Sarısu gölü

Sarısu gölüAzərbaycan Respublikasının ən böyük gölü olub, İmişliSabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var. Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir.

Sarısu gölü
Sarısu gölü qışda
Sarısu gölü qışda
Ümumi məlumatlar
Eni 3,0 km
Sahəsi 65,7 km²
Həcmi 59,1 ml
Dərin yeri 6,0 m
Orta dərinliyi 1,0 m
Yerləşməsi
40°02′50″ şm. e. 48°10′22″ ş. u.
Ölkə  Azərbaycan
Yerləşməsi İmişli rayonu
Sabirabad rayonu
Sarısu gölü xəritədə
Sarısu gölü
Sarısu gölü
Sarısu gölü xəritədə
Sarısu gölü
Sarısu gölü

Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Suyun həcmi təqribən 60 min m³, orta dərinliyi 1 m, maksimal dərinliyi 6 m, orta eni 3 km təşkil edir. Göl akvatoriyasının açıq hissələrində dərinliklər 1–3 m, sahilə yaxın hissələrində 0,1–0,9 m arasında dəyişir. Bəzi illərdə (1976-cı ildə) Kür çayının daşqın suları gölün həcmini 3–5 dəfə artırıb. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Ötən illə müqayisədə cari ildə suyun səviyyəsi təqribən 40% azalmışdır. Sarısu gölündə buz hadisələrinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındadır. Gölün səthi bəzi illərdə buzla örtülür, davametmə müddəti 11 gündür.

Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu , bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300–350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, qarabatdaq, boz vağ) qışlamasını təmin edir. Gölün ərazisində Allahmədətli yaşayış məntəqəsinin yaxınlığında fəaliyyət göstərməyən balıq vətəgələri və XVI–XVII əsrlərə aid olan qəbiristanlıq vardır.

Sarısu gölünü şimaldan Kür çayı, yaşayış məntəqələrindən isə avtomobil yolu kimi istifadə olunan torpaq bənd ayırır, bu da gölün yaşayış məntəqələrindən axıdılan tullantılarla çirklənməsinin qarşısını alır. Gölün cənub istiqamətdən çirklənməsinə səbəb ətraf ərazilərdə neft çıxarılması (Muradxanlıneft) zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılmasıdır. Sarısu gölünün şərqdən Kür çayına axını Muradbəyli yaşayış məntəqəsi yaxınlığında tikilmiş hidroloji qurğu (suburaxıcı) vasitəsilə tənzimlənir.

Gölün suyu zəif qələvi xarakterlidir. Spesifik iyi yoxdur, şəffaflığı ayrı-ayrı nöqtələrdə müxtəlifdir. Asılqan maddələrin miqdarı orta qiymətlə 66 mq/l-dir. Su nümunələri kağız filtrdən yaxşı süzülür. Suyun oksigenlə doyma faizinin yüksək olması isə onun kimyəvi vəziyyətinin qənaətbəxş olduğunu göstərir. Göl üzrə ümumi minerallaşma yüksəkdir. Suyun codluğu YVQH-dən bir necə dəfə çoxdur. Su yüksək minerallaşmaya və codluğa malik olsa da ümumilikdə kimyəvi xarakteristikasına görə təmiz su sinfinə aiddir.

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.