Sioni kafedralı
Sioni Məryəmin vəfatı kafedralı (gürc. მეტეხის ღვთისმშობლის შობის ტაძარი) – Tbilisidə yerləşən Gürcü pravoslav kafedralıdır. Kilsələrin Müqəddəs torpaqlardakı yer adları ilə adlandırılması orta əsr gürcü ənənəsinə əsasən kilsə Yerusəlimdəki Sion dağının adı ilə adlandırılmışdır. Gürcüstan ərazisində yayılmış və Sioni adlı digər kilsələrlə qarışdırılmaması üçün Tbilisidəki kilsə bir çox mənbələrdə "Tbilisi Sioni" də adlandırılır.
Sioni kafedralı | |
---|---|
gürc. მეტეხის ღვთისმშობლის შობის ტაძარი | |
41°41′28″ şm. e. 44°48′27″ ş. u. | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Tbilisi |
Aidiyyatı | Gürcü pravoslav kilsəsi |
Əsas tarixlər |
XIII əsr - yenidənqurma işləri XVII-XVIII əsrlər - yenidənqurma işləri 1812 - zəng qülləsi tikilib |
Tikilmə tarixi | VI-VII əsrlər |
Üslubu | Gürcüstan memarlığı |
Günbəzləri | 1 |
Material | Tuf |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Tbilisi Sioni kilsəsi şəhərin tarixi mərkəsində "Sionis Kuça" (Sioni küçəsi) adlı ərazsidə yerləşir və şərq fasadı Kür çayının sağ sahilinə baxır. Kilsə təxminən VI–VII əsrlərdə ina edilmişdir. O dövrdən etibarən kilsə dəfələrlə dağıntılara məruz qalmış və bərpa edilmişdir. Hazırkı kilsə binası XII əsrə aid olmaqla, özündə, XVII–XIX əsrdə edilmiş bəzi dəyişiklikləri də əks etdirir. 2004-cü ildə Müqəddəs üçlük kafedralının açılmasına kimi Sioni kafedralı əsas Gürcü pravoslav kilsəsi və Gürcüstan katolikos-patriarxının iqamətgahı olmuşdur.
Tarixi
Müxtəlif gürcü xronikalarının məlumatlarına görə, hazırkı kafedralın yerində ilk kilsə binasının tikintisi V əsrdə çar Vaxtanq Qorqasalı tərəfindən sifariş edilmişdir. Yüz il sonra, təxminən 575-ci ildə İberiya knyazı I Quaram həmin kilsənin yerində yeni binanın inşasına başlamış, binanın tamamlanması isə III Adarnasenin hakimiyyəti dövrünə, təxminən 639-cu ilə təsadüf etmişdir. Əfsanəyə görə hər iki şahzadə kilsə ərazisində dəfn edilmişdir; lakin, onların məzarının burda olması ilə bağlı hansısa işarə tapılmamışdır. Bu erkən kilsə, Ərəblərin Gürcüstana yürüşü zamanı tamamilə dağıdılmış və onun yerində sonradan yeni kilsə binası inşa edilmişdir.
1112-ci ildə Qurucu Davidin göstərişi ilə qədim kilsənin xarabalıqları üstündə yeni kilsə binası inşa edilmişdir. Hazırkı kilsə binasının əsas memarlıq elementləri həmin dövrə aiddir. 1226-cı ildə Cəlaləddin Mənguberdinin Tbilisini ələ keçirməsi zamanı kilsənin günbəzi dağıdılmış və bina ciddi zədələnmişdir. Sonradan kilsə bərpa edilmiş, lakin, 1386-cı ildə Əmir Teymurun Tbilisini ələ keçirməsindən sonra yenidən dağıdılmışdır. Bundan sonra Sioni kilsəsi çar I Aleksandrın göstərişi ilə yenidən bərpa edilmişdir. XVII əsrdə şəhərin Səfəvilər tərəfindən ələ keçirilməsi zamanı kilsə yenidən dağıntılara məruz qalmışdır.
1657-ci ildə Tiflis yepiskopu Elise Saqinaşvili (1670-ci ildə vəfat edib) kilsənin günbəzini bərpa etdirmiş və onun strukturuna cənub kapellası əlavə olunmuşdur, lakin, qısa müddət sonra, 1668-ci ildə zəlzələ zamanı kilsə yenidən dağılmışdır. 1710-cu ildə Kartli regenti olan batonişvili (şahzadə) Vaxtanqın göstərişi ilə kilsənin günbəzi və onu əhatə edən qala divarları bərpa edilmişdir. Lakin, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisi ələ keçirməsi zamanı kilsə yenidən dağıdılmışdır.
1850–1860-cı illərdə kafedralın interyerində ciddi dəyişikliklər edilmişdir. Belə ki, Rusiya rəssamı və general Qriqori Qaqarin (1810–1893) həmin dövrlərdə kilsənin divarlarında silsilə divar rəsmləri çəkmiş və bu zaman, kilsə divarlarını bəzəyən qədim freskolar itirilmişdir. Qərb divarını bəzəyən freskolar isə 1980-ci illərdə Gürcüstan rəssamı Levan Tsutskiridze tərəfindən çəkilmişdir.
Kilsənin daş ikonostası 1850-ci illərə aid edilir. O, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisi ələ keçirməsi zamanı yandırılmış qədim taxta ikonostasın yerinə hazırlanmışdır. Altarın sol tərəfində ucaldılmış Üzüm tənəyi xaçının IV əsrdə Qafqazda xristianlığı yaymış Kappadokiyalı xristian missioner Müqəddəs Ninoya aid olduğuna inanılır. Çar III Vaxtanq XIV əsrin əvvəllərində relikviyanı kilsəyə bağışlamışdır.
Gürcüstanın anneksiya edilməsi haqqında manifest Rusiya imperiyası tərəfindən Sioni kafedralında elan edilmişdir. 12 aprel 1802-ci ildə imperiyanın Gürcüstandakı baş komandanı Karl fon Knorrinq gürcü zadəganlarını kilsəyə toplamış və qərarı elan edilmişdir Bundan sonra zadəganlar ordu tərəfindən mühasirəyə alınaraq imperatora sədaqət andı içməyə məcbur edilmişlər. Razılaşmayanlar isə əsir alınaraq öldürülmüşdür.[1][2][3]
SSRİ hakimiyyəti dövründə Sioni kafedralı fəaliyyətini davam etdirmiş və 1980–1983-cü illərdə qismən yenidənqurma işləri aparılmışdır.
Memarlıq xüsusiyyətləri
Xaçvari təməl planı və şərq fasadında yerləşən poliqonal apsidaları ilə Sioni kafedralı orta əsrlər Gürcüstan kilsə memarlığının ən yaxşı nümunələrindən biridir. Kilsənin inşası zamanı istifadə edilmiş sarı tuf daşı Tbilisidən cənub-qərbdə yerləşən Bolnisi şəhərindən gətirilmişdir. Sadə həll edilmiş fasadlar minimum dekor elementlərinə malikdir. Kilsənin qərb divarında mələk və müqəddəslərin əhatə etdiyi böyük xaç qabartması vardır. On altı pəncərənin hər biri gözəl daş oyma nümunələri ilə çərçivələnmişdir.
Kafedralın şimal tərəfində ki həyətdə ayrıca dayanan və I Aleksandrın sifarişi ilə-ci ildə inşa edilmiş üç mərtəbəli zəng qülləsi vardır. 1795-ci ildə ciddi dağıntılara məruz qalmış zəng qülləsi 1939-cu ildə bərpa edilmişdir. Küçə boyunca isə, Rusiya Neoklassika memarlığı üslubunda inşa edilmiş başqa bir kilsə binası yerləşir. 1812-ci ildə tamamlanmış həmin zəng qülləsi Gəncə xanlığının işğal edilməsi şərəfinə Pavel Sisianov tərəfindən sifariş etdirilmişdir.[4]
Dəfnlər
Sioni kafedralında bir çox nüfuzlu şəxslər, o cümlədən XX əsrin nüfuzlu gürcü kilsə xadimləri, siyasi və iqtisadi xadim Giorgi Maisaşvili və başqaları dəfn edilmişlər:
- II Kirion
- Leonid
- Ambrozi
- III Xristofor
- Kallistrat
- III Melxisedek
- II Yefraim
- V David
İstinadlar
- Klaproth, J. (2005), Travels in the Caucasus and Georgia. Performed in the years 1807 and 1808, by command of the Russian government, Adamant Media Corporation, ISBN 1-4021-8908-7, p. 220 (Replica of 1814 edition by Henry Colburn, London)
- Villari, L. (1906), Fire and Sword in the Caucasus, T. F. Unwin, London, p. 32 (Online version Arxivləşdirilib 2006-10-06 at the Wayback Machine)
- Lang, DM. (1957), The Last Years of the Georgian Monarchy: 1658–1832, New York City: Columbia University Press, p. 247
- Утверждение Русскаго владычество на кавказе, Время Кнорринга, Цицианова и Гудовича. 1801–1809 гг, A. I Liberman: 1901. Volume 1