Sərdar Cəlaloğlu
Sərdar Cəlal oğlu Məmmədov və ya Sərdar Cəlaloğlu (3 iyun 1954, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan Demokrat Partiyasının sıra ilə təsisçisi, ilk sədri, baş katibi, sədr müavini, sədrinin birinci müavini və mövcud sədri, Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü, 2013-cü il, 2018-ci il prezident seçkilərində prezidentliyə namizəd.
Sərdar Cəlaloğlu | |
---|---|
Vəzifədədir | |
2007-ci ildən | |
Əvvəlki | Rəsul Quliyev |
2005 – 2007 | |
Sədr | Rəsul Quliyev |
1996 – 2007 | |
5-8 may 1994 – 1996 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | İlyas İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 iyun 1954 (69 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Sərdar Cəlal oğlu Məmmədov 3 iyun 1954-cü ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Naxçıvan rayonunun Cəhri kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə orta təhsilini Ordubad və Bakı şəhərlərində almışdır. 1970–1977-ci illərdə Azərbaycan Tibb İnstitutunda ali tibb təhsili almışdır. İxtisasca məhkəmə-tibb ekspertidir.
Sərdar Cəlaloğlu 1978-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertize bürosunda ekspert kimi işləmişdir.
Sərdar Cəlaloğlu evlidir, üç oğlu və bir qızı var. Sərdar Cəlaloğlu siyasətçi Qurban Məmmədovun qardaşıdır, lakin onlar şəxsi problemlər səbəbi ilə bir-biriləri ilə əlaqələrini kəsmişdir.
Siyasi fəaliyyəti
Sərdar Cəlaloğlu 1980-ci illərdən gizli şəkildə siyasi fəaliyyətə başlamışdır. O, 1985-ci ildən qanuni siyasi fəaliyyət göstərməyə başlamışdır. O, Yurd İctimai Birliyinin üzvü olmuşdur.
Sərdar Cəlaloğlu 1991-ci ildə qeyri-qanuni jurnal olmuş "Oyanış" dərgisinin nəşrində iştirak etkişdir, Azərbaycan Xalq Cəbhəsi Naxçıvan şöbəsinin orqanı olmuş "Hürriyyət" qəzetinin əvvəl Naxçıvanda, sonra isə Bakıda nəşr olunmasında rol oynamışdır.
Prezident seçkilərində
Sərdar Cəlaloğlu 2003-cü il prezident seçkilərində Azərbaycan Demokrat Partiyası ilə birgə Bizim Azərbaycan Blokunun prezidentliyə vahid namizədi İsa Qəmbəri dəstəkləmişdir.
2013-cü il prezident seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən Sərdar Cəlaloğlunun namizədliyi irəli sürülmüşdür. Seçki bulletenində adı 9-cu sırada qərarlaşmışdır. O, seçkiləri 22773 səs (0.62%) toplayaraq sonuncu, yəni 10-cu sırada başa vurmuşdur.[1]
2018-ci il prezident seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən Sərdar Cəlaloğlunun namizədliyi irəli sürülmüşdür. Seçki bulletenində adı 6-cı sırada qərarlaşmışdır. O, seçkiləri 119621 səs (3.03%) toplayaraq Yeni Azərbaycan Partiyası sədr İlham Əliyevin və bitərəf namizəd Zahid Orucun ardından 3-cü sırada başa vurmuşdur.[2]
Parlament seçkilərində
2000–2007-ci illərdə Azərbaycan Demokrat Partiyasının sədri Rəsul Quliyev Azərbaycanda olmadığı üçün partiya adından rəsmi toplantılarda Sərdar Cəlaloğlu çıxış edirdi.
2005-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Demokrat Partiyası sədri, 1996-cı ildən Amerika Birləşmiş Ştatlarında yaşayan Rəsul Quliyevin Azərbaycana dönüşü planlanmış, onun təyyarəsi Bakıyadək gəlmiş, lakin enişinə izin verilmədiyi üçün təyyara Ukraynaya enmişdir. Bu hadisə sonrasında Azərbaycan Demokrat Partiyası sədrinin müavini Zəminə Dünyamalıyeva Sərdar Cəlaloğlunu iqtidarla işbirliyində iddiham etmiş və planın uğursuzluğunun səbəbini Sərdar Cəlaloğlunda görmüşdür, lakin Sərdar Cəlaloğlu iqtidarla işbirliyi iddialarını rədd etmişdir.
Partiya fəaliyyəti
Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət Şöbəsinin və ya bilinən adı ilə Naxçıvan Xalq Cəbhəsinin təsisçilərindən biri olmuşdur. O, 1989-cu ilədək Naxçıvan Xalq Cəbhəsi İdarə Heyətinin üzvü olmuşdur.
1990-cı ildə Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cəbhəsi sıralarından ayrılmışdır.
Sərdar Cəlaloğlu 26 yanvar 1991-ci il tarixində Sülhəddin Əkbər ilə birgə Naxçıvanda Azərbaycan Demokrat Partiyasının Təşəbbüs Qrupunu yaratmış, rəhbəri seçilmiş və partiyanın təsisçilərindən biri olmuşdur. O, 1991-ci ildən həmin partiyanın ideoloji-siyasi şöbəsinə başçılıq etmişdir. Sərdar Cəlaloğlu 1991–1994-cü illərdə Azərbaycan Demokrat Partiyası Təşkilat Komitəsinin sədri olmuşdur.
Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyasının 7 – 8 may 1994-cü il tarixlərində keçirilmiş I Qurultayında partiyanın sədri seçilmişdir. Azərbaycan Demokrat Partiyasının 1996-cı il tarixində keçirilmiş II Qurultayında Ədalət Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmiş, Ədalət Partiyası sədri İlyas İsmayılov Azərbaycan Demokrat Partiyasının sədri, Sərdar Cəlaloğlu isə partiyanın baş katibi seçilmişdir. Azərbaycan Demokrat Partiyasının 1998-ci il tarixli qurultayında İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri, Sərdar Cəlaloğlu isə yenidən partiya katibi seçilmişdir.
2000-ci il parlament seçkilərinin ardından İlyas İsmayılov və keçmiş Ədalət Partiyası üzvkəri Azərbaycan Demokrat Partiyasından istefa vermiş, Rəsul Quliyev beləliklə partiyanın sədri olmuşdur.
Sərdar Cəlaloğlu 2005-ci ildə Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini seçilmişdir.
2007-ci il parlament seçkiləri ərəfəsində partiya daxilində münaqişələr yaranmış, Rəsul Quliyev və Sərdar Cəlaloğlu rəhbərliyində iki fərqli qrup fəaliyyət göstərməyə başlamışdır. 2007-ci il tarixində Azərbaycan Demokrat Partiyası IX Qurultayında Sərdar Cəlaloğlu sədr seçilmişdir. Rəsul Quliyev cinahı da qurultay keçirməyə cəhd göstərmiş, lakin bu alınmamışdır. Ardınca Rəsul Quliyevi dəstəkləyən şəxslər partiya sıralarından istefa vermiş və onlar Rəsul Quliyev rəhbərliyində Açıq Cəmiyyət Partiyasını təsis etmişdir.
2013-cü il prezident seçkilərində məğlub olmuş Sərdar Cəlaloğlu x tarixində Azərbaycan Demokrat Partiyası sədrliyindən istefa vermiş,[3] lakin onun istefası İdarə Heyəti tərəfindən xx tarixində rədd edilmişdir.[4]
Həbslər
Sərdar Cəlaloğlu indiyədək siyasi fəaliyyəti səbəbi ilə 3 dəfə qısa müddətli həbs olunub.
Sərdar Cəlaloğlu 2003-cü il prezident seçkilərindən sonra keçirilən etiraz aksiyaları zamanı həbs edilmişdir. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 4 il 6 ay həbs cəzası almışdır, lakin 2005-ci ildə əfv olunmuşdur. Sərdar Cəlaloğlu həbs olunduğu zaman işgəncəyə məruz qalması iddiası ilə Avropa Məhkəməsinə müraciət etmiş, məhkəmədə işgəncə hallarının araşdırılmadığı qənaətinə gələn Avropa İnsan Hüquqları Məhkəməsi 2007-ci il yanvarın 11-də 10 min avro kompensasiya ödənilməsi ilə bağlı qərar vermişdir[5] Həbsdə olduğu müddətdə o, Avropa Şurası tərəfindən siyasi məhbus kimi tanınaraq azadlığa buraxılıb.
Siyasi düşüncələri
Sərdar Cəlaloğlu konservativ ideologiyaya sahibdir. O kişi-qadın bərabərliyinin mümkünsüz olduğunu, yaradılışdan belə kişi və qadının fərqli, kişinin güclü, qadının isə fiziki olaraq daha zəif yaradıldığını bu tip biolojik səbəblər də nəzərə alındığı şəraitdə qadın-kişi bərabərliyinin mümkünsüz olduğunu iddia edir. O iddialarını cəmiyyətdə kişilərin daha sərt işlərdə çalışması, hərbi xidmət çəkməsinə baxmayaraq Azərbaycan cəmiyyətində və qanunvericiliyində qadınların belə öhdəliklərinin olmaması ilə əsaslandırır.
Əsərləri
- Mahiyyət (fəlsəfi traktat)
- Azadliğa məhkumuq (siyasi-publistik məqalələr toplusu)
- İnsanlar və adamlar (fəlsəfi kəlamlar)
- Türkəçarə (tibbi-etnoqrafik əsər)
- İlahi siyasət-Tərəqqinin fəlsəfəsi (elmi-fəlsəfi triologiya)
- Totalitarizmin metamarfozası (elmi-siyasi əsər)
- Kondisialogiya – Universal və enisklopedik elm (elmi əsər)
İstinadlar
- "Arxivlənmiş surət" (PDF). 2018-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-18.
- "Arxivlənmiş surət". 2020-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-18.
- "Arxivlənmiş surət". 2013-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-13.
- "Arxivlənmiş surət". 2013-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.
- http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20101201052127756