Samur-Şabran fiziki-coğrafi rayonu

Samur-Şabran fiziki-coğrafi rayonu - Azərbacanın Böyük Qafqaz fiziki-coğrafi vilayətində yerləşən fiziki-coğrafi rayon. Cənub-şərqi Qafqazın şimal-şərq yamacı ətəyində yerləşib, Xəzər dənizi ilə alçaq dağlıq ərazisi arasında qalan düzənlik və ovalığı əhatə edir.

1 - Samur-Şabran fiziki-coğrafi rayonu

Mövqeyi

Böyük Qafqaz fiziki - coğrafi vilayətinin şimal-şərqində yerləşən fiziki-coğrafi rayon Samur-Dəvəçi ovalığına uyğun gəlir. Rayonun şimal sərhəddi Samurçay dərəsinin aşağı axınından, cənub sərhədi isə Sumqayıtçayının mənsəb hissəsindən keçir. Düzənlik şimal hissədə geniş (25–30 km) olub, cənub-şərqə doğru tədricən daralır. Beşbarmaq dağından şərqə bu düzənliyin eni 3–4 km-ə qədərdir. SamurçayQudyalçay arasında Şollar düzü yerləşir.[1]

Geoloji quruluşu

Ərazi Dördüncü Dövrün allüvial, buzlaq və dəniz çöküntülərinin qatışığından əmələ gəlmişdir. Ərazinin qərbində çay, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Çay daşları, qumlar, gillər, balıqqulaqları və bəzən konqlomeratlar ərazinin əsas süxurlarındandır.[2]

Çay çöküntüləri rayon ərazisində gətirmə konusları yaratmış. Gətirmə konuslarının paleocağrafi təhlili göstərir ki, onlar müxtəlif geoloji dövrdə müxtəlif ərazilərə çökmüşdür. Yeni tektonik hərəkətlərin ritmikliyini və eroziya bazisinin dəyişmə istiqamətini özündə cəmləşdirən gətirmə konusları ən qədim zamanlarda dağarası çökəkliklərdə, Dördüncü Dövrdə isə onun düzənlik və ya dəniz hövzəsi ilə qovuşduğu hissədə yaranmışdır.

Böyük SuvalKiçik Suval maili düzənliklərinin morfoloji təhlili göstərir ki, onlar ümumi tektonik qalxma fonunda gətirmə konuslarının bir neçə dəfə yerdəyişməsi nəticəsində yaranmışdır. Suval maili düzənliklərinin hər ikisi Dördüncü Dövrün Abşeron əsrində (1,5 mln. il bundan əvvəl) 200-300 metr mütləq yüksəklikdə yerləşərkən Samur, QusarQudyal çaylarının gətirmə konusunu təşkil etmişdir.

Böyük SuvalKiçik Suval dağları zonasında baş verən intensiv tektonik qalxma gətirmə konuslarının bir qədər şərqə miqrasiya etməsinə səbəb olmuşdur. Bu proses son bir milyon il ərzində ən azı dörd dəfə təkrar olmuşdur. Nəticədə Samurun gətirmə konusunun qədim hissəsi 1900 metrə qaldırılmış, müasir hissəsi isə Xəzər dənizi sahillərində formalaşmaqdadır.

Relyefi

Qaraçay. Hülövlü kəndi yaxınlığında.

Samur-Dəvəçi ovalığı dağlıq ərazidən Xəzər dənizi sahillərinə doğru alçalır. O, qərbdə bəzən 200–300 m-ə qədər ucaldığı halda, şərqdə - 28 m-ə qədər okean səviyyəsindən aşağı enir. Ovalığın qərb və mərkəzi hissələri çayların dağlardan gətirdiyi zəngin allüvial çöküntülərdən təşkil olunmuş gətirmə konuslarından yaranmışdır. Caqacuqçay, Vəlvələçay, Dəvəçiçay, Ataçay çaylarının gətirdiyi çöküntülər eyni adlı gətirmə konusları yaratmışdır. Onlar alçaq dağlığa qovuşan hissədə çay dərələri ilə kəsildiyindən ayrı-ayrı düzənlik, mərkəzdə isə bir-birinə qovuşaraq vahid düzənlik sahə yaradır. Düzənlik şərqdə dəniz mənşəli olduğundan onun hamardır. Xəzər dənizi səviyyəsinin aramsız olaraq aşağı düşməsi çay yataqlarının tədricən şərqə doğru miqrasiyasına səbəb olur.

Ovalığın relyefi, qeyd etdik ki, hamar düzənlikdən ibarətdir. Lakin bu hamarlıq ancaq bir yerdə -Tel təpəliyində pozulur. Tel təpəliyi eyni adlı gömülmüş qalxmanın relyefdə öz əksini tapan qalığıdır. O, Xəzər dənizi səviyyəsindən 50-60 metr yüksəkdir. Ümumiyyətlə, Samur-Dəvəçi ovalığında bir neçə gömülmüş tektonik qalxma vardır. Bura Şirvan, Xudat, Zizik, Çarxı, Xaçmaz və başqaları daxildir. Onlar relyefdə öz əksini yetərincə aydın göstərir. Gömülmüş qalxmalara rast gələn çaylar ya sağa, ya sola meyl edərək düzənlikdə dirsək yaradır. Qalxmaqda olan maneəyə üstün gələ bilməyən çay öz yatağını dəyişib başqa yerdən axdığından həmin ərazilərdə axmazlar qalmışdır. Gömülmüş qalxmalar relyefdə bir növ bənd olduğundan onların ön hissələrində bataqlıqlar və şorakətlər yaranmışdır.

Xəzər sahili ovalığının şərq hissəsi boyu nisbi yüksəkliyi 4-6 metr olan dik yamaclar uzanır. Sahilboyu düzənlikdə eol proseslərindən yaranmış qum tirələri və təpələri vardır. Ovalığın Giləzi çıxıntısında təbaşir dövrünün əhəngdaşları, qumdaşları və şistlərdən ibarət olan süxurlar üzə çıxır. Abraziya mənşəli bu düzənlikdə və xüsusilə Xəzərin bura yaxın hissəsində iri Dübrar qayaları üzə çıxır.

Qafqazqabağı çökəkliyə daxil olan Samur-Dəvəçi ovalığında zəlzələ yeddi bala qədərdir. 1961-ci ildə Qubada baş verən zəlzələ 7 bala çatmışdır.

İqlimi

Samur-Dəvəçi ovalığında yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi hakimdir. Burada günəşli saatların illik miqdarı 2200-ə qədərdir. Ümumi günəş radiasiyasının illik miqdarı 130 kkal/sm²-dir. İyul ayında torpaq səthi ilə hava temperaturu arasındakı orta aylıq fərq ovalıqda 6-7° arasındadır. Buxarlanma defisiti (il ərzində) şimal-qərbdən (500 mm) cənub-şərq (700–900 mm) istiqamətində artır. Buna görə də Giləzi çıxıntısı və ondan cənubda olan düzənlikdə əkinçiliyin suvarmaya böyük ehtiyacı var. Havanın orta illik temperaturu 14°, yanvarın orta aylıq temperaturu 0 +3°, iyulun orta aylıq temperaturu isə 25°-dir. İl ərzində havanın mütləq minimal temperaturu - 22°, mütləq maksimal temperaturun isə 43°-dir. Qışda mütləq minimal temperaturun vaxtaşırı təkrarı çoxillik kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurur.

Ovalıqda ildə 300–400 mm yağıntı düşür. İlin soyuq və isti yarısı arasında yağıntılar bərabər paylanmışdır. Qrunt sularının səthə yaxınlığı bitki və torpaq örtüyünün normal inkişafına əsaslı təsir göstərir. Quraq keçən illərdə kənd təsərrüfatı bitkilər ciddi ziyan çəkir. İl ərzində qar örtüyü 10-20 gün davam edir, nisbi rütubət cüzi (20-30 %) və zəifdir (30-50 %). Ovalığın mərkəzi və xüsusilə cənub-şərq hissəsində ağ yelli günlərin (aprel-sentyabr) sayı 10 gündən 30 günə qədər davam edir. Ovalığın Xaçmaz hissəsində hakim küləklər qərbdən, şimal-qərbdən və qismən şimaldan əsir. Şərq və xüsusilə cənub küləkləri çox azdır.[3]

Daxili suları

Bakı-Şollar su xəttinin çəkilişi. XX əsr

Çay şəbəkəsinin sıxlığı şimal-qərbdən (0,80 km/km²) cənub-şərq istiqamətində kəskin azalır (0,20 km/km²). Samur-Dəvəçi ovalığında orta illik axım 0,5 l/san/km²-ə bərabərdir. İllik maksimal axım dövrü bu rəqəm 75 l/san/km²-ə qədər artır.

Şollar düzündə dördüncü dövr çöküntülərdə geniş yayılmış və az duzluluğa malik olan yeraltı və artezian suları ilə xarakterizə olunur. Şollar düzündə olan ərazi şirin sulu olub, intensiv axım zonasına daxildir. Suda həll olunan duzların miqdarı 1 q/l-dən azdır. Ərazidə qazılmış artezian quyularından çıxan bol su Bakının içməli su ilə təmin edilməsində böyük rol oynamış.[4]

Torpaq və bitki örtüyü

Şollar düzü. Təbii meşə zolağı

Samir-Dəvəçi ovalığının torpaq örtüyü mürəkkəbdir. O, müxtəlif hidrogeoloji və iqlim şəraitinə daxil olduğundan burada bir neçə torpaq tipi və yarımtipi əmələ gəlmişdir. Ovalığın Şollar hissəsində əsasən karbotansız allüvial-çəmən-meşə (şərqdə) və meşə altından çıxmış yuyulmuş qəhvəyi (qərbdə) torpaqlar yayılmışdır. Şabran ərazisindən cənubda (Siyəzənə qədər) boz və çəmən-boz torpaqlar, ondan cənub-şərqdə isə şorakətvari boz-qonur torpaqlar üstünlük təşkil edir. Karbonatsız allüvial çəmən, yuyulmuş qəhvəyi torpaqlar, tərəvəzçilik, üzümçülükbağçılıq üçün yararlıdır. Dəniz sahili boyu (xüsusilə Şabran rayonu ərazisində) qum təpələri dar bir zolaq təşkil edir. Hərəkətdə olan qumlar qonşu ərazi torpaqlarına ciddi ziyan vurur. Qum əkin sahələrini basmasın deyə, Keşçayın mənsəbindən şimala meşə zolağı salınmışdır.[5]

Torpaq qatı müxtəlif olduğu kimi, bitki örtüyü də tip və növlərə görə müxtəlifdir. Dənizsahili boyu uzanan qumsal sahədə bitmiş bitkilərdən qərbdə - Şollar düzünün şərqində qarışıq yarpaqlı aran meşələri inkişaf etmişdir. Uzunsaplaq palıd, qarağac, vələs bu meşənin əsas tərkib hissəsini yaradır. Yalama meşələrində ağaclara sıx sarmaşmış müxtəlif növ sarmaşıqlar da vardır. Onlar meşələri bəzən keçilməz edir. Şollar düzü meşələrindən qərbdə, əsasən meşənin yerində kolluq və seyrək-meşəli çəmənlər əsas yer tutur. Aran meşələri bu ərazidə iri talalar şəklində saxlanılmışdır.Çəmən-kolluqdan qərbə yarımkserofit kolluqların və kolluqların (qaraktikanın) üstünlük təşkil etdiyi zolaq uzanır.

Yuxarda dediyimiz bitki örtüyü Şabrançayı yatağından şimala yayılmışdır. Bu çaydan cənubda yarımsəhra bitkiləri hakimdir. Burada yovşanlı, yovşanlı-şoranlı, Giləzi və Boğaz ovalığında isə birillik şoranotlu bitkilər üstünlük təşkil edir. Aran meşəsində cüyür, yenot, süleysin, çöl donuzu, bataqlıq qunduzu, daşlıq dələsi və başqa heyvanlar yaşayır. Qırqovul, kəklik buranın təbiətinə xüsusi canlılıq gətirir.

Faydalı qazıntıları

Samur-Dəvəçi ovalığının dağətəyi (Siyəzən) hissəsində neft çıxarılır.[6] Neftli strukturlar Qonaqkənd fikizki-coğrafi rayonunun alçaq dağlarına qədər uzanır. Ovalıqda inşaatda istifadə ediləcək gillər vardır.

Təsərrüfatın strukturu

Şollar düzünün şərq hissəsində - XudatXaçmaz zonasında faraş tərəvəzçilik geniş inkişaf etmişdir. Burada becərilən tərəvəz məhsulları Moskvaya, Sankt-Peterburqa, Bakıya və başqa şəhərlərə göndərilir. Samur çayından baş götürən Samur-Abşeron kanalı ərazi torpaqlarından istifadə və xüsusilə suvarma əkinçiliyinin genişləndirməyə kömək etmişdir. Suvarmadan xüsusilə ovalığın quru-çöl və yarımsəhra sahəsində daha çox istifadə edilir. İndi ovalıqda üzümçülük, tərəvəzçilik, bağçılıq, taxılçılıq, maldarlıq daha geniş yayılmışdır.

Turizm

Nabran çimərliyi. Xaçmaz rayonu

Samur-Dəvəçi ovalığının şimal (Şollar düzü) hissəsində olan aran meşəsi, meşə-çəmənlik, meşələrdən axan çaylar və soyuq bulaqlar zonası Xəzər dənizi ilə qovuşur. Həmin ərazilər artıq rekresiya zonasına çevrilmişdir. Burada onlarca istirahət mərkəzləri, uşaq istirahət zonaları fəaliyyətdədir. Burada, meşələrin qumlu sahillərlə qonşu olduğu mənzərəli yerdə, turizm infrastrukturu həddən artıq dərəcədə inkişaf etmiş, çoxlu sayda otel, turbaza, pansionat, istirahət evləri inşa edilmişdir. Şərait “lüks” sinifli təmtəraqlı mehmanxanalardan, az sayda adam üçün nəzərdə tutulmuş səliqəli kotteclərdən, çadır şəhərciklərinədək müxtəlifdir. Nabranın kurortları Azərbaycanın iqlim kurortlarına aiddir. Buraların dəniz suyu, qaynar qum və günəş vannaları tam istirahət və bir çox xəstəliklərin müalicəsi üçün həddən artıq xeyirli hesab olunur. Mövsüm vaxtı Nabranda adam çox olur, ölkənin hər tərəfindən və xaricdən minlərlə turist güc toplamaq və adi iş günlərindən sonra istirahət etmək üçün bura gəlir. Burada meşələr çox qədim dövrlərdən qalmışdır, əsasən fıstıq və qarağac ağaclarından ibarətdir.

Ən populyar turbazalar Atlant, Palma, Malibu, Sahil, Lotos, Green Ville və digərləridir. İstirahət edənlər tərəfindən ən çox tələb olunan istirahət növləri akvaparklar, hovuzlar, skuterlərdə, “bananlarda” gəzinti, peyntbol oyunu, futbol, çimərlik voleybolu, tennis, badminton və digərləridir. Sahilboyu hər tərəfdə milli və Avropa mətbəxinin zərif yeməklərini təqdim edən çoxlu sayda restoran və barlar və səhərədək diskotekalar fəaliyyət göstərir.[7]

İstifadə olunmuş ədəbiyyatlar

  • B.A.Budaqov. "Azərbaycan təbiəti" Bakı. 1988. s.93-98
  • Мусеибов М.А., Будагов Б.А. "О новом физико-географическом районировании Азербайджанской ССР, № 2, 1975, с.71-75

İstinadlar

  1. Samur – Dəvəçi fiziki-coğrafi rayonu. Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine Qurbanov Veis Aydın oğlu. “Böyük Qafqazın şimal-şərq və cənub-qərb yamaclarında təbii dağıdıcı proseslərin yaratdığı ekoloji problemlər və onlara qarşı mühafizə tədbirləri”. Bakı - 2015. 99 s. səh. 6
  2. Bəhruz Məlikov. Relyefin və relyefəmələgətirən amllərin ümumi səciyyəsi
  3. Azərbaycan. Fiziki coğrafi rayonlaşdırma Arxivləşdirilib 2021-08-12 at the Wayback Machine. Böyük Qafqaz fiziki-coğrafi vilayəti
  4. "Бакинский водопровод - шолларская вода". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
  5. "Azərbaycan torpaqları". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
  6. "Siyəzən rayonun tarixi haqqında ümumi məlumat". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
  7. "Xaçmaz". 2017-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.