Sərtib xan məscidi
Məhəmməd Sərtib xan məscidi — XIX əsrdə İrəvanda fəaliyyət göstərən 8 məsciddən (Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq və Hacı Cəfər bəy məscidi) biri.[1][2]
Sərtib xan məscidi | |
---|---|
Sərtib xan məscidi | |
| |
40°10′44″ şm. e. 44°31′09″ ş. u. | |
Ölkə | |
Şəhər | İrəvan |
Yerləşir | İrəvan |
Üslubu | İran memarlığı |
Vəziyyəti | 1980-ci illərdə dağıdılmışdır |
Haqqında
XIX əsrin I yarısında Şəhər hissəsinin Şeyxülislam küçəsində (sonralar, XX əsrin əvvəllərində Pənahxan küçəsi adlandırılır) yerləşən məscidin yaxınlığında Sərtib xanın evi və sonuncu İrəvan xanı Hüseynqulu xanın həyat yoldaşı Hacı Bəyimin mülkü olub.[3]
Tarixi
İrəvan şəhərinin texniki vəzifəsində çalışmış B. Mehrabov 1906–1911-ci illərdə şəhərin planını və oradakı memarlıq abidələrinin siyahısını tərtib etmişdi və planda məscidin yerləşdiyi küçə artıq Rüstəm xan küçəsi ilə Pənah xan küçəsinin kəsişməsində qeyd edib. Onun siyahısında İrəvanda mövcud olmuş 8 məsciddən biri kimi Sərtib xan məscidinin də adı çəkilir. 1918–1920-ci illərdə və sovet hakimiyyətinin ilk illərində Sərtib xan məscidində Osmanlıdan qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar. Məscid 1980-ci illərdə dağıdılmışdır. Məhv edilmiş məscidin yazıları haqqında istər elmi ədəbiyyatlarda istərsə də arxiv materiallarında heç bir məlumata rast gəlmək mümkün deyil. Məscidin yerləşməsini dəqiq göstərən Mehrabov planının Coğrafi İnformasiya Sistemində inteqrasiyası nəticəsində yerləşdiyi məkan və koordinatları da əldə edilmişdir. Hazırda məscid yerləşən ərazidə (Tragrichner küç. 8) hündür binalı yaşayış evi yerləşir.[1][4]
Məscidin adı
Sərtib — ordu, qoşun komandanı və general kimi mənalarda işlədilir. Sərtib xanın İrəvan xanlığının Qacar dövləti zamanında qoşuna rəhbərlik edən xanlardan biri olduğu məlumdur. Sərtib xanın adının Məhəmməd olduğu Kameral siyahılardan da bəlli olur. Məsələn, 1827-ci ildə İrəvan qalasının mühasirəsindən sonra ruslara əsir düşən xanlar içərisində Qasım xan Sərtib də var idi. Digər bir Sərtib xan isə Məhəmməd xan idi. Məscidin onun tərəfindən inşa edildiyi güman edilir və bu üzdən də onun adını daşıyıb. 1831-ci ilin kameral təsvirlərindənaydın olur ki, Sərtib xanın İrəvanda bir çox mülkləri qalmışdı.[5]
Memarlıq quruluşu
Sərtib xan məscidi İrəvan şəhərində olan məscidlərdən tamamilə fərqlənirdi. Bu məscidin Şuşa şəhərinin məhəllələrində olan bir neçə məsciddə rast gəldiyimiz Güldəstəsi olub. 1930–1940-cı illərə aid edilən fotolardan aydın olur ki, məscidin yuxarı hissəsi altı bucaqlı kiçik minarə ilə bitir.[3]
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- Nazim Mustafa. İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri. Bakı. 2016.
- Шопен И. И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи. СПб.,. 1852.
- "İrəvan məscidləri". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2023.
- "İrəvan məscidləri". modern.az. 2021-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2023.
- "İrəvan şəhərinin kameral təsviri - 1831-ci il". www.anl.az. 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyun 2023.