Sivilizasiya
Sivilizasiya (lat. civilis — mülki, dövlət)– müəyyən sosial genotipə malik olan, sosial stereotip kimi çıxış edən, dünyada sabit yer tutan insanların sosial-tarixi və mədəni ümumiliyi.
Sivilizasiya tarixin müəyyən bir mərhələsində bir neçə mədəniyyətin birləşməsini əks etdirir, elm və texnikanın təsiri nəticəsində həyat rifahının yaxşılaşdırılmasını səciyyələndirir. Bu termin ilk dəfə XVI əsrdə meydana gəlmişdir. Lakin ən qədim dövrlərdə də sivilizasiya mövcüd olmuşdur. Şumer, Misir, Roma, Azərbaycan, ərəb və s. son onminillikdə mövcud olmuş sivilizasiyalardan bir neçəsidir.
Sivilizasiyalar hər şeydən əvvəl texniki-iqtisadi inkişaf dərəcəsinə görə; iqtisadi və sosial proseslərin sürəti, mənbələri, üzvilik mexanizmi və dərəcəsinə görə; hakim dini və dünyagörüşü xüsusiyyətlərinə və mədəni proseslərdə tutduqları yerə görə fərqlənirlər. Beləliklə, sivilizasiyalar nəzəriyyəsi tarixi prosesin fasiləsizliyinə, insan nəslinin vəhdətinə, ümumbəşəri nailiyyətlərin varisliyi və zənginləşdirilməsi ideyalarına üstünlük verir, onu üzə çıxarır.
Tarixdə hələ ən qədim dövrlərdən şərq və qərb sivilizasiya tipləri daha çox diqqət çəkmiş və geniş yer almışdır. Şərq elmin, mədəniyyətin, ilk bəşəri dəyərlərin beşiyi olmuş, antik sivilizasiya qədim şərq sivilizasiyasından bəhrələnmişdir. Antik sivilizasiyadan sonra bəşər tarixində ən parlaq dövr İslamın yaranması ilə başlanmışdır. Elm və mədəniyyətin inkişaf mərkəzi yenidən şərq dünyasına köçmüşdür. Bu dövrdə islamla sıx surətdə bağlı olan yeni sivilizasiya dalğası özündən əvvəlki elmi nəaliyyətlərin, mədəni-mənəvi dəyərlərin dağılmasına yol verməmiş, onları qoruyub saxlamış, inkişaf etdirmiş və qərb dünyasının yeni intibahı üçün zəmin yaratmışdır.