Sentrokaspi Diktaturası
Sentrokaspi Diktaturası (rus. Диктатура Центрокаспия) — 1 avqust 1918-ci ildə Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən qurulmuş tanınmamış dövlət. Bakı Kommunasını devirən diktatura cəmi 45 gün hakimiyyətdə qalmışdır.
Tarixi dövlət | |||
Sentrokaspi Diktaturası | |||
---|---|---|---|
Диктатура Центрокаспия | |||
|
|||
|
|||
Paytaxt | Bakı | ||
Dilləri | Azərbaycan dili | ||
Rəsmi dilləri | rus dili | ||
İdarəetmə forması | Diktatura |
Hökumət
Sentrokaspi Diktaturası 5 nəfər diktatordan ibarət idi. Bakı Kommunasını devirən əsas şəxslər Xəzər donanmasından H.Tuşov (diktatorlardan biri), Peçenkin, M.Tyuşkov, Buşev, Lemley (diktatorlardan biri), Yermakov (diktatorlardan biri), eserlərdən Lev Umanski, Abram Veluns (diktatorlardan biri), menşeviklərdən Qriqori Ayollo, M.Sadovski, daşnaklardan A.Arakelyan və S.Məlik-Elçiyan idi.[1]
Britaniya dəstəyi
Lionel Denstervil tərəfindən göndərilən polkovnik C.B.Stokes başçılığında ilk 44 nəfərlik hərbi hissə avqustun 4-ü Bakıya çıxdı. Həmin gün bir alman diplomatik missiyası "Kursk" gəmisində Həştərxandan Bakıya gəldi və "Türk qərargahı"nın yerini soruşdu. Lakin şəhər hələ türklərin əlində deyildi. Bundan şübhələnən diktatura missiyanı həbs etdi. Sonrakı hərbi hissə polkovnik R.Keyworth başçılığında gəlib Bakıya çatdı. Diktatura bu qədər az əsgərin gəlməsini xoş qarşılamamışdı. Bunu Daşnaksütun nümayəndəsi doktor Aratyan vasitəsilə Denstervilə çatdırmışdılar. Diktatura "Kursk" və "Abo" gəmilərini britaniyalıların ixtiyarına vermişdi. Lionel Denstervil özü isə "Prezident Krüger" gəmisi ilə Serbiya bayrağı altında Bakıya yol almışdı.[2] Diktatura isə şəhərdə hakimiyyəti ələ ala bilməmişdi. 15 avqust 1918-ci ildə polkovnik R.Keyworth şəhərdə özbaşınalıq olduğunu, əsgərlərin istədiyi vaxt hərbi hissəni tərk edib şəhərə getdiyini, sanitar vəziyyətin acınacaqlı halda olmasını, aclığın başladığını yazırdı.[3] Denstervil özü artıq 17 avqustda Bakıda idi. Erməni polkovnik Avetisyanı Muğan Müvəqqəti Hərbi Diktaturasına köməyə göndərərək əsas gücü özü əlinə aldı. Diktatorlar özləri ancaq ofisdə otururdular və cəbhə xəttinə getmirdilər.
Bakının ələ keçirilməsi
14 sentyabrda Qafqaz İslam Ordusunun yekun hücumlarından sonra, britaniyalılar Bakıda qalmağın mümkün olmaması haqqında mərkəzə məlumat vermişdilər. Diktatorlar Lemley və Sadovski Denstervilə geri qayıtmaq əmri versə də Britaniya ordusu çoxdan şəhəri tərk etmək qərarına gəlmişdi. 1918-ci il 15 sentyabr tarixində Bakı döyüşü nəticəsində Sentrokaspi Diktaturası məğlub olmuş və Bakı şəhəri Azərbaycan Demokratik Respublikasının nəzarəti altına keçmişdir.
İstinadlar
- Cəmil Həsənli - Али Мардан-бек Топчибашев: Жизнь за идею - 2014, Moskva, ISBN 978-5-9765-1757-8
- Cəmil Həsənli - РУССКАЯ РЕВОЛЮЦИЯ И АЗЕРБАЙДЖАН - 2011, Moskva, Издательство «Флинта»
- Lionel Denstervil - "Dunsterforce macəraları", 1920, səh 228.