Sevinc Sarıyeva
Sevinc Ərşad qızı Sarıyeva (1972, Qarakənd, DQMV) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2015).[1]
Sevinc Sarıyeva | ||
---|---|---|
Ümumi məlumatlar | ||
Doğum tarixi | 1972 | |
Doğum yeri | ||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
|
Musiqiçi məlumatları | ||
Fəaliyyəti | muğam ifaçısı | |
Fəaliyyət illəri | 2000—h.h. | |
Janr | muğam | |
Təhsili | A.Zeynallı adına musiqi texnikumunu, Azərbaycan Milli Konservatoriyası | |
Mükafatları |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Sarıyeva Sevinc Ərşad qızı 1972-ci ildə Xocavənd rayonunun Qarəkənd kəndində anadan olub. Əslən Ağdam rayonunun Mərzili kəndindəndir. 1979-cu ildə Ağdam rayonunda Xudu Məmmədov adına Mərzili kənd orta məktəbində 1-ci sinifə daxil olub. 1989-cu ildə həmin məktəbi bitirmişdir. Eyni zamanda 1985-ci ildə Ağdam rayon Xan Şuşinski adına musiqi məktəbinin xanəndəlik sinifinə daxil olub və 1990-cı ildə həmin məktəbi uğurla başa vurmuşdur. Sevinc Sarıyevanın təhsil aldığı illər ağır bir dönəmə təsadüf etdiyi üçün həmin illərdə doğulub boya-başa çatdığı doğma yurd yerlərinin işğala məruz qalması və eyni zamanda atası Ərşad Sarıyevin erməni əsirliyinə düşməsi ona təhsilini davam etdirməkdə çətinlik yaratmışdır. Daha sonra o Bakıya gəlmiş və təhsilini burada davam etdirərək 1997-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunun xanəndəlik sinifinə daxil olaraq ustad xanəndə Vahid Abdullayevin sinifində muğam sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirmişdir. 2001-2005-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti, professor Arif Babayevin sinifində təhsil almışdır. Həmçinin Əməkdar artist Teymur Əmrahdan vokal dərsləri almışdır.
Fəaliyyəti
Uzun illər Şuşa rayon Qaladərəsi kənd Uşaq Musiqi Məktəbində muğam müəllimi, keçmiş Azərbaycan Dövlət Muğam Teatrında və Gəncə Dövlət Filarmoniyasında solist fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblında solist kimi fəaliyyət göstərərək cəbhə bölgələrində, hərbi hissələrdə vətən müdafiəçiləri qarşısında konsert proqramları ilə çıxış edib. Hal-hazırda isə Beynəlxalq Muğam Mərkəzində solist və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olur.
Xarici ölkələrdə çıxışı
Hələ Ağdamda musiqi məktəbində oxuduğu illərdə 1990-1991-ci illərdə xarici ölkələrdə keçirilən musiqi festivallarında Türkiyənin İstanbul, Ankara şəhərlərində, Tacikistanda, Bolqarıstanda keçirilən festivallarda fəal iştirak etmişdir. Daha sonra xarici ölkələrdə silsilə konsert proqramları ilə çıxış edərək Azərbaycan muğam sənətini təbliğ etmişdir. 1998-ci ildə Qırğızıstanda keçirilən “İssık-Kul-98” Beynəlxal Folklor və Estrada Musiqisi festivalında iştirak etmişdir. Sonralar isə Türkiyə, [2]ABŞ[3], Rusiya, Almaniya, Macarıstan, Yunanıstan, Fransa, İtaliya, Avstriya, Çexiya, İsveç, İngiltərə, Mərakeş, Özbəkistan, Qazaxıstan, BƏƏ, Cənubi Koreya və s. ölkələrdə keçirilən müxtəlif festival və konsertlərdə çıxış etmişdir. 2004-2009-cu illərdə Fransada müqavilə əsasında “Yanar Dağ” adı altında milli muğam qrupu olaraq məşhur fransız musiqiçisi olan Marc Loopuyt-lə birgə çalışmışdır.[4]
Uğurları
- 1995-ci ildə Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilat etdiyi dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş Xanəndələrin Respublika Müsabiqəsində III dərəcəli Diploma layiq görülərək laureat adı almışdır.
- 1998-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Orta ixtisas musiqi məktəblərinin VII Respublika müsabiqəsinsində qalib olaraq I dərəcəli diplomla təltif olunub.
- 14 sentyabr 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar Artist" adına layiq görülüb.[5]
İstinadlar
- "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.
- ""Muğam başdan-ayağa fəlsəfədir, hər yerdə muğam oxumaq alınmır"". 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Muğam dünyamız"a Sevinc Sarıyeva ilə səyahət
- "Fransa Lion Konservatoriyasının "Muğam kursları və Ustad dərsləri" üzrə məzunu Sevinc Sarıyevadır". 2022-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-22.
- "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.