Seydi Əli Rəis
Seydi Əli Rəis (türk. Seydi Ali Reis osmanlıca:غلطلى سيدى على ريِّس 1498[1][2] – 28 dekabr 1562, Konstantinopol) — Osmanlı imperiyası donanmasının admiralı (rəis). 1538-ci ildə Preveze dəniz döyüşündə Osmanlı donanmasının sol cinahına komandanlıq etmişdir. Hind Okeanındakı Osmanlı donanmasının komandanı olaraq 1554-cü ildə Hindistan Qoasında Portuqaliyalılarla döyüşmüşdür. Quru yolu ilə Hindistandan Türkiyəyə dönmüşdür. Sonra İstanbula yerləşmiş və naviqasiya, coğrafiya, riyaziyyat və astronomiyaya dair əsərlər yazmışdır. Əli Rəis elmi əsərlərlə yanaşı, şeirlərdə yazmışdır.
Seydi Əli Rəis | |
---|---|
türk. Seydi Ali Reis osmanlıca:غلطلى سيدى على ريِّس | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1498-ci il |
Doğum yeri | Qalata, Osmanlı imperiyası |
Vəfat tarixi | 28 dekabr 1562-ci il |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Vətəndaşlığı | Osmanlı imperiyası |
Milliyyəti | türk |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Osmanlı imperiyası |
Qoşun növü | dəniz qüvvələri |
Rütbəsi | admiral (rəis) |
Döyüşlər | Rodosun tutulması (1522) Preveze dəniz döyüşü Qoa döyüşü, Hörmüz dəniz müharibəsi |
İstefada | coğrafiyaçı, yazıçı, dənizçi, astronom, riyaziyyatçı |
İlk növbədə gəmi qəzasindan sonra Hindistandan İstanbula quru yolla səyahətini təsvir etdiyi "Ölkələrin aynası" və "Dənizlər kitabı" (Kitab ul-Muhit) kimi müxtəlif dillərə tərcümə olunmuş kitablar müəllifi kimi də məşhurdur. Kitablarında o, burada naviqasiya sənətini və Osmanlı imperiyasının limanlarını təsvir edir.
Həyatı
Seydi Əli Rəis İstanbulun Haliç limanın şimal tərəfində Qalatada[3][4] Türkiyənin Qara dəniz sahilindəki Sinop[3][4] mənşəli bir türk ailəsində anadan olmuşdur.[3][4] Onun babası Sultan II Mehmedin dövründə Tərsanə Kətxudası[4] (Osmanlı imperiyası Dəniz donanması komandanı), atası Hüseyn Rəis isə Haliç limanın şimal tərəfində Qalatada Bahriye Dârü's-Sınaasında[4] (Dənizçilik Mərkəzi) Kətxuda (Komandan) idi.[4] Atasının yüksək rütbəli dənizçi və dəniz mühəndisi kimi karyerası, gənc yaşlarında dəniz cəbbəxanasında işləməyə başlayan Seydi Əlinin gələcəyinə əhəmiyyətli təsir göstərmişdir. Seydi Əli dənizçiliyə marağı ilə yanaşı riyaziyyat, astronomiya və coğrafiya kimi elmləri də öyrənmişdir. Ədəbiyyat və ilahiyyat sahəsində də bilikləri var idi. O, həm də şair bacarıqlarına da malik olmuşdur. Zaman keçdikcə dəniz donanmasında yüksək rütbəli zabit oldu və Rəis rütbəsinə yüksəldi (Osmanlı dövründə həm kapitan, həm də admirallar belə adlanırdı).
Osmanlı Donanmasında karyerasının ilk illəri
Seydi Əli Rəis gəmiqayırma tərsanəsində Kəthuda olduğundan, dövrünün digər dənizçilərindən fərqli olaraq, mərkəzə bağlı idi və bu səbəbdən müstəqil olaraq dəniz əməliyyatına rəhbərlik etmirdi. Yalnız Sultan I Süleyman dövründən Aralıq dənizindəki Osmanlı donanmasının əməliyyatlarına qatılmağa başladı. 1522-ci ildə Rodosun mühasirəsindən başlayaraq Seydi Əli Rəis Osmanlı donanmasının Aralıq dənizindəki bütün böyük dəniz kampaniyalarına qatıldı. O, 1538-ci il Preveze dəniz döyüşü Andrea Doria komandanlığı altında Müqəddəs Roma imperatoru V Karl donanmasını məğlub edən Xeyrəddin Barbarossa Paşasının Osmanlı donanmasının sol qanadına rəhbərlik edirdi.
1551-ci ildə İspaniya Və Malta cəngavərlərinə qarşı Tripoli səfəri zamanı Admiral Sinan Paşa və Turqut Rəisin komandanlığı altında xidmət edirdi. Daha sonra Aralıq dənizinin qərb sahillərində Osmanlı dəniz səfərlərində iştirak etmişdir. Seydi Əli Rəis sonradan Azepler Katibi, Tersane Kəthudası (Osmanlı imperiyası donanmasının arsenal komandanı) və Hassa Donanma Reisi (Osmanlı Mərkəzi Donanmasının Komandanı) rütbələrinə yüksəldi.
Hind Okeanında Osmanlı donanmasının komandanı
Seydi Əli Rəis Sultan I Süleyman Qanuni tərəfindən Portuqaliya Hərbi Dəniz Qüvvələri ilə dəniz müharibəsində məğlub olan Murat Reisin yerinə Hind Okeanında Osmanlı donanmasına komandan olaraq təyin edildi. I Süleyman ona Bəsrədəki donanmanı Süveyşə gətirməyi əmr etdi. Seydi Əli Rəis dekabrın 7-də Hələbə gəldi və ordan Bəsrəyə yola düşdü. Bu hadisə onun həyatında dönüş nöqtəsi oldu. 15 gəmidən ibarət donanmasını uyğun dəniz hava şərtləri üçün beş ay gözlədi və sonra 2 iyul 1554-cü ildə donanması ilə Bəsrəni tərk etdi.
Bəsrədən ayrıldıqdan sonra ilk ay ərzində körfəzdə Osmanlı sancaqlarının yanında lövbər saldı. Avqustun 9-da Horfakan şəhəri yaxınlığında 25 gəmiyə malik Portuqal donanması ilə döyüşə girdi. Bu döyüş tarixə Hörmüz döyüşü kimi düşdü. Döyüşdə Seydi Əlinin rəhbərlik etdiyi donanma Portuqal gəmilərini darmadağın etdi. Avqustun 25-də bu dəfə Maskat yaxınlığında 34 gəmidən ibarət Portuqaliya donanması tərəfindən hücuma məruz qaldı. Maskat döyüşü adlanan tərəflərin qarşıdurmasında portəgizlər istəklərinə çatmadılar. Belə ki, Seydi Əli Ərəbistan yarımadasının cənub sahillərindəki qayaların dikliyindən istifadə edərək Portuqaliya donanmasını qayalara tərəf sıxışdırdı. Nəticədə portəgizlərin yeddi gəmisi batırıldı. Osmanlı donanması isə bu döyüşdə beş gəmi itirdi.
Oman sahillərində olarkən Fil Tufanı (Tufan-ı Fil) adlanan mövsümi fırtına başladı. Fırtına səbəbiylə Seydi Əli Rəis qalan 9 gəmisini də itirdi. Fırtınaya düşən və sahildən uzaqlaşan gəmilər günlərlə açıq dənizdə qaldıqdan sonra dalğalar onları şərqə doğru apardılar. Gəmilər 10 gün sonra Hindistan sahillərinə çatdı. Arxasınca 87 gəmilik Portuqaliya donanmasının düşdüyünü öyrənən Seydi Əli Rəis Surata sığındı. Portuqallar Suratın mühasirəsinə başladılar. Lakin Portuqaliya donanmasının mühasirəsi uğursuz olduğundan onlar geri çəkildilər. Zədələnmiş və sırdan çıxmış gəmilərlə Süveyşə çatmağın mümkünsüzlüyünü dərk edən Seydi Əli Rəis əlində qalan gəmiləri sataraq, quru yolu ilə İstanbula qayıtmaq qərarına gəldi.
Qucaratda sahilə çıxan Seydi Əli Rəis Daman qalasını ziyarət etdi və Daman valisi Malik Eseddən, özünün və komandasının onun torpaqlarında sərbəst hərəkət etməsi üçün icazə aldı. Əlində olan gəmilərinin silahlarını Malik Esedə hədiyyə vermək məcburiyyətində qaldı. Komandasının bir çox üzvü Malik Esedin xidmətinə girmək qərarı verdi. Yalnız dəstəsinin kiçik bir hissəsi Seydi Əli Rəisin xidmətində qaldı. Onunla birlikdə Bəsrədən ayrıldıqdan üç ay sonra Surata döndü.[5]
Hindistandan geriyə dönüş
Xudavənd xan və Adil xandan təsdiq məktubu alan Seyid Əli Rəis, 1554-cü il noyabrın sonunda, yeniçərilərin komandiri Mustafa ağa və topçu kapitanı Əli ağanın müşayiəti ilə 50 dənizçinin müşayəti ilə Əhmədabada doğru yola düşdü.[5] Onlar Buruj, Belodra və Çampanirdən keçdilər. Bir çox çətinlik və maneələrdən sonra Mahmudabada, 50 gündən sonra isə Qucaratın paytaxtı Əhmədabada çatdılar. Burada Seyid Əli Rəis Sultanı və vəziri İmad əl-Mülkü ziyarət etdi. Sultan I Süleyman Qanuninin admiralını böyük hörmətlə qəbul etdi. O, Seyid Əli Rəisə yola çıxmaq üçün azuqə, bir neçə dəvə və pul hədiyyə etdi. Səyyahların gəlişindən bir neçə gün sonra sultan admirala Buruc əyalətinin yüksək gəlirli idarəsini təklif etdi, lakin admiral nəzakətlə bundan imtina rədd etdi.[5]
Əhmədabad müsəlmanları səyahətçilərə kiçik bir ödəniş qarşılığında səyahət təhlükəsizliyinə zəmanət verə biləcək iki "baht" bələdçisi təqdim etdilər. Elə həmin ilin səfər ayının ortasında Seyid Əli Rəis İstanbula doğru yola çıxdı. Ekspedisiya Böyük Moğol imperiyasının Sultanı Humayunun torpaqlarından keçmək üçün ondan icazə almaq məqsədilə Lahordan Dehliyə keçdi. Humayun da səyahətçiləri yaxşı qarşıladı və onları xidmətinə qəbul etmək istədi. Lakin Seyid Əli bu təklifi də nəzakətlə rədd elədi.
1556-cı ilin fevralında Seydi Əli Rəis Kabuldan ayrılaraq Səmərqənd və Buxaranı ziyarət etdi. Buxara özbəkləri ilə baş verən silahlı qarşıdurmalara baxmayaraq, Buxara hökmdarı Seyid Burxan 15 gün ərzində səyahətçiləri fəxri qonaqlar kimi qarşıladı. Daha sonra Seydi Əli Rəisin yolu Xarəzm, Xorasan, İraq və Anadoludan keçdi. Bundan sonra dəstə İstanbula gəldi. Ümumilikdə, Hindistan Suratından ayrılmaqla gediş iki il üç ay çəkdi.
İstanbula dönüş
İstanbula çatanda Sultan Ədirnədə idi və Seydi Əli Rəis donanmanın məhvinə görə üzr istəmək üçün ora tələsdi. Sultan I Süleymanın hüzurunda ziyarət etdiyi ölkələrin on səkkiz sultanından və digər hökmdarlarından məktublarını Sultana təqdim etdi. Sultan Süleyman admiralı bağışladığını bildirdi və 4 illik yoxluğunun maaşını ödəməyi əmr etdi. Eyni zamanda ona gündəlik maaşı 80 akça olan muteferrik vəzifəsini verdi. Muteferriklikdın sonra o, Diyarbəkir timar dəfətrxanalığı vəzifəsini icra etdi. Bir müddət Şahzadə Səlimin xidmətində çalışdı.[6] 1560-cı ildə Qalata Hassanın gəmi ustalarından biri oldu. 1563-cü ilin yanvarında İstanbulda vəfat etdi.
1557-ci ildə Seydi Əli Rəis ziyarət etdiyi ölkələr haqqında "Ölkələrin aynası" kitabını yazdı. Eyni dövrdə "Katib-i Rumi" (Qərbin Kitabçısı və ya Anadolu) təxəllüsü ilə bir çox şeirlər də yazmışdı. Seydi Əli Rəis üç elmi əsərin də müəllifidir: "Mir'atü'l-Memalik", "Kitab-ı Muhit" və "Mir'at-ı Kainat".
İstinadlar
- Seydi Ali Reis // AlKindi.
- Seydi Ali Reis // MAK (pol.).
- "Kim Kimdir: Seydi Ali Reis (Turkish)". 2018-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
- "Türk Korsanları: Seydi Ali Reis (Turkish)". 2012-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.
- Commissariat, M. S. History of Gujarat. I. Longman, Greens & Co. 1938. 477–488.
- Giancarlo Casale. The Ottoman Age of Exploration. Oxford University Press. 26 January 2010. səh. 110. ISBN 978-0-19-979879-7. 5 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2021.
Ədəbiyyat
- https://islamansiklopedisi.org.tr/seydi-ali-reis (#bare_url_missing_title).
- . ISBN 9789751611888.
- Charles F. Horne, ed. The Sacred Books and Early Literature of the East. New York: Parke, Austin, & Lipscomb, 1917