Siyasət
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir
Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir.[1]
"Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir. Siyasət sözünü müasir zamanda cəmiyyət daxilində aparılan məqsədyönlü bir iş kimi başa düşmək olar.
Politologiya elmində "siyasət" termini siyasi və dövlət hakimiyyəti uğrunda mübarizə kimi qəbul edilir.
Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlar və siyasi ideologiya vasitələri ilə həyata keçirilir.
- Birinci tərəf böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən münasibətləri ifadə edir.
- İkinci tərəf vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatları əhatə edir.
- Üçüncü tərəf insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur.
Siyasətin məqsədi
Siyasətin məqsədi müəyyən sosial təbəqələr və siniflər üçün, habelə bütövlükdə cəmiyyət üçün məqbul hesab edilən hakimiyyəti həyata keçirməyin, şaraiti və üsullarıni yaratmaqdır.
Siyasəti bir sıra elmlər (politologiya, siyasi sosiologiya, siyasi psixologiya və s) öyrənir. O fəlsəfənin də obyektini təşkil edir. Belə ki, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onlarin qarşılıqlı təsirini araşdırır.
Siyasi fəaliyyət
Siyasətin əsasını insanların siyasi fəaliyyəti və bu prosesdə qərarlaşan əlaqələr təşkil edir. O cəmiyyətdəki müxtəlif sosial qüvvələrin siyasi hakimiyyətə münasibəti üzrə olan fəaliyyətini idarə edir. Səciyyəvi cəhət budur ki, siyasi fəaliyyətdə hər bir sosial qrup özünün sosial mənafelərini reallaşdırmağa çalışır.
Siyasi fəaliyyət prosesində siyasi münasibətlər və əlaqələr formalaşır. Bu fəaliyyət prosesində siyasi təşkilatlar, partiyalar meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır. Ümumilikdə siyasət dedikdə ictimai həyatın müxtəlif sferalarının dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelik münasibətlərini bərqərar etmək vasitəsilə idarə olunması başa düşülür. Spesifik fəaliyyət sahəsi olan siyasətin məzmununa dövlət işlərində, onun istiqamətlərinin müəyyən olunmasında, habelə dövlətin fəaliyyətinin mahiyyətinin, formaları və vəzifələrinin aşkar edilməsində iştirak daxildir.
Həmçinin bax
İstinadlar
- "Siyasət sosial hadisədir". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-21.