Sistit

Sistit — sidik kisəsinin selikli qişasının iltihabı.

Sistit
lat. Cystitis
XBT-10 N
XBT-10-KM N30, N30.9
XBT-9
XBT-9-KM 595.9[1][2], 595[1][2], 595.89[2]
DiseasesDB 29445
MeSH D003556
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Qadınların 20-25 %-i müxtəlif formada sistit keçirirlər, 10 %-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən-ilə artırlar. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0.5 %-ində olur.

Çox vaxt sistitlə qadınlar xəstələnirlər və bu onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin səbəbi çox vaxt bağırsaq çöpüdür, bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də onun səbəbi olur.

Sistitə meylliyi artıran bir sıra xoşagəlməz faktorlar da vardır:

sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranının pozulması, məsələn, oturaq işdə (kompüter arxasında durmadan 4-6 saat işləmək), tez-tez və uzunmüddətli qəbzliklər, uzun müddət dar paltar, alt paltarı və corab geymək; immunitetin enməsi; sidiklə çıxan maddələrin sidik kisəsi divarlarına qıcıqlandırıcı təsir göstərməsi. Bu o halda baş verir ki, əgər siz çox kəskin qida və qızardılmış qidanı böyük miqdarda ədviyyatla qəbul edirsiniz.

menopauza, diabetlə bağlı maddələr mübadiləsinin pozulması xəstəlikləri.

Həkimlər, həmçinin, interstisial sistiti fərqləndirirlər. O sistemli xəstəliklərə aiddir və iltihab səbəbi mikroblar deyil, immun sisteminin işinin pozulmasıdır. Gecikmiş interstisial sistit sidik kisəsi xorasına çevrilə bilər.

Simptomlar

Kəskin sistit üçün tez-tez sidiyə getmək xarakterikdir, sidik kisəsi və aralıq nahiyəsində kəskin ağrılar olur, qanaxma ola bilər. İltihab prosesi nə qədər güclü olarsa, bir o qədər də sidiyə getmə siqnalları tezləşər və ağrılar kəskinləşər. Kəskin sistitin ağır formalarında adam gecə-gündüz 15-20 dəqiqədən bir sidiyə getməyə məcbur olur. Ağır hallarda bədən temperaturu qalxır, ürəkbulanma, qusma olur.

Sistitdə hökmən cinsi əlaqə ilə bağlı problemlər olur. Əgər xroniki sistitdə xoşagəlməz hissiyyatlar oyanırsa, kəskin sistitdə simptomlara dözmək olmur. "Bal ayı" sistiti anlayışını nahaq yerə fikirləşməyiblər.

Diaqnoz

Sistitin bəzi simptomları sidik kisəsi və ya böyrək vərəmləri, sidik kisəsi və prostat şişləri ilə oxşardırlar. Bel nahiyəsindəki nasazlıq böyrək infeksiyasının əlaməti ola bilər. Kişilərdə fimoz və sidik axarı deşiklərinin anomaliyası, məsələn stenoz olub-olmaması yoxlanılmalıdır. Ona görə də xəstəliyin dəqiq diaqnostikası üçün həkim infeksiyaya görə PZR-analiz təyin edə və ya bakterioloji əkmə üçün sidik analizi götürə bilər. Bəzi hallarda sistitin səbəbini dəqiqləşdirmək üçün həkim sistoskopiya – sistoskop vasitəsilə sidik kisəsinin daxili səthinə baxış keçirə bilər.

Müalicə

Əgər siz sistitdən şübhələnirsinizsə onu özünüz müalicə etməyə çalışmayın və müalicəni də gecikdirməyin. Düzgün olmayan müalicə və ya müalicənin gecikdirilməsi xroniki proses halına keçə bilər və ömürlük xəstəliyə çevrilər. Siz tezliklə uroloqa və ya ginekoloqa müraciət etməlisiniz.

Əgər müayinə zamanı xəstəliyin səbəbinin xroniki infeksiya olduğu müəyyənləşdirilərsə, təkcə sistitin müalicəsi uzunmüddətli nəticə verməyəcək. Bu halda hökmən cinsiyyət yolları infeksiyalarının müalicəsi aparılmalıdır. Sistitin bir səbəbi də immunitetin enməsi olduğundan, ümumi qüvvə toplamaq üçün vitamin terapiyası və fizioterapiya kurslarını keçməlisiniz.

İnterstisial sistitin müalicəsi ən problematikdir – o ömür boyu davam edə bilər və bu halda medikamentoz terapiya, lazer, maqnit terapiyası və digər üsullar tətbiq olunur.

Profilaktika

Qadınlar üçün sistitin profilaktikası birinci növbədə onun yaranmasına səbəb olan faktorların təsirinin azalması və aradan götürülməsinə əsaslanır, həmçinin, yuxarıda sadalanan gigiyena qaydalarına əməl etmək lazımdır. Həddən artıq dar alt paltarı geyməyin, kəskin xörəklərdən və ədviyyatdan, alkoqoldan uzaq olun, cinsi aktdan sonra sidiyə getməyə çalışın. İsti geyinin. Əgər sizdə oturaq işdirsə, hər 1,5 bir 5 dəqiqəlik fasilə edin, dayanın və ya hərəkət edin. Əgər sizdə qəbzlik varsa, çoxlu meyvə-tərəvəz və bitki mənşəli qida qəbul edin, yumşaldıcı vasitələr qəbul edin və s. Əgər siz artıq çox istiotlu, yağlı, duza qoyulmuş qida qəbul etmişsinizsə dərhal çoxlu su için.

Mənbə

Sistit Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine

Xarici keçidlər

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.