Sadıq Vəkilov
Sadıq Vəkilov (1899, Qazax – 1973, Bakı) — Podporuçik
Sadıq Vəkilov | |
---|---|
Sadıq Əsgər oğlu Vəkilov | |
Doğum tarixi | |
Doğum yeri | Qazax qəzası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Fəaliyyəti | alim |
Həyat və fəaliyyəti
Sadıq Əsgər ağa oğlu Vəkilov Qazax qəzasının Yuxarı Salahlı kəndində mülkədar ailəsində doğulmuşdur. Anası Badisəba xanım Mehdi ağa qızı Qiyasbəyovadır. Salahlı rus-tatar məktəbini bitirdikdən sonra (1912) Zaqafqaziya Müəllimlər Seminariyasında oxumuşdur (1912–1917). Təhsilini başa vurduqdan sonra bir ilə yaxın Salahlıda ikisinifli məktəbdə müəllim işləyir.
1918-ci il mayın 24-də hərbi xidmətə səfərbər olunur. Bakı alındıqdan sonra Osmanlı zabitlərinin təşkil etdikləri Gəncə Hərbiyyə Məktəbinə qəbul olunmuş, buranı 1919-cu il noyabrın 18-də bitirmişdir. Milli Ordunun 3-cü Gəncə piyada alayında və 3-cü Şəki süvari alayında kiçik zabit rütbəsində (podporuçik) komandir vəzifələrində xidmət etmişdir.
1920-ci ildə sovetləşmədən sonra Azərbaycan Qızıl Ordusuna daxil olur. 1923-cü ilin aprelinədək kiçik zabit rütbəsində komandir vəzifələrində xidmət edir. 1923-cü ildə keçmiş zabit kadrlarının Qızıl Ordudan uzaqlaşdırıldığı vaxt o da tərxis olunur.
Sadıq Vəkilov həmin ilin aprelindən 1924-cü ilin sentyabrına qədər Binəqədi savadsızlığı ləğvetmə məntəqəsinin müdiri vəzifəsində çalışmışdır. 1924–31-ci illərdə isə Fabrik-Zavod rayonunda 15 saylı yeddiillik məktəbin direktoru işləyir. İşləməklə yanaşı 1924-cü ildə Azərbaycan Dövlət Darülfünunu (universiteti) Şərq fakültəsinin tarix şöbəsinə daxil olmuş və 1929-cu ildə buranı bitirmişdir. Öz tarixçi ixtisasına dərindən bələd olmaqla yanaşı, rus, ərəb, fars və alman dillərini yaxşı bilirdi. Maraqlıdır ki, onun diplom işinin mövzusu "Dağıstanda Şamil hərəkatı" adlanırdı.
1931-ci ilin dekabrında Ağamalıoğlu adına Texnikuma türk dili müəllimi, bu tarixdən eyni zamanda Maliyyə-İqtisad Texnikumuna müəllim təyin edilir. 1932-ci ilin yanvarından texnikumda şöbə müdiri, 1932-ci ilin mayından tədris hissə müdiri olur. 1932-ci ilin iyulundan isə Xalq Təsərrüfatı Komissarlığında tədris hissə müdiri və kadrların hazırlığı üzrə məsul katib təyin edilir. Sadıq Vəkilov 1933-cü ilin noyabrında işdən çıxaraq 14 saylı məktəbə rus dili müəllimi gedir. 1933-cü ilin dekabrından Azsovxozpambıq trestində kadrların hazırlığı və mədəni-maarif tədbirləri üzrə məsul katib təyin edilən S.Vəkilov sonra 1 nömrəli Şirvan sovxozuna eyni vəzifəyə dəyişdirilir.
Sadıq Vəkilov 1936-cı ilin iyulunda keçmiş ordunun zabiti olaraq, lakin iqtisadi xarakterli bəhanə ilə həbs edilərək 5 il azadlıqdan məhrum olunmuşdur. Cəzasını Özbəkistan SSR DİN-nin OLP-9 həbs düşərgəsində çəkmiş, "Çirçikstroy"da işlədilmiş, buradan 30 sentyabr 1942-ci il tarixdə azad etmişlər. Lakin Vətənə yolu bağlı idi. Onu yaşamaq üçün o vaxtlar işçi qüvvəsinin çatışmadığı Qazaxıstana göndərirlər. 1942-ci il noyabrın 15-də Cənubi Qazaxıstan vilayəti Bostandık rayonunun Talpin kolxozuna mühasib vəzifəsinə təyin edilir. Bu vəzifədən müharibənin sonlarında — 1945-ci il fevralın 1-də azad edilməyinə baxmayaraq, Vətənə qayıdışını daha 3 il ləngidirlər.
Sadıq Vəkilov 1948-ci ildə Bakıya qayıda bilir. 1948–54-cü illərdə arxivlərə müraciət edir, əvvəlki müəllimlik fəaliyyətinə dair arayışlar toplayır və uzun çəkən süründürməçilikdən sonra çox sevdiyi müəllimlik peşəsinə qayıda bilir. Sadıq Vəkilov 1954-cü ilin mayında bəraət almışdır. Bir müddət texnikumda dərs deyir, sonra Politexnik İnstitutuna keçir, uzun illər burada rus dili kafedrasının müdiri vəzifəsini tutur.
1960–65-ci illərdə dövri mətbuatda pedaqoji məzmunlu xeyli məqaləsi dərc edilmişdir. Böyük bəstəkar Üzeyir Hacıbəyli, onun Qori Seminariyası ilə əlaqələri, onun musiqi həyatının izləməsi, 1914-cü ildə seminaristlərlə görüşü haqqında 1965-ci ildə qələmə aldığı xatirə yazısı vardır. Mənsub olduğu nəslin təəssübkeşi, onun zəngin tarixinin ən yaxşı bilicilərindən idi. Siyasi dünyagörüşü etibarı ilə antikommunist olmaqla, İstiqlal dövrü ilə sovet quruluşunu müqayisə edər, baş verənlərin mahiyyətini dərk etdiyindən sovet quruluşuna nifrətini çox zaman gizlətməzdi.
Azərbaycan Politexnik İnstitutunda 1969-cu il dekabrın 20-də Sadıq Vəkilovun anadan olmasının 70, pedaqoji fəaliyyətləri isə 50 illiyi elmi və pedaqoji ictimaiyyət tərəfindən ehtiramla qeyd edilmişdir. Sadıq Vəkilov son dərəcə mədəni, ziyalı, hər şeydə səliqə-sahman sevən bir adam idi. Bakıda Dağüstü qəbristanlıqda, öz Qiyasbəyli qohumları ilə yanaşı dəfn edilmişdir.
Sadıq Vəkilovun övladı olmamışdır.
Əsərləri
1. "Ali məktəbin astanasında orta və ali məktəbin əlaqəsi zəruridir" ("Molodyoj Azerbaydjana", 12 noyabr 1961-ci il)
2. "İkinci ana dili" ("Baku" qəzeti, 19 mart 1964-cü il, bu məqalə institutun "Politexnik" qəzetində də çıxıb).
3. "Yaradıcı qaydada təhsil almalı" ("Politexnik" qəzeti, 3 dekabr 1965-ci il).
4. "İncəsənətə verilən ömür" ("Politexnik" qəzeti, 20 dekabr 1965-ci il).
5. "Yaxşı dərsliyin bəzi qüsurları haqqında" (resenziya, Azərbaycan məktəblərinin 6-cı sinifləri üçün Ayollo və Səfərovanın rus dili dərsliyi barədə, "Azərbaycan müəllimi" qəzeti, 28 dekabr 1961-ci il).
6. "Şagirdlərdə rus dili üzrə bilikləri təkmilləşdirməyin bəzi məsələləri haqqında" ("Qeyri-rus məktəblərində rus dili" metodik məcmuəsi, 1965-ci il, iyul, N7).
7. "Qiyabi təhsil alan məktəblər üçün rus dilindən metodik göstəriş və yoxlama işləri" dərs vəsaiti. Bakı, 1970. (həmmüəllif).
8. Sadıq Vəkilov, Rəxşəndə Əlibəyova, Zelda Qelfqat, Luiza Çerqeştova. "Rus dilindən qiraət kitabı". Bakı,"Maarif", 1971. (texniki ali məktəblərin tələbələri üçün).
9. Sadıq Vəkilov. Xatirə. "Bəstəkarın xatirəsi" xatirələr və məqalələr toplusu. Tərtib edəni Əhməd İsazadə. Azərnəşr, Bakı, 1976.
Mənbə
- İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf" nəşriyyatı, 2003, səh. 282–285.
- Şəmistan Nəzirli Topoqraf general İbrahim ağa Vəkilov. Bakı: "Zaman" nəşriyyatı, 2002, 203 səh.