır, rus və ingilis klassikasını oxuyurdu.
Yazıçı olmağa qərar verən Sol Bellou 1933-cü ildə Çikaqo universitetinin ingilis filologiyası bölümündə təhsilə başlamışdı. Lakin üzləşdiyi antisemitizm onu Nort-Vestern universitetinin sosiologiya və antropologiya şöbəsinə dəyişilməyə məcbur etmişdi. Antropologiya bakalavrı diplomu ilə Çikaqoya qayıtdıqdan sonra pedaqoji institutda müəllim, "Britannika" ensiklopediyasında redaktor işləmişdi. 1941-ci ildə ABŞ vətəndaşlığını qəbul etmişdi.
Bu dövrdə Sol Bellou Trotski və trotskizmlə ciddi maraqlanırdı. Dostları vasitəsi ilə hətta Meksikada yaşayan Trotskidən görüş vaxtı almışdı. Lakin onun Mexikoya gəldiyi gün Stalinin bir nömrəli rəqibinin sovet kəşfiyyatının əli ilə aradan götürüldüyü məlum olmuşdu.
Sol Bellounun ilk böyük həcmli əsəri — "Yerlə göy arasındakı insan" (1944) romanı gündəliklər şəklində yazılmışdı. Burada hərbi xidmətə çağırış vərəqəsi gözləyən və həyata, müstəqil yaşayışa heç bir hazırlığı olmayan gəncin daxili dünyası psixoloji çalarlarla təsvir olunmuşdu.
Quttenheym fondunun təqaüdü Sol Bellouya 1948–1949-cu illərdə Romada və Parisdə yaşamağa, "Oqi Marçın macəraları" romanını tamamlamağa imkan yaratmışdı. Müəllif bu uğurlu əsərə görə ədəbiyyat sahəsində Milli mükafata layiq görülmüşdü. Eyni zamanda "İlin kitabı" nominasiyasının qalibi olmuşdu. Bellou ilk diqqətəlayiq romanında sonrakı əsərləri üçün də səciyyəvi olan bir sıra poetik-üslubi yeniliklər tətbiq etmiş, yaradıcı dəsti-xəttini təkmilləşdirməyə nail olmuşdu.
50-ci illərdə Bellou bir müddət Prinston universitetində ingilis ədəbiyyatını tədris etmişdi. Lakin getdikcə siyasiləşən, maliyyə qurumlarından asılı vəziyyətə düşən Nyu-York ədəbi mühitindən xoşlanmadığından yenidən Çikaqoya qayıtmışdı. 1962-ci ildən həyatının sonuna qədər yazıçı "həqiqi Amerika" adlandırdığı bu şəhərdə yaşamışdı. Çikaqoda bitirdiyi "Hersoq" (1964) romanına görə Sol Bellou Amerika qitəsindəki həmkarları arasında Fransa Akademiyasının mükafatını qazanan ilk yazıçı olmuşdu.
Romanın qəhrəmanı professor Moses Hersoq get-gedə insanlara, cəmiyyət həyatına yadlaşdığını hiss edir və bütün vasitələrlə bunun qarşısını almağa çalışır. Lakin onun tənhalıqla mübarizəsi məğlubiyyətlə başa çatır. Bu sadə süjet arxasında Sol Bellou həqiqətən də Qərb və Amerika ziyalılarını düşündürən ciddi bir problemə toxunmuşdu. "Hersoq" həm də ona ABŞ-nin ikinci milli mükafatını qazandırmışdı. Bellounun əsəri ikinci dəfə ABŞ-də "İlin kitabı" elan olunmuşdu.
İntellektual mühitin problem və mənəvi axtarışlarından bəhs edən başqa bir əsərində — "Humboldtun töhfəsi" (1975) romanında müəllif "Hersoq"da başlatdığı mövzunu daha dərin təhlil və inandırıcı müşahidələrlə davam etdirmişdi. Ümumiyyətlə, ziyalının cəmiyyətdəki mövqeyi və mənəvi nüfuzu məsələsi daim Bellounun diqqət mərkəzində dayanan mövzulardan idi. Bu əsər də mükafatsız qalmamış, yazıçı 1976-cı ilin Pulitser laureatı olmuşdu.
Sol Bellou çağdaş amerikan ədəbiyyatında təkcə romanlar müəllifi kimi tanınmamışdı. 1964-cü ildə Brodveydə onun dramaturgiyada debütü sayılan "Sonuncu təhlillər" pyesi tamaşaya qoyulmuşdu. Nəhayət, Bellou ilin ən yaxşı kitabına görə üç dəfə ABŞ Milli mükafatını alan yeganə amerikan yazıçısıdır. "Cənab Sammlerin planeti" (1971) romanı ilə o, üçqat laureata çevrilmişdi.
Göründüyü kimi, əsərlərinin miqyası, əhatə dairəsi və cəmiyyətə təsiri baxımından Sol Bellou inadla Nobelə doğru irəliləyirdi. Yazıçının bu niyyəti 1976-cı ildə reallaşdı. Həmin il İsveç Akademiyası "yaradıcılığında biri-biri ilə sıx çulğalaşan humanizm və müasir mədəniyyətin dərin təhlilinə görə" yəhudi əsilli amerikan yazıçısını ilin Nobel laureatı elan etdi. Yeni laureat saat yarımlıq Nobel mühazirəsində yalnız ədəbiyyatın problemlərindən danışmışdı.
Bir sıra opponentlər Sol Bellounun məhz 1976-cı ildə Nobel mükafatı almasını siyasi qərar sayır, İsveç Akademiyasının ABŞ-nın yaranmasının 200 illik yubileyinə (1776–1976) töhfəsi kimi qiymətləndirirlər.
1976-cı ildə Sol Bellounun İsrailə səfər təəssüratlarını əks etdirən "Yerusəlimə və geriyə" kitabı çap olunmuşdu. Digər əsərlərindəki kiimi bu kitabında da Bellou yəhudi ideyasının qızğın tərəfdarı kimi çıxış etmişdi. Onun bir sıra hallarda özünü "amerika yazıçısı" yox, "yəhudi yazıçısı" adlandırması faktı da bəllidir. Müəllifin bu əsəri İsraildə də müəyyən mübahisələr doğurmuşdu.
Dövrün dəbdə olan intellektualı kimi Sol Bellou bir çox məşhur ictimai-siyasi xadimlərlə, dövlət adamları ilə sıx təmaslara malik idi. O, bohema həyatı keçirirdi. Yazıçı rəsmən beş dəfə evlənmişdi. Soyadlarından da aydın göründüyü kimi xanımlarının ikisi erməni əsilli olmuşdular.
Bir çox yüksək mükafatlar almasına baxmayaraq, Sol Bellounun yaradıcılığını məşhur müasirlərinin heç də hamısı qəbul etmirdi. Məsələn, Rusiyadan olan mühacir yazıçı və keçmiş Nobel iddiaçısı V.Nabokov onu açıq şəkildə "ortabab cızmaqaraçı" adlandırmışdı.
Sol Bellou 5 aprel 2005-ci ildə ABŞ-nin Massaçusets ştatının Bruklayn şəhərində vəfat etmişdir.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Saul Bellow // Encyclopædia Britannica (ing.).
- https://www.nytimes.com/books/00/04/23/specials/bellow.html.
- http://www.nytimes.com/2001/12/09/books/actions-speak-only-as-loud-as-words.html.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.