Seul Milli Universiteti
Seul Milli Universiteti (kor. 서울대학교) — Cənubi Koreyanın Seul şəhərinin Kvanakku rayonunda yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir.
Seul Milli Universiteti 서울대, SNU | |
---|---|
37°27′36″ şm. e. 126°57′09″ ş. u. | |
Əsası qoyulub | 1946 |
Tip | Dövlət |
Tələbə sayı | 28,011[1] (2013) |
Şəhər | Seul şəhəri, Kvanakku rayonu |
Ölkə | |
Sayt | snu.ac.kr |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Seul Milli Universiteti ölkədə yaradılmış ilk milli universitetdir. 1946-cı il avqustun 22-də Seulda 10 ali məktəbin birləşdirilməsi nəticəsində yaradılmışdır. Həmin ali məktəblər bunlar idi:
- Kenson Universiteti (kor. 경성대학);
- Kenson Təhsil Kolleci (kor. 경성사범학교);
- Kenson Qızlar Kolleci (kor. 경성여자사범학교)
- Kenson Hüquq Kolleci (kor. 경성법학전문학교);
- Kenson Sənaye Kolleci (kor. 경성공업전문학교);
- Kenson Dağ-mədən Kolleci (kor. 경성광산전문학교);
- Kenson Tibb Kolleci (kor. 경성의학전문학교);
- Suvin Kənd Təsərrüfatı Kolleci (kor. 수원농림전문학교);
- Kenson İqtisadiyyat Kolleci (kor. 경성경제전문학교);
- Kenson Stomatologiya Kolleci (kor. 경성치과의학전문학교).
Universitetin ilk prezidenti Harri Ansted təyin olunur. Bir il yarım tələbə və müəllimlər məktəblərin birləşdirilməsi və Koreyada ABŞ ordusu administrasiyasının yaradılmasına qarşı kütləvi aksiya keçirirlər. Nəticədə 320 professor işdən azad edilir və 4950 tələbə universiteti tərk edir.
Seul Milli Universitetinin ikinci prezidenti Li Çunho 1947-ci ildə təyin edilir. 1950-1953-cü illər Koreya müharibəsi dövründə universitet Punsan şəhərində yerləşən digər ali məktəblərlə birləşdirilir. İlk vaxtlar universitetin kampusu Daehanqno və Jonqno rayonlarında yerləşsə də, 1975-1979-cu illər arasında kampus Kvanakku rayonuna köçürülür. Jonqno rayonunda hazırda Tibb, Stomatologiya və Tibb bacısı kollecləri fəaliyyət göstərir və onların yerləşdiyi ərazi Yeongeon kampusu adlanır.
Müasir vəziyyəti
Seul Milli Universiteti liberal təhsilə əməl edir və insanlarda şəxsi keyfiyyətləri inkişaf etdirən elmlərə üstünlük verir. Cənubi Koreyanın ilk milli universiteti olan bu ali məktəb Koreya yarımadasında sülh və demokratiyanın qorunması ənənələrini davam etdirir. Bu təhsil ocağı tədrisin hərtərəfli inkişafı, beynəlxalq mübadilələrin genişləndirilməsi, təhsilin bütün sahələri üzrə novator tədqiqatların aparılması məqsədi ilə yeni-yeni layihələr həyata keçirir. Seul Milli Universiteti öz missiyasını alim və tələbələri birləşdirərək parlaq intellektual cəmiyyət, işıqlı gələcək qurmaqda görür.
Seul Milli Universitetinin Kvanak və Yeongeon kampusları mövcuddur. Universitetin əsas kampusu olan Kvanak 1975-ci ildə tikilib və Kvanakku və Sillim-donq rayonu ərazisində yerləşir. Kampusda 200-dən çox bina var və onların əksəriyyəti 1990-cı ildən sonra inşa edilib. Kvanak kampusundan 1,5 km aralıda Seul Milli Universiteti metro stansiyası (Seul metrosundan 2-ci xətt) yerləşir. Həmin stansiyadan şəhərciyə avtobuslar işləyir. Kampusda Kvanaksa adlanan yataqxana kompleksi mövcuddur. Bu kompleks 1975-ci ildə yaradılıb. Başqa ali məktəblərin yataqxanalarından fərqli olaraq burada komendant saatı tətbiq olunmayıb. Kompleksdəki binalarda 2200-dən çox tələbə yerləşə bilər. Hazırda yataqxananın köhnə binalarında yenidənqurma işləri gedir və 2011-ci ilin əvvəllərində işlərin tamamlanması nəzərdə tutulur. Tikinti işləri bitdikdən sonra burada 3500-dən çox tələbənin məskunlaşması mümkün olacaq. Yataqxanaların yaxınlığında Nakseonqdae stansiyası yerləşir.
Tibb, Stomatologiya məktəbləri, universitet xəstəxanaları Han çayından şimalda salınmış Yeongeon kampusundadır. 2003-cü ildə Kənd təsərrüfatı, Biologiya elmləri və Baytarlıq məktəbləri Yeongeon kampusundan Kvanak şəhərciyinə köçürülüb. Yeongeon kampusunun yaxınlığında Hiehva metro stansiyası (Seul metrosundan 4-cü xətt) yerləşir. Bu kampusda da tələbə və müəllimlərin daşınmasını təmin etmək üçün çoxlu avtobuslar var. Yeongeon kampusunda Yeongeonsa yataqxana kompleksi salınıb. Kompleksdə ailəli tələbələr üçün 17 məişət yataqxanası, 533 yerlik binalar (bakalavrlar üçün) mövcuddur.
Seul Milli Universitetində 14 kollec, 1 ali məktəb və 9 peşə məktəbi fəaliyyət göstərir.
Humanitar Elmlər Kolleci Koreya, Çin, ingilis, fransiz, alman, rus, ispan dilləri və ədəbiyyatları, Linqvistika, Fəlsəfə, Estetika, Dini tədqiqatlar, Arxeologiya və incəsənət tarixi, Koreya, Asiya, Qərb tarixləri bölmələrindən, Humanitar, Koqnitiv elmlər, Koreya, Amerika elmləri, Fəlsəfi, Tarixi tədqiqatlar institutlarından ibarətdir.
İctimai Elmlər Kolleci Siyasi elmlər, Beynəlxalq əlaqələr, İqtisadiyyat, Sosiologiya, Antropologiya, Psixologiya, Coğrafiya, Sosial təminat, Kommunikasiya bölmələrindən, Sosial Elmlər İnformasiya Mərkəzindən və s. tədqiqat mərkəzlərindən ibarətdir.
Dəqiq Elmlər Kollecində Riyaziyyat, Statistika, Fizika və astronomiya, Kimya, Biologiya, Yer və ekologiya, Tibb və Baytarlıq elmləri bölmələri, eləcə də Tarix və fəlsəfə, Genetika mühəndisliyi, Beyin elmləri, Nano elmlər və texnologiya, Bioinformatika, Hesablama elmi və texnologiyası fənlərarası proqramlar, tədqiqat institutları fəaliyyət göstərir.
Kənd Təsərrüfatı və Həyat Elmləri Kolleci Bitki, Meşə, Qida və heyvan biotexnologiyası, Tətbiqi biologiya və kimya, Landşaft arxitekturası və kənd mühəndislik sistemi, Biomateriallar elmi və mühəndisliyi, Kənd təsərrüfatı iqtisadiyyatı və kənd inkişafı bölmələrindən, Kənd təsərrüfatı biotexnologiyası fənlərarası proqramı, Kənd təsərrüfatı və Həyat elmləri, Kənd təsərrüfatı Biomaterialları, Bitki Molekulyar Genetikası və Becərmə Tədqiqatları, Funksional Məhsul Genomikası institutlarından ibarətdir.
Təhsil Kolleci 9 əsas (Humanitar və ictimai, Dəqiq elmlər, Təsviri incəsənət, Musiqi, Pre-Med tibb, Təbabət, Pre-Veterinar tibbi, Baytarlıq, Tibb bacısı) və 4 kiçik (Humanitar və ictimai, Dəqiq elmlər, Təsviri incəsənət, Musiqi) bölmədən ibarətdir.
Mühəndislik Kollecində Vətəndaş və ətraf mühit, Mexanika və aerokosmik, Material elmlər, Elektrik, Kimya və biologiya, Arxitektura, Sənaye, Enerji resursları, Nüvə, Dəniz arxitekturası və okean, Vətəndaş, şəhər və geosistem mühəndisliyi, Kompüter elmləri və texnologiya bölmələri mövcuddur.
Təsviri İncəsənət Kolleci Şərq, Qərb rəssamlığı, Heykəltəraşlıq, Sənətkarlıq və dizayn bölmələrindən, Vizual İncəsənət İnstitutundan ibarətdir.
Musiqi Kollecində Vokal, İnstrumental musiqi, Kompozisiya, Koreya milli musiqisi departamentləri, Asiya, Qərb, Opera musiqisi tədqiqatı institutları, Kompüter musiqisi laboratoriyası fəaliyyət göstərir.
İnsan Ekologiyası Kollecində İstehlakçı, Ailə tədqiqatları və uşaq inkişafı, Qida və ərzaq, Paltar və tekstil bölmələri və eyniadlı tədqiqat mərkəzləri mövcuddur.
Hüquq Kolleci əvvəllər iki departamentdən - Kütləvi və Özəl hüquq bölmələrindən ibarət olub, 1997-ci ildən isə bir fakültə altında birləşdirilib. Kollecdə Hüquq Tədqiqatları İnstitutu, Yüzillik Zal adlı hakimlər hazırlanan institut, Kuksan hüquq kitabxanası fəaliyyət göstərir.
Tibb Kolleci Əsas tibb elmləri, Anatomiya, Fiziologiya, Biokimya və molekulyar biologiya, Patologiya, Farmakologiya, Mikrobiologiya və immunologiya, Profilaktik tibb, Parazitologiya və tropik tibb, Tibbin tarixi, Tibbi-məhkəmə ekspertizası, Səhiyyə siyasəti və idarəetməsi, Biotibbi mühəndislik, Daxili tibb, Cərrahiyyə, Mamalıq və ginekologiya, Pediatriya, Neyropsixiatriya, Nevrologiya, Dermatologiya, Ortopedik, Plastik cərrahiyyə, Urologiya, Oftalmologiya, Radiasiya onkologiyası və s. bölmələrdən, eləcə də 20-yə yaxın tədqiqat institutundan, xəstəxana və tibb mərkəzlərindən ibarətdir.
Tibb Bacısı Kolleci xəstəyə qulluq sahəsi üzrə bakalavr, magistr və doktorluq (Ph.D) proqramları təklif edir. Kollec Tibb Bacısı Elmləri İnstitutu, Tibb Bacısı Mərkəzi və Beynəlxalq Mübadilə Mərkəzindən ibarətdir.
Əczaçılıq Kolleci 1915-ci ildə Çosun əczaçılıq məktəbi adı altında yaradılıb və Koreyada bu sahə üzrə ilk ali məktəb olub. 1950-ci ildə məktəb Seul Milli Universitetinə birləşdirilib və Əczaçılıq Kolleci kimi fəaliyyət göstərib. Kollecdə Əczaçılıq Elmləri, Təbii Məhsul tədqiqatları institutları, Tibbi Bitkilər Bağı, Əczaçılıq Təhsilinin Davametdirilməsi Mərkəzi, Heyvanlar Üzərində Təcrübə Mərkəzi, Tətbiqi Əczaçılıq bölməsi və s. mövcuddur.
Baytarlıq Kolleci Əsas tibbi elmlər (Veterinar anatomiya, histologiya və embrionologiya, biokimya, psixologiya, farmakologiya, toksikologiya, neyroelmlər laboratoriyaları), Tibbi profilaktika (Veterinar immunologiya, mikrobiologiya, patologiya, parazitologiya və s. laboratoriyalar) bölmələrindən, Klinikalar (Veterinar daxili tibb, cərrahiyyə, radiologiya, infeksion xəstəliklər, quş xəstəlikləri, kliniki patologiya və s. laboratoriyalar), Seul Milli Universiteti Baytarlıq Xəstəxanası, Baytarlıq Elmləri Tədqiqat İnstitutu, Heyvanların Klonlaşdırılması və Gövdə Hüceyrələrinin Tədqiqatı institutlarından ibarətdir.
Ali Məktəb 98 bölmədən ibarətdir. Məktəb çoxlu sayda magistr və doktorluq proqramları təklif edir. Diplomdansonrakı təhsilin məqsədi əldə edilmiş bilik və təhsili genişləndirmək, akademik bacarıqları inkişaf etdirmək, müstəqil tədqiqat aparmaq qabiliyyətini möhkəmləndirməkdir.
Seul Milli Universitetində fəaliyyət göstərən 9 peşə məktəbi bunlardır: səhiyyə, siyasi idarəetmə, ekoloji tədqiqatlar, stomatologiya, menecment, tibb, hüquq, beynəlxalq tədqiqatlar, konvergensiya texnologiyası elmi.
Kitabxana sistemi
Seul Milli Universitetinin kitabxana sistemi ölkədə ən zəngin kitabxanalardan biridir. Sistemə 3814458 cild kitab, 276761 kitabça və digər resurslar, 6943 qəzet və jurnal, 199032 dövri nəşr, qədim mətnlər və s. daxildir. Kitabxananın əsas binası Kvanak kampusunda yerləşir və Mərkəzi kitabxana adlanır. Bununla yanaşı, hər kollec və məktəbin özünün kitabxanası fəaliyyət göstərir. Mərkəzi kitabxanada rəqəmsal bölmə var və burada sistemdə mövcud olan resursları asanlıqla əldə etmək mümkündür. Rəqəmsal kitabxanada slayd mühazirələr, dissertasiyalar, videosərgilər nümayiş olunur, elmi tədbirlər, simpozium və seminarlar təşkil edilir. Seul Milli Universiteti kitabxanasının hazırkı direktoru 2009-cu ildə bu vəzifəyə təyin edilmiş ilahiyyat üzrə professor Kim Çen Seodur.
Muzeyləri
Seul Milli Universiteti Muzeyi Kvanak kampusunda yerləşir və 1946-cı ildə universitetlə birgə yaradılıb. Əvvəllər ikimərtəbəli Donsun-don binasında yerləşən muzey 1993-cü ildə yeni binaya köçürülüb. 1995-ci ildə universitetin İncəsənət muzeyi yaradılıb. 2003-cü ildə inşa edilən muzeyin yeni binası qeyri-adi forması ilə diqqəti cəlb edir. Binaya baxanda elə təsəvvür yaranır ki, onun bir hissəsi havada dayanıb.
Kontingent
Seul Milli Universitetinin hazırkı 25-ci prezidenti siyasi elmlər üzrə professor Yen-Çen Ohdur. Bu vəzifəni o, bu ilin iyul ayından icra etməyə başlayıb və onun prezidentlik səlahiyyəti 4 il davam edəcək. Universitetin vitse-prezidentləri isə Park Myunq-Jin və Li Senq Jonqdur. Hazırda bu ali məktəbdə ümumilikdə 5807 nəfər işçi çalışır.
Seul Milli Universitetində 26030 nəfər tələbə təhsil alır. Bunların 15976 nəfəri bakalavr, 10054 nəfəri isə magistr və doktorantdır. Universitetdə oxuyan tələbələrin 2961 nəfərini əcnəbi gənclər təşkil edir. Bütün dünya üzrə universitetin məzunlarının sayı 330000 nəfərə bərabərdir.
Xarici əlaqələri
Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür[2].
Büdcəsi
2009-2010-cu ildə Seul Milli Universitetinin ümumi büdcəsi 559 milyon ABŞ dolları, ianə fondunun gəlirləri isə 134,2 milyard Cənubi Koreya vonu (145,6 milyon ABŞ dolları) təşkil edib.
Təhsil haqqı
2010-2011-ci tədris ilində bakalavr pilləsində tələbələrin təhsil haqqı məktəb və fakültədən asılı olaraq birinci kursda 2780000-5384000 Cənubi Koreya vonu, ikinci və üçüncü kursda 2611000-4964000 Cənubi Koreya vonu, dördüncü kursda isə 2537000-4816000 Cənubi Koreya vonu arasında dəyişir. Magistratura və doktorantura pillələrində təhsil haqqı 3325000-8779000, 38789000 (Biznes Məktəbi) Cənubi Koreya vonu təşkil edir.
Seul Milli Universitetində tələbələrə müxtəlif təqaüdlər təklif olunur. Koreya Dövləti Təqaüd Proqramının bakalavr pilləsində təhsil alan tələbələrə verdiyi təqaüdün məbləği ayda 800000 Cənubi Koreya vonu, magistratura və doktorantura pillələrində 900000 Cənubi Koreya vonu təşkil edir. Koreya Təqaüd Fondunun ayırdığı təqaüdün məbləği ildə 4000000 Cənubi Koreya vonu, Devunq təqaüdü - ildə 2000000 Cənubi Koreya vonu, Koreya-Yaponiya Mədəniyyəti Assosiasiyası təqaüdü ildə 3500000 Cənubi Koreya vonu olur.
Reytinqi
2015/16[3] | 2014/15[4] | 2013/14[5] | 2012/13[6] | 2011/12[7] | 2010/11[8] |
---|---|---|---|---|---|
36 | 31 | 35 | 37 | 42 | 50 |
2014/15[9] | 2013/14[10] | 2012/13[11] | 2011/12[12] | 2010/11[13] |
---|---|---|---|---|
50 | 44 | 59 | 124 | 109 |
Məşhur məzunları
Cənubi Koreyanın dövlət xadimlərinin, alim, siyasətçi və iş adamlarının əksəriyyəti Seul Milli Universitetini bitirib. Seul Milli Universitetini, adətən, dövlət qulluqçuları istehsal edən "dəmirçixana" adlandırırlar. Hətta hərdən Cənubi Koreya sakinləri bu ali məktəbi həddindən artıq elitar və bürokratik olmaqda ittiham edirlər.
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Pan Gi Mun – BMT-nin Baş katibi, Cənubi Koreyanın sabiq xarici işlər naziri;
- Çon Un-Çan – Cənubi Koreyanın Baş naziri;
- Kim En Sam – Cənubi Koreyanın yeddinci prezidenti;
- Kan Kum-Sil – Cənubi Koreyanın 55-ci ədliyyə naziri;
- Kan Yu Siq – "LG" şirkətinin baş direktoru;
- Çin Dz-e – "Samsunq" şirkətinin sabiq baş direktoru;
- Çanq Monq-jun – "Hyunday Heavy İndustries" şirkətinin sabiq icraçı direktoru, FİFA-nın vitse-prezidenti;
- Kim Çon Çju – "Nexon" korporasiyasının yaradıcısı;
- Kim Çi-Xa – yazıçı;
- Li Xe Sok – yazıçı;
- Park Van-Seo – yazıçı.
Həmçinin bax
Mənbə
- Lamiyə Əliyeva, Dünya universitetləri: Seul Milli Universiteti Arxivləşdirilib 2014-09-15 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 24.09.2010, № 37. (az.)
İstinadlar
- Seoul National University Arxivləşdirilib 2020-02-27 at the Wayback Machine. 01.04.2013, snu.ac.kr (ing.)
- 17 Members Arxivləşdirilib 2022-07-09 at the Wayback Machine. aearu.org (ing.)
- "QS World University Rankings (2015)". 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-27.
- "QS World University Rankings (2014)". 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2013)". 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2012)". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2011)". 2012-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "QS World University Rankings (2010)". 2011-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
- "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
- "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
Xarici keçidlər
- snu.ac.kr — Seul Milli Universitetinin rəsmi saytı