Seyid Hüseyn Bürucirdi
Seyid Hüseyn Təbatəbai Bürucirdi — İslam alimi.
Seyid Hüseyn Bürucirdi | |
---|---|
Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi | |
Digər adı | Ayətullah Bürucirdi |
Doğum tarixi | |
Doğum yeri | Bürucird, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Qum, İran |
Təhsili |
|
Tanınmış yetirmələri | Ruhullah Musəvi Xomeyni, Hüseynəli Müntəziri, Məhəmməd Kazım Şəriətmədari |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix boyu İslam dünyasında məzhəblərarası münasibətləri yumşaltmağa çalışan bir sıra görkəmli alimlər olmuşdur. Bu mühüm vəzifəni yerinə yetirməyə çalışanlardan biri də XX əsrin məşhur alimi Seyid Hüseyn Bürucirdidir.
Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi 1875-ci ildə İranın Luristan əyalətinin Bürucird şəhərində doğulmuşdur. Xeyli elm adamı yetişdirən tanınmış ailəyə mənsubdur. Kiçik yaşlarından dini elmlərə böyük həvəs göstərmiş, ilk təhsilini Nurbəxş mədrəsəsində almışdır. Bu dövrdə əsas müəllimi atası Seyid Əli olmuşdur. Sonra isə biliyini artırmaq üçün İsfahana yollanmışdır. Orada Seyid Məhəmməd Bağır Dərcayi, Əbul-Məali Kəlbasi, Məhəmməd Tağı Müdərrisi, Məhəmməd əl-Kaşani, Molla Məhəmməd Kaşi və Mirzə Cahangir xan Qaşqay kimi tanınmış alimlərdən təhsil almışdır. İyirmi iki yaşında ikən atasının təkidilə doğma şəhərinə qayıdaraq ailə həyatı qurmuş və bir neçə ay burada qaldıqdan sonra həyat yoldaşı ilə birgə yenidən İsfahana dönmüş və təhsilini davam etdirmişdir. Doqquz ildən sonra atasının israrı nəticəsində Bürucird şəhərinə qayıtmışdır. Atası onu daha yaxşı təhsil alması üçün İraqın Nəcəf şəhərinə göndərmək qərarına gəlmişdir. Seyid Hüseyn oraya kiçik qardaşı İsmayılla getmişdir. Nəcəfdə təhsilini Məhəmməd Kazım Xorasani və Ağa Ziya İraqi kimi tanınmış fiqh alimlərindən almışdır. O, yalnız şiə məzhəbi deyil, bütün İslam məzhəbləri üzrə kamil biliyə yiyələnmişdir. Bundan başqa, Şeyxüşşəria Fətullah ibn Məhəmməd əl-İsfahanidən hədis elmini öyrənmişdir.
Atasının ölüm xəbəri onu Bürucirdə qayıtmağa məcbur etmiş və o, Bürucirddə bir müddət yubanmalı olmuşdur. Həmin ərəfədə, müəllimi Məhəmməd Kazım Xorasanidən məktub almışdır. Məktubda ustadı ondan Nəcəfə qayıtmağı xahiş edirdi. Səfər hazırlıqları görülən anda Məhəmməd Kazım Xorasaninin vəfat xəbəri gəlmişdir. Bədbəxtliklər bu dövrdə Bürucirdini durmadan təqib etmişdir. Daha bir faciə isə qızının vaxtsız vəfat etməsi olmuşdur. Çətinliklərə mətinliklə sinə gərən alimin əqidəsi bu hadisələrdən heç də sarsılmamış, Bürucirddə qalaraq, hədis elmi üzrə bir çox tələbə yetişdirmişdir.
Çoxillik pedoqoji fəaliyyətdən sonra Qum-Elm Hövzəsi alimlərinin təkidli xahişlərinə əsasən, oraya getmişdir. Qum Elm Hövzəsi 1921-ci ildə Əbdülkərim Xeyri tərəfindən qurulmuş, 1937-ci ildə onun vəfat etməsindən sonra fəaliyyəti dayandırılmışdır. Quma gələn Seyid Hüseyn, böyük alim Əbul Həsən İsfahaninin ölümündən sonra mərceyi-təqlid (bütün sahələr üzrə fətva vermək səlahiyyəti) dərəcəsi almışdır. O bu dövrdə şiə elm dünyasının yeganə söz sahibi olmuşdur. Onun bu qədər yüksək mövqeyə çatması fiqh elmi sahəsində yeni fikirlər ortaya qoyması ilə əlaqədardır. Seyid Hüseyn Bürucirdinin təkidi ilə, Şeyx Müfid və Əbu Cəfər ət-Tusinin əsərləri dərsliklər siyahısına daxil edilmişdir. Həmin dövrdə, onun təklifi əsasında Qumda şiə fiqhi ilə yanaşı, sünni fiqhinin də tədrisinə başlanmışdır. Seyid Hüseyn Bürucirdinin böyük səyləri hesabına Qum elm mərkəzi kimi Nəcəfi geridə qoyaraq, şiə dünyasının əsas şəhərinə çevrilmişdir. Məsələn, onun gəldiyi dövrdə tələbələrin sayı 2500 olduğu halda, cəmi on ildən sonra 4000-ə yüksəlmişdir. Bürucirdi tələbələrin xərclərini ödəməklə kifayətlənməyib, bir sıra ölkələrdəki İslam icmalarına maddi yardımlarını əsirgəməmişdir. Aldığı ianələr hesabına Qumda Məscidül-Əzəm məscidi, mədrəsə və xəstəxana inşa etdirmişdir. Həmçinin, İranın bəzi şəhərlərində də məscid və mədrəsələrin tikintisinə yardım göstərmişdir.
Seyid Hüseyn Bürucirdi İslamın məzhəbləri arasında qarşılıqlı dialoqa, tolerantlığa, dostluğa və anlayışa böyük önəm vermiş, sünni və şiə məzhəbi üzvlərini yaxınlaşdırmaq məqsədi uğrunda səylərini əsirgəməmişdir. Məhz onun və Əl-Əzhər Universitetinin rektoru Şeyx Əbdülməcid Səlimin təşəbbüsü ilə "İslam məzhəblərinin yaxınlaşması" təşkilatı yaradılmışdır. Bu təşkilatın bütün İslam dünyası üçün əvəzsiz xidmətləri olmuşdur. Seyid Hüseyn Bürucirdini Əl-Əzhər Universitetinin sonrakı rektoru Şeyx Mahmud Şaltut ilə səmimi dostluq telləri bağlamışdır.
Bürucirdinin daha bir xidməti isə təhsil sistemindəki islahatlarla əlaqədardır. O, müasir elmlərin İslam dini ilə ziddiyyət təşkil etmədiyi qənaətində olmuşdur. Bunun üçün də mədrəsələrdə təbiət elmlərinin tədrisini təşkil etmişdir. Habelə, İranda təhsil sahəsindəki ziddiyyətli vəziyyəti aradan qaldırmaq məqsədi ilə dini və dünyəvi biliklərin verildiyi ibtidai və orta məktəblər şəbəkəsinin açılmasına yardımçı olmuşdur. Seyid Hüseyn Bürucirdi fəaliyyəti dövründə siyasətə qarışmamış, tələbələrinin və ardıcıllarının çoxsaylı tənqid və təkidlərinə baxmayaraq, Şah rejiminə qarşı loyallığı ilə seçilmişdir. O, şahla səmimi münasibət yaratmışdır. Bu münasibət şahın Bürucirdini əməliyyatdan sonra xəstəxanada ziyarəti ilə başlanmışdır. Həmin dövrdə İranın siyasi vəziyyətinin kifayət qədər mürəkkəb olmasına baxmayaraq, Bürucirdi bu prosesə qarışmamışdır. Onun bu mövqeyi bəzi ruhanilər tərəfindən narazılıqla qarşılansa da, Ayətullahın böyük mənəvi nüfuzu qarşısında heç kəs açıq şəkildə etiraz etməyə cəsarət tapmamışdır.
1961-ci il martın 31-də Qumda vəfat edən Ayətullah-üzma Seyid Hüseyn Bürucirdi Məscidül-Əzəm məscidinin girişinin yaxınlığında dəfn edilmişdir. O, Murtuza Mütəhhəri və Məhəmməd Ələvi Gürgani kimi bir sıra görkəmli tələbələr yetişdirmişdir. Bürucirdi İslam elmlərinə dair xeyli kitabların müəllifidir.
Mənbə
- Müəllif: Vüqar Əliyev