Sabir Abdullayev
Sabir Abdullayev (15 aprel 1957, Zəngişalı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi.
Sabir Abdullayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 aprel 1957 (66 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Xanəndə |
Janr | Muğam |
Həyat və yaradıcılığı
Sabir Abdullayev 1957-ci ildə Ağdam rayonunun Zəngişalı-Məhrızlı kəndində anadan olmuşdur.
Qarabağ muğam məktəbinin tanınmış davamçılarındandır. Öz repertuarına bütün mövcud muğamları daxil etmişdir. "Zabul segahı", "Mirzə Hüseyn segahı"nı xüsusi zövqlə ifa edir. Bu muğamların lent yazıları Azərbaycan Dövlət Radio və Televiziyasının qızıl fonduna daxil edilib. S. Abdullayev muğam dəstgahlarını Qarabağ musiqi məktəbinin klassik ənənələrinə sadiq şəkildə ifa edir.
Gözəl vokal qabiliyyətli və musiqisevər bir ailədə böyümüşdür. Onun evindəki qrammofon yazılarından ustad sənətkarların — Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin səsləri eşidilərdi.
Sabir Abdullayev gənc yaşlarından oxumağa başlamış, peşəkar musiqi təhsilini Asəf Zeynallı adına musiqi məktəbində almışdır. Gələcək xanəndənin yaradıcılıq yolu 1980-ci ildə ilk səhnə çıxışlarından sonbra başlanmışdır. Görkəmli xanəndə Yaqub Məmmədovun ifa üslubu onun ifa tərzinə çox yaxındır. S. Abdullayev bu məşhur xanəndədən muğamların interpretasiyasında kompozisiya həllinin incəliklərini əxz etmişdir.
Onun rəhbərliyi altında gənc muğam ifaçıları dünyanın bir çox ölkəsində – Amerika, Kanada, Braziliya, Böyük Britaniya və başqa ölkələrdə beynəlxalq müsabiqə və festivallarda çıxış edərək, Azərbaycanı layiqincə təmsil etmişlər.
Hazırda, Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecində, uşaq musiqi məktəblərində xanəndələr nəslinin davamçılarına muğamları tədris edir.