Səbihə Sultan
Ruqiyə Səbihə Sultan və ya Səbihə Osmanoğlu (19 mart 1894, Konstantinopol və ya Osmanlı imperiyası – 26 avqust 1971) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı.[1][2]
Ruqiyə Səbihə Sultan | |
---|---|
türk. Rukiye Sabiha Sultan Osmanlı türkcəsi: رقیه صبیحه سلطان (osmańsko-turecki) | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 mart 1894 |
Doğum yeri | Vahidəddin köşkü, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 26 avqust 1971 (77 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri | Aşiyan məzarlığı, İstanbul |
Atası | Sultan Vahidəddin |
Anası | Əminə Nazikəda Qadınəfəndi |
Həyat yoldaşı | Ömər Fərrux Əfəndi |
Uşaqları |
Fatma Nəslişah Sultan Xanzadə Zəhra Sultan Nəcla Hibətullah Sultan |
Ailəsi | Osmanlı sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Səbihə Sultan 2 aprel 1894-cü ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Səbihə Sultan bacısı Ülviyyə Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır.
1 fevral 1916-cı ildə İzzəddin Əfəndinin müəmmalı şəkildə vəfatının ardından, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin qızı olaraq Səbihə Sultanın evləndirilməsi müzakirə edildi. Onun üçün seçilən namizədlər arasında Rauf Orbay, Əhməd Muxtar Paşanın qardaşı oğlu Mehmed Əli Paşa və bir çox başqa ordu mənsubu da vardı. Üstəlik, sonuncu Qacar şahı Əhməd şah Qacar və o illərdə ordu daxilində yüksəlməyə başlayan Mustafa Kamal Paşa da Səbihə Sultan üçün əmisi Sultan Rəşada elçi düşmüşdü. Ancaq Səbihə Sultan o illərdə vəliəhd Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə eşq yaşayırdı və bu səbəblə bu təkliflərin hamısını geri çevirdi.
Fərrux Əfəndinin ondan 4 yaş kiçik olmasıyla yanaşı, atası Əbdülməcid Əfəndi də Sultan Vahidəddinin vəliəhdi və ən güclü müxaliflərindən biri idi. Bu səbəblə atası Sultan Vahidəddin başda bu evliliyə qarşı çıxdı. Ancaq cütlüyün anaları Nazikəda xanım və Şahsüvar xanımın vasitəçiliyi ilə Sultan Vahidəddin bu evliliyə razılıq verdi. Nəhayət, 5 dekabr 1919-cu ildə cütlük Topqapı sarayının Müqəddəs Əmanətlər bölümündə nigahlandı. Şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfindən nigahlanan cütlüyün toy mərasimi 4 ay sonra - 29 aprel 1920-ci ildə Ulduz sarayında baş tutdu. Həmin ilin oktyabrında Sultan Vahidəddinin qızına hədiyyə etdiyi Nişantaşındakı köşkə köçən ailə qış aylarını burada, yay aylarını isə Rumelihisarındakı sahilsarayında yaşadılar. Cütlüyün ilk övladı Nəslişah Sultan da Nişantaşı köşkündə dünyaya gəldi.
Ancaq atası Sultan Vahidəddin 1922-ci ildə səltənətdən çəkildi və ölkədən qaçmağa məcbur oldu. Səltənətin ləğvindən sonra qaynatası olan vəliəhd Əbdülməcid Əfəndi Osmanlı xəlifəsi olaraq taxta çıxdı. Əri Fərrux Əfəndi xəlifənin yeganə oğlu olaraq ailəsiylə birlikdə Dolmabağça sarayına köçürüldü. Cütlüyün ikinci övladı Xanzadə Sultan məhz burada dünyaya gəldi. Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Səbihə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. İlk öncə İsveçrəyə gedən ailə, ardından Fransanın Nitsa şəhərində məskunlaşdı. Cütlüyün sonuncu övladı Nəcla Sultan burada dünyaya gəldi.
O əsnada İtaliyanın San-Remo qəsəbəsində sürgündə yaşayan atası Sultan Vahidəddini və anası Nazikəda xanımı tez-tez ziyarət etdi. Sultan Vahidəddinin vəfatından sonra anasını bir müddət yanında saxlayan Səbihə Sultan, daha sonra 1938-ci ildə bütün ailəsiylə birlikdə Qahirəyə köçdü. Burada qızı Nəslişah Sultanı Misir xədivi II Abbas Hilminin oğlu Əbdül Moneimlə evləndirən Səbihə Sultan həmin il digər qızları Xanzadə Sultanla Nəcla Sultanı da Misirin kral ailəsindən şahzadələrlə evləndirdi.
Ancaq əri Fərrux Əfəndiylə münasibətləri pisləşmişdi. Üstəlik Fərrux Əfəndinin Sultan Əbdüləzizin nəvələrindən Mihrişah Sultanla bir münasibəti başlamışdı. 1944-cü ildə qaynatası xəlifə Əbdülməcidin vəfatından sonra ailə rəisliyinə kimin seçiləcəyi müzakirə edildi. Bu müzakirələrdə Mihrişah Sultan Fərrux Əfəndini dəstəkləsə də, xanımı Səbihə Sultanla qızları Nəslişah, Xanzadə və Nəcla Sultanlar ataları yerinə Əhməd Nihad Əfəndini dəstəklədilər. Bu isə uzun müddətdir boşanmaq istəyən Fərrux Əfəndi üçün bir bəhanə oldu. Xanımını qızlarıyla arasını açmaqda günahlandıran Fərrux Əfəndi 5 mart 1948-ci ildə ondan boşandı və cəmi 4 ay sonra 31 iyulda Mihrişah Sultanla nigahlandı.
Səbihə Sultan ərindən boşandıqdan sonra bir müddət Maadidə qızı Nəslişah Sultanın yanında yaşadı. Ancaq 1952-ci ildə baş tutan Misir inqilabından sonra Səbihə Sultan qızı Xanzadə Sultanla birlikdə Parisə getdi. Həmin il çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Səbihə Sultan Soyadı qanununa uyğun olaraq, Osmanoğlu soyadını aldı. Qalan ömrünü İstanbulda keçirən Səbihə Sultan 26 avqust 1971-ci ildə burada vəfat etdi. Atasının sürgündə vəfat etməsi və bir sultan türbəsinə dəfn edilməməsi səbəbilə, vəsiyyətinə uyğun olaraq cənazəsi Aşiyan məzarlığına dəfn olundu.
Mənbə
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press. pp. 99–100. ISBN 978-9-774-16837-6
- Açba, Leyla (2004). Bir Çerkes prensesinin harem hatıraları. L & M. pp. 66, 77. ISBN 978-9-756-49131-7
- Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
- Yılmaz Öztuna (1978). Başlangıcından zamanımıza kadar büyük Türkiye tarihi: Türkiye'nin siyasî, medenî, kültür, teşkilât ve san'at tarihi. Ötüken Yayınevi. p. 165
İstinadlar
- http://www.tarihcininyeri.net/forum/index.php?topic=2725.0;imode%5B%5D
- "Arxivlənmiş surət". 2018-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-12.