Saleh Salahzadə
Saleh Tağı oğlu Salahzadə (26 avqust 1953, Laçın – 7 mart 2023, Bakı) — Azərbaycan idman jurnalisti, ssenarist, teatrşünas, rejissor.[1]
Saleh Salahzadə | |
---|---|
Saleh Tağı oğlu Salahzadə | |
Doğum tarixi | 26 avqust 1953 |
Doğum yeri | |
Vəfat tarixi | 7 mart 2023 (69 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti |
jurnalist, ssenarist, teatrşünas, rejissor |
Həyat və fəaliyyəti
Saleh Tağı oğlu Salahzadə 26 avqust 1953-cü ildə Laçında anadan olub. Orta təhsilini Xocalı və Ağdamda alıb. Hərbi xidmətdə ikən Leninqrad Xüsusi Hərbi Müxbirlər Məktəbini bitirib[2]. 1975-ci ildən Bakı Dəniz Limanında doker-mexanizator[3], "Bakıbaştikinti"də nəqliyyat sxeminin ustası və texniki təchizat şöbəsinin rəisi, "Xəzərdənizneft" İstehsalat Birliyinin "Neft Daşları" DNQÇİ-də qazmaçı köməkçisi, tərbiyəçi müəllim kimi müxtəlif vəzifələrdə çalışıb.
1979–1983-cü illərdə Neft Daşlarında fəaliyyət göstərən "Xəzərfilm" kinostudiyasının rejissoru və bədii rəhbəri olmuşdur[4][5].
1989-cu ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Gənclik", "Tədris-maarifliçilik", "Hərbi vətənpərvərlik", "İctimai-siyasi" proqramlar redaksiyalarında müxbir, redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışıb[3][6]. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin böyük redaktoru olub.
ATƏT-lə və BBC-nin birgə layihəsi olan "Müharibə və seçkilər şəraitində jurnalist işi" xüsusi kursunu bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin İctimai-siyasi proqramlar və Hərbi vətənpərvərlik baş redaksiyalarında[4], eləcə də "Bakinski raboçi" qəzetinin cəbhə bölgəsi üzrə xüsusi müxbiri kimi döyüşlərdən proqramlar, materiallar hazırlayarkən dəfələrlə təhlükə ilə üzləşmiş və xəsarət alıb[3][6].
Azərbaycanda ilk müstəqil teleradio yayımı şirkətlərindən olan İCBC "SARA"-nın baş redaktoru[4][3], "Bakılı" PFK-nın vitse-prezidenti, "AssA-İrada" İnformasiya Agentliyində və "Azernews" qəzetinin redaktoru kimi çalışıb. Azərbaycanda ilk müstəqil idman jurnalı olan "Sportsman"ın baş redaktoru və direktoru vəzifələrində işləyib[4]. "Yeni hakimiyyət" ictimai-siyasi hüquq qəzetinin ictimai əsaslarla baş məsləhətçisi, "Mədinə" ictimai-publisistik jurnalının baş redaktoru olub. Mütəmadi olaraq respublikanın kütləvi informasiya vasitələrində öz aktual yazıları ilə çıxış edib.
"Bakı", "Ədəbiyyat və incəsənət", "Xalq", "Ekran-efir", "Neft Daşları", "Azərbaycan gəncləri", "İlham", "Bakinski raboçi", "Vışka" qəzetlərində, "Açıq söz" , "Нефтянник" (Moskva), "Brend dünyası" jurnallarında , "Adi cinayət işi" , "Ləqəbi Lukaçdır", "Qərib cinlər diyarında", "And dağları üzərində zülmət", "Soyuq divarlar arasında iki saatlıq", "Qodo həsrəti", "Adını mən verdim" kinofilmlərinə resenziya[7], İsmayıl Dağıstanlı, Ağahüseyn Kərimov, Hacıməmməd Qafqazlı, Hamlet Xanızadə, Hacı İsmayılov, Rafiq Əzimov, Akif Əli, İlham Namiq Kamal[8] və digər tanınmış kinoaktyorlar, sənət adamları haqqında portret oçerklərin[9], "Оглянись к истокам своим", "Bu sirli-sehrli qutu", "Мухаммед Физули, как театральный критик", "Охотник, поэт, Гражданин Самед" kimi analitik yazıların müəllifidir. Hal-hazırda "Brend dünyası" jurnalının baş redaktorudur[10].
Rejissor Vasif Babayevlə Amerika Hüquqşünaslar Assosiasiyasının sifarişi ilə çəkilmiş filmin ssenaristidir. Rejissor Yalçın Əfəndiyevlə Azərbaycan–Türkiyə diplomatik münasibətləri tarixindən bəhs edən "Dönüş" filminin[3], eləcə də Neftçilər Xəstəxanasının 50 illiyinə həsr olunmuş kinosalnamənin ssenari müəllifidir. Ssenari müəllifi və rejissoru olduğu "Sahil yaxınlaşır", "Dəniz üzərində bağ", "Müdhiş oyunlar" və "Bioenerji və kainatın sirləri" filmləri müxtəlif vaxtlarda "Kinomarina", UNİKA beynəlxalq festivallarının müxtəlif mükafatlarına layiq görülüb[3][6].
"Azərbaycan Xalq Cümhuriyyətini Yaradanların Varisləri" təşkilatının baş katibidir[3]. Kinematoqrafçılar İttifaqları Konfederasiyasının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının[11], Siyasi-Məhbus Problemi üzrə vətəndaş Nəzarəti Şurasının və Azərbaycan "Bilik" cəmiyyətinin[1], 2006-cı ildən Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür[12].
Mükafatları
2006, 2007, 2008-ci illərin yekunlarına görə Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən fəxri fərman və diplomlarla təltif edilib[11][13].
2010-cu ildə "İlin ən yaxşı idman jurnalisti" adına layiq görülüb[14][15]. 26 avqust 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
Filmoqrafiya
- Xəzərin qara qızılı (film, 1981) — redaktor
- Sahil yaxınlaşır (film, 1982) — redaktor
- Dəniz üzərində bağ (film, 1983) — rejissor, ssenarist
- Müdhiş oyunlar (film, 1983) — rejissor, ssenarist
- Baykaldan Amura yol (film, 1984)
- Səlim Həqqi Dünyası (film, 1991) — rejissor, ssenarist
- Yuğ yuğlama (film, 1991) — ssenarist
- Qəlbimizdə bir ad yaşar (film, 1992) — ssenarist
- Hamı bəxtəvər sanır, amma… (film, 1992) — rejissor, ssenarist
- Meydan (film, 1992) — rejissor, ssenarist (üç hissəli; İsmayıl Ömərov və Azad Məmmədovla)
- Qarabağ şahinləri (film, 1992) — rejissor, ssenarist (Adil Əsədovla)
- Onların suçu nədir? (film, 1992) — rejissor, ssenarist (Adil Əsədovla)
- Buradan bir atlı keçdi (film, 1992) — ssenarist
- Vətən mənə oğul desə (film, 1992) — ssenarist
- Əgər yaşasaydı (film, 1992) — ssenarist
- Son qumbara (film, 1992) — ssenarist
- Bumeranq (film, 1992) — ssenarist
- Pirlərə aparan yol (film, 1993) — redaktor
- Atikva dostluq deməkdir (film, 1994) — redaktor
- Dönüş (film) — ssenari müəllifi
- Xocalının son günləri (film, 1999) — rejissor, ssenarist
- Doktor Mahmudəli Çöhrəqani siz kimsiniz?! (film, 1999) — rejissor, ssenarist
- Siz bunu bilmək istəyirsiniz (film, 1999) — rejissor, ssenarist
- Bioenerji kainatın sirləri (film, 2001)
- İşdə cinsəl zorakılıq (film, 2002) — ssenari müəllifi
- Qız uşaqlarının təhsil problemləri (film, 2002) — ssenari müəllifi
- Qadına qarşı şiddət (film, 2002) — ssenari müəllifi
- Ailə tərbiyəsi, serebral iflic xəstəlikli uşaqlar və QHT (film, 2002) — ssenari müəllifi
- Uşaqların bədii-estetik tərbiyəsi (film, 2002) — ssenari müəllifi
İstinadlar
- "Veteran jurnalistlər". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
- Sportsmedia. "Veteran jurnalistlər. Saleh Salahzadə" (az.). Sportsmedia. 09.07.2018. İstifadə tarixi: 2022-09-25.
- Sevinc Mürvətqızı. "Bu yaşdan boylanıb geriyə baxanda". //525-ci qəzet.- 2008.- 30 avqust, səh. 21
- Bayram Afurcalı. "Mənim tanıdığım Saleh". //Bütöv Azərbaycan.- 2012.- 24–31 oktyabr, səh. 12
- Şəhla Bürcəliyeva. "Xəzərin sularından kino lentlərinə" (az.). Azərbaycan Milli Kitabxanası. 16.09.2011. İstifadə tarixi: 2022-09-25.
- "Qaraçorludan Laçınadək". //Azad Azərbaycan.- 2009.- 3 fevral, səh. 7
- İltifat Mirzəbəyli. "Adını mən verdim…" (Türkiyə Cümhuriyyətinin 75 illiyi ərəfəsində çəkilmiş bir film barədə). //Xalq.- 1998.- 29 iyul, səh. 4
- Saleh Salehzadə. "Allahın bəxtəvər bəndəsi" (az.). 525-ci qəzet. 16.01.2014. İstifadə tarixi: 2022-10-01.
- Saleh Salahzadə. "Allahın bəxtəvər bəndəsi". //Ulduz.- 2014.- № 1, səh. 50
- Şahanə Müşfiq. ""Brend dünyası"nın yeni sayı" (#bad_url) (az.). 525-ci qəzet. 21.01.2018. 2013-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-01.
- "5 il sizinlə". //Sportsman.- 2009.- yanvar, səh. 33
- Azərbaycan Respublikası Əsilzadələr Məclisini. Şəhadətnamə № 614
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. "Milli Mətbuatın 140 illik yubileyinə həsr olunmuş stolüstü tennis üzrə turnir keçirilib" (az.). Gənclər və İdman Nazirliyi. 22.07.2015. İstifadə tarixi: 2022-10-06.
- Futbolpress. "AİJA-ya görə ilin ən yaxşıları" (az.). Futbolpress. 25.12.2010. İstifadə tarixi: 2022-10-06.
- Azərbaycan İdman Jurnalistləri Assosiasiyası. "İlin yekunları - 2010" (az.). AİJA. 25.12.2010. 2020-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.