Sahibə Əhmədova

Sahibə Əliqulu qızı Əhmədova (11 yanvar 1956, Hacılar, Ağcabədi rayonu16 mart 2024[1], Bakı) — Azərbaycanın opera müğənnisi, xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti.

Sahibə Əhmədova
azərb. Sahibə Əliqulu qızı Əhmədova
Ümumi məlumatlar
Doğum tarixi 11 yanvar 1956(1956-01-11)
Doğum yeri
Vəfat tarixi 16 mart 2024(2024-03-16)[1] (68 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi[1]
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2006

Həyatı

Əhmədova Sahibə Əliqulu qızı 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini həmin rayonun Boyat kəndində alıb. Uşaqlıqdan milli musiqiyə böyük marağı olub. İlk musiqi müəllimi Ağcabədi rayonunda fəaliyyət göstərən "Rast" ansamblının tanınmış xanəndələrindən olan əmisi oğlu Sabir Abbasov olub. 1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənib. Texnikumda təhsilini davam etdirməklə yanaşı, 1976-cı ilin oktyabr ayından etibarən ustad tarizən Bəhram Mansurovun təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayıb. Opera səhnəsində ilk ifa etdiyi obraz M. Maqomayevin "Şah İsmayıl" operasından Ərəbzəngi obrazı olub. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da "Səhnəmizin Ərəbzəngisi" adını qazanıb. Sonralar isə opera səhnəsində silsilə ana obrazlarında çıxış edib. Ü. Hacıbəylinin "Leyli və Məcnun" operasında Leylinin anası, Məcnunun anası, Z. Hacıbəyovun "Aşıq Qərib" operasında Qəribin anası, Ş. Axundovanın "Gəlin qayası" operasında Camalın anası, R. Mustafayevin "Vaqif" operasında qarı və s. obrazları müvəffəqiyyətlə ifa edib. Operanın nəzdində respublikamızın hüdudlarından kənarda Rusiya, Bolqarıstan, Türkiyə kimi bir çox ölkələrdə qastrol səfərlərində olub. Həmçinin Sahibə xanım M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olaraq bir çox dövlət səviyyəli tədbirlərin və konsert proqramlarının iştirakçısı olub. Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə xanımın ifasında "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Segah", "Orta Mahur", "Mahur-hindi", "Rahab", "Bayatı-kürd", "Qatar", "Şahnaz" muğam dəstgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Simayi-Şəms" kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır. O cümlədən, Sahibə xanım "Uca dağlar", "Ahu kimi", "Alma almaya bənzər", "Dağlardan aşdım" və s. xalq mahnılarını böyük şövqlə ifa edib. Uzun illər göstərdiyi fəaliyyətin nəticəsi olaraq bir çox diplom və fəxri fərmanlarla təltif olunub. 16 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın "Əməkdar artist"i fəxri adına layiq görülüb.[2][3]

16 mart 2024-cü ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.[4]

İstinadlar

  1. https://media.az/society/1067953750/skonchalas-izvestnaya-hanende-zasluzhennaya-artistka-azerbaydzhana-sahiba-ahmedova/.
  2. "Arxivlənmiş surət" (PDF). 2021-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-03-17.
  3. "Arxivlənmiş surət". 2024-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-17.
  4. "Azərbaycanın tanınmış aktrisası vəfat etdi". Oxu.Az (az.). 2024-03-16. 2024-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-17.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.