Sarıdərə nekropolları
Sarıdərə nekropolları — Şahbuz rayonunun ərazisində yerləşən abidələr.
I Sarıdərə nekropolu
I Sarıdərə nekropolu Şahbuz rayonunun Aşağı Remeşin kəndi yaxınlığında, Sarıdərə adlı yerdə yerləşən, tunc dövrünə aid arxeoloji abidədir. Abidə bir – birinin yaxınlığında, müəyyən xüsusiyyətləri ilə fərqlənən üç qəbirdən ibarətdir.[1]
Qəbirlər xeyli dağıldığından onların əlamətlərini izləmək xeyli çətinləşmişdir. Qəbirlərin torpaq qəbirlər olması ehtimal edilməkdədir. Qum qatışıqlı gildən hazırlanmış və çəhrayı rəngdə bişirilmiş bir neçə ədəd kasa (xarici səthləri yaxşı hamarlanmışdır) və sair maddi mədəniyyət nümunələri toplanmışdır. Tapıntılara əsasən I Sarıdərə nekropolunun e.ə. II minilliyə aid olması güman edilir.
II Sarıdərə nekropolu
II Sarıdərə nekropolu Şahbuz rayonunda Küküçayın sağ sahilində, dağ silsiləsinin çaya enən yamacına yerləşən arxeoloji abidədir. Ərazi uzun müddət əkin sahəsi kimi istifadə edildiyindən dağıntıya məruz qalmışdır.
Nekropoldakı oval təpələrdən ibarət kurqanlardan dördü salamat qalmışdır. Təpələrin hündürlüyü 1,5 metrdir. 1987–ci ildə aparılan tədqiqatlar zamanı kurqanlardan boz rəngli gil qab qırıqları, möhrə döşəmə üzərində sklet qalıqları, dən daşı, çəhrayı rəngli əqiqdən hazırlanmış muncuqlar aşkar edilmişdir.[1]
Qəbir daşlarından birinin üzərindəki piktoqrafik işarələr çox güman ki, qədim insanların axirət dünyasına inamı ilə bağlı olmuşdur. Tapıntılar son tunc və ilk dəmir dövrlərinə aid edilməkdədir.
III Sarıdərə nekropolu
III Sarıdərə nekropolu, II Sarıdərə nekropolundan şimal–şərqdə yerləşən arxeoloji abidədir. Abidə Küküçaya tökülən azsulu çayın yatağına enən yamacdadır. Nekropolun bir hissəsi sel suları tərəfindən yuyulduğundan dağılmışdır. Çayın içərisində kəllə qapağına, boz rəngli gil qab qırıqlarına təsadüf edilmişdir.
Qəbirlərdən kəllə sümüyü, skelet qalıqları, boz və cəhrayı rəngli gil qab qırıqları, tunc bəzək əşyaları (bilərzik, sırğa, muncuq, asma, toqqa, boyunbağı və s.), ox ucluqları, obsidian qəlpələri, tuncdan tökülmüş quş fiquru və digər maddi mədəniyyət qalıqları aşkara çıxardılmışdır.[1] Tapıntılara əsasən nekropolun e.ə. III minilliyin sonu – e.ə. XII – X əsrlərə aid olduğu ehtimal edilir.
İstinadlar
- A. Q. Seyidova – Naxçıvan Tunc dövründə, Bakı, 2000
Mənbə
- Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild. Bakı: Elm, 2007