Sərbəst mis

Sərbəst mis – Cu — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.

Sərbəst mis
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Cu
Strunz təsnifatı I/A.01
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya[1]
Sıxlıq 8,5 ± 0,1 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Növ müxtəliflikləri

Qızıllı mis (2-3 %-dək Au), vitneit (3 %-dək As)

Xassələri

Rəng – misi-qırmızı, çox vaxt əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – misi-qırmızı, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 8,5-9,0; S – 2,5-3,0; Ayrılma – yoxdur; Sınıqlar – qarmaqşəkilli, tikanlı; Başqa xassələr – çox döyülən və uzanandır, yaxşı elektrik keçiricisidir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; heksaedrik və heksaoktaedrik; İkiləşmə: {111} üzrə təmas ikiləşmələri; Mineral aqreqatları: bütöv kütlələr, lövhəciklər, yastı və həcmi dendritlər, püruzlar, məftil şəkilli, çox vaxt burulmuş-məftilvari əmələgəlmələr, tozabənzər kütlələr, konkresiyalar, ağac üzrə, həmçinin kuprit, xalkozin və digər minerallar üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Reduksiyaedici şəraitlərdə kristallaşır. Hipogen mis, əsas etibarilə, hidrotermal proseslərdə əmələ gəlir və əsasi süxurların (bazaltların) badamcıqlarını, boşluq və çatlarını doldurur, sement kimi konqlomeratlarda qeyd edilir. Hidrotermal mənşəli sərbəst misin ən iri yığınları Kivino yarımadasının (ABŞ-nin Miçiqan ştatında Yuxarı göl) effuzivləri içərisində yerləşir. Burada çəkisi 450 tona yaxın olan nəhəng külçə aşkar edilmişdir. Maqmatik mənşəli sərbəst misin kiçik dənələri bəzən əsasi və ultraəsasi süxurlarda qeyd edilir. Mis filizi yataqlarının oksidləşmə zonalarının aşağı hissələrində ilkin mis minerallarının dəyişilmə məhsulu kimi əmələ gələn hipergen mənşəli sərbəst mis ən geniş yayılmışdır. O, həmçinin çökmə süxurlarda sementləyici kütlə kimi qeyd edilir; misli qumdaşlarında rast gəlir; konkresiyalar və oduncaq üzrə psevdomorfozalar əmələ gətirir. Nadir hallarda səpintilərdə qeyd edilir. Ay qruntunda və meteoritlərdə mineralın nadir tapıntıları aşkar edilmişdir. BR: kuprit, malaxit, azurit, xalkozin, tenorit, bornit, sərbəst gümüş, kalsit, kvars, barit, seolitlər və b. Y: Kivino yarımadası (ABŞ-də Yuxarı göl); Korokoro (Boliviya); Montekatini (İtaliya) və b. Azərbaycanda Gədəbəy, Paraqaçay, Daşkəsən, Çıraqdərə, Katsdağ və b. yataqlarda, Naxçıvan çökəkliyində yerləşən Əsədkəf qrupuna aid olan bir sıra stratiform tipli filiz təzahürlərinin (Xalxal, Paiz, Qırxlardağ) misli qumdaşlarında və bəzi başqa məntəqələrdə qeyd edilmişdir.

Tətbiqi

Elektrotexnikada, maşın- və cihazqayırmada, metallurgiyada və sənayenin digər sahələrində geniş istifadə edilən misin mühüm filizidir.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.