Serpentin
Serpentin – Mg3 (OH)4 [Si2O5] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Serpentin | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
Xrizotil-asbest (paralel-lifli) və sermatit (dolaşıq-lifli) aqreqatlar; serpofit–mum parıltılı opalabənzər sıx növ müxtəlifliyi.
Xassələri
Rəng – müxtəlif çalarlı yaşıl, bəzən ağ, qara, qızılı çalarlı yaşılımtıl-sarı, bozumtul-yaşıl, nadir hallarda yasəməni-göy, pozulmuş şəkildə – qar kimi ağ (xrizotil-asbestdə); solğun, sarımtıl-zeytunu-yaşıl (serpofitdə); Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, ipəyi, sədəfi, mum; Şəffaflıq – qeyri-şəffafdan şəffafadək; Sıxlıq – 2,5- 2,7; Sərtlik – 2,5-3; lifləri əyilgəndir, lakin elastik deyil, bəzən asanlıqla sınır; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – sıx kütlələrdə hamar və qabıqlı, asbestdə – tikanlı; Başqa xassələr – xrizotil-asbest üçün istiyədavamlılıq, elektrik cərəyanını və səsi pis keçirmək, yüksək adsorbsion qabiliyyəti səciyyəvidir; Morfologiya – mineral aqreqatları: massiv gizlikristallik, paralel- və dolaşıq-lifli.
Mənşəyi və yayılması
Hiperbazitlərin dəyişilmə məhsulu olub, olivin və enstatitin, nisbətən az hallarda diopsid və hornblendin hesabına əmələ gəlir. Karbonat süxurlarının kontakt dəyişilmələrinin məhsulu kimi onların turş intruzivlərlə kontakt zonalarında əmələ gəlir. Serpentin qrupu minerallarının, xüsusilə onların nikelli növ müxtəlifliklərinin əmələ gəlməsi üçün əlverişli mühit hiperbazitlərin aşınma qabığıdır. Birlikdə rast gəldiyi minerallar: olivin, talk, brusit, karbonatlar. Mineralın tapıldığı yerlər: Teyford-Mayns (Kanada); Skarnum (Norveç); Zabaykalye, Uralda Bajenov yatağı, Alapayev, Krasnoural, Rejevski rayonları (Rusiya); Transvaal (CAR) və b. Azərbaycanda hiperbazitlərin dəyişilmə məhsulu kimi Kiçik Qafqazın ofiolit zonasında geniş yayılmışdır. Göydərə yatağı, İpək təzahürü və b. xromit filizi obyektlərinin əsas minerallarından biridir.
Tətbiqi
Mineralın massiv, gözəl rəngli növ müxtəliflikləri xırda məmulat hazırlamaq üçün yaxşı materialdır. Xrizotil-asbestin yuxarıda göstərilən mühüm xassələri ondan əsas asbest xammalı kimi sənayenin müxtəlif sahələrində geniş istifadə etməyə imkan verir.
İstinadlar
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.