Sifət (qrammatika)
Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi.[1] Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir.
Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir.
Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də işlənir.
Sifətin məna növləri
- Əlamət (xarici xüsusiyyətlər) bildirənlər: kök, arıq, gözəl və s.
- Keyfiyyət (daxili xüsusiyyətlər) bildirənlər: paxıl, təmizqəlbli və s.
- Forma bildirənlər: uzun, qalın, düz və s.
- Həcm bildirənlər: dar, iri, kiçik və s.
- Dad bildirənlər: turş, acı, şirin və s.
- Rəng bildirənlər: ağ, qəhvəyi, yaşıl və s.
Sifətin quruluşca növləri
Sifət quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə sifətlər
Sadə sifətlər bir kökdən və ya kök və qrammatik şəkilçidən ibarət olur: qara, yaşıl, pis, yaxşı, uzun, qısa, hündür, alçaq, gözəl, kifir və s.
Azaltma və çoxaltma dərəcəsi yaradan şəkilçilər leksik şəkilçilərdir.
Düzəltmə sifətlər
Düzəltmə sifətlər, əsasən, isimlərə və feillərə leksik şəkilçilər artırmaqla düzəlir. Bu baxımdan düzəltmə sifətlər isimdən yaranan sifətlər və feildən yaranan sifətlər olmaqla iki yerə bölünür.
İsimdən düzələn sifətlər
Bu növ düzəltmə sifətlər isimlərə aşağıdakı leksik şəkilçiləri artırmaqla düzəlir:
• — lı⁴: maraq-lı (dərs), tərbiyə-li (uşaq), su-lu (xörək), ütü-lü (paltar) və s.
- — sız4: dad-sız (meyvə), bilik-siz (tələbə), ot-suz (yer), güc-süz (uşaq) və s.
- — cıl⁴: zarafat-cıl (oglan), iş-cil (adam), söhbət-cil (qonşu), qohum-cul (kişi), ölüm-cül (yara) və s.
- — dakı2: kitab-dakı (şəkillər), həyət-dəki (ağac) və s.
- — ı4: badam-ı (göz), çərkəz-i (papaq), armud-u (stəkan), gümüş-ü (saç) və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçi —yı və —yi səklində islənir: xurma-yı (saç), qəhvə-yi (rəng) və s.
- — i (— vi): Yalnız ərəb və fars mənşəli sözlərə qoşulan bu alınma şəkilçi ahəng qanununa tabe olmur və bir cür yazılan şəkilçidir: tarix-i (hadisə), dövr-i (mətbuat), daxil-i (siyasət), dairə-vi (masa), ailə-vi (dostluq) və s.
- — kı, — ki, — kü: qabaq-kı (sıra), çoxdan-kı (əhvalat), axşam-kı (söhbət), dünən-ki (külək), bildir-ki (hadisə), bu gün-kü (xəbər) və s. Misallardan göründüyü kimi, bu şəkilçi, əsasən, zərflərdən sifət düzəldir.
- — lıq4: ay-lıq (maaş), il-lik (plan), don-luq (parça), üz-lük (daş) və s.
Bu şəkilçilərdən —lı4 və —sız4 antonim şəkilçiləridir: yağ-lı — yağ-sız (ət), duz-Iu — duz-suz (xörək), ağıl-lı — ağıl-sız (insan) və s.
- — ı4, — lıq4, — ı4 şəkilçiləri isə həm də isim düzəltdiyi üçün omonim şəkilçilərdir: Sultan-lıq — isim, ağıl-lı (uşaq) — sifət; yaxşı-lıq — isim, qurban-lıq (qoç) — sifət; yaz-ı — isim, palıd-ı (rəng) — sifət və s.
Qeyd: Sifət düzəldən —lı şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq [— rı⁴], [— nı⁴], [— dı⁴] şəklində tələffüz olunur. Məsələn: qarlı [qarrı], dadlı[daddı], buludlu [bulutdu] və s.
Feildən düzələn sifətlər
Aşağıdakı leksik şəkilçilərin köməyi ilə fel köklərindən sifət düzəlir:
- —ağan (—əyən): qaç-ağan (at), gül-əyən (uşaq) və s. Ağla-ğan (körpə) düzəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzəlmişdir. Burada feil kökü saitlə bitdiyi üçün şəkilçidəki birinci sait səs düşmüşdür.
- —qan (--qan, —kən): çalış-qan (şagird), dalaş-qan (uşaq), sürüş-kən (yer), döyüş-kən (əsgər) və s. Deyingən (qoca) düzəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzləmişdir. Bu sözdə feil cingiltili samitlə bitdiyi üçün şəkilçinin ilk samiti də kar yox, cingiltili samitdir.
- —gın4 (--gın, —gin, —ğun, —gün). Bu şəkilçi sonu cingiltili samitlə bitən feil köklərinə qoşulur: az-ğın (düşmən), dal-ğın (baxış), gər-gin (iş), əz-gin (sifət), sol-ğun (çiçək), yor-ğun (adam), süz-gün (baxış), düz-gün (cavab) və s.
- —qın4 (—qın, —kin, —qun, —kün): Yuxarıdakı şəkilçinin variantı olan bu şəkilçi sonu kar samitlə bitən feil köklərinə qoşulur: sat-qın (adam), kəs-kin (söz), bit-kin (fıkir), coş-qun (dəniz), tut-qun (hava), küs-kün (baxış), öt-kün (söz) və s.
- —ıq4 (—ıq, —ik, --uq, --ük) aç-ıq (qapı), əz-ik (paltar), yan-ıq (çörək), uç-uq (ev), sök-ük (divar), soyu-q (su), çürü-k (meyvə), böyü-k (usaq) və s.
- —ıcı4: qır-ıcı (təyyarə), keç-ici (xəstəlik), qur-ucu (əllər), öldür-ücü (gülüş).
- —aq (—aq, —ək): qorx-aq (adam), ürk-ək (at), parla-q (saç), titrə-k (səs) və s.
- —unc, ünc: qorx-unc (hadisə), gül-ünc (iş) və s.
Qeyd 1: Feildən sifət düzəldən bu şəkilçilərdən —qın, —ğın şəkilçiləri bəzi isimlər də düzəldir. Məsələn: bas-qın, yan-ğın, qır-ğın, sür-gün və s.
Qeyd 2: —ıq və —aq şəkilçiləri həm də feildən isim düzəldir: bacar-ıq, bili-ik, yat-aq, sanc-aq, və s. Bu şəkilçilər omonim şəkilçilər sayılır.
Qeyd 3: —kan, —kin, —kün şəkilçilərinin ilk samiti tələffüzdə cingiltili tələffüz olunur. Məsələn: sürüşkən — [sürüşgən], kəskin —[kəsgin], ötkün — [ötgün] və s.
Mürəkkəb sifətlər isə sintaktik yolla əmələ gəlir:
- Bir sadə bir düzəltmə sifətin birləşməsi ilə (bitişik yazılır);
- Hər ikisi düzəltmə sifətlərin birləşməsi ilə; açıqürəkli (bitişik yazılır);
- Əks mənalı sifətlərin birləşməsi ilə (defislə yazılır);
- Eyni sözün təkrarı ilə (defislə yazılır). Məsələn: dadlı—dadlı;
- Sifətlə başqa bir nitq hissəsinin birləşməsi ilə (bitişik yazılır). Məsələn: acgöz;
- --bə bitiştiricisinin köməyi ilə (bitişik yazılır). Məsələn: rəngbərəng, üzbəüz.
- Birtərəfi ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə: kələ-kötür, əzik-üzük.
Sifətin dərəcələri
Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas xüsusiyyətlərindən biri onun dərəcələridir. Müxtəlif əlamət, keyfiyyət dəyişmələrini ifadə etmək üçün sifətlərin düşdüyü şəkillərə sifətin müqayisə dərəcələri deyilir. Sifətin müqayisə dərəcələri aşağıdakılardır:
Adi dərəcə
Əlamətin normada olduğunu bildirən dərəcə adi dərəcə adlanır. O, bütün dərəcələrə meyar hesab olunur Məsələn: böyük, kiçik, enli, çalışqan.
Azaltma dərəcəsi
Əlamətin və keyfiyyətin adi dərəcədən nisbətən az olduğunu bildirən dərəcədir. Məsələn: ağımtıl, uzunsov, qarayanız, gödərək, qaraşın. 2 üsul ilə düzəlir morfoloji və sintaktik.
Çoxaltma dərəcəsi
Əlamətin və ya keyfiyyətin normadan çox olduğunu bildirir. 2 üsul ilə düzəlir morfoloji və sintaktik. Məsələn: xırdaca, zil qara, ağappaq.
Sifətin cümlədə rolu
Sifətin cümlədə rolu və morfoloji təhlil qaydası
Sifətlər cümlədə ən çox təyin olur. Xəbərlik şəkilçisi qəbul etdikdə isə istər isimləşmiş sifətlər, istərsə də isimləşməmiş sifətlər cümlədə xəbər olur. Məsələn: Bu oğlan çox igiddir (adi sifət). O, keçən ay onlarla ermənini məhv edən igiddir (isimləşmiş sifət). İsimləşmiş digər sifətlər isə cümlədə, bir qayda olaraq, mübtəda və tamamlıq olur.
İstinadlar
- Ş. Sadıq, E. Nəcəfov, A. Əsədov. Azərbaycan dili. Dərs vəsaiti. Bakı:Çaşıoğlu, 2009. — 272 s.