Sənubər Eyyubova

Sənubər Eyyubova — Quba Qızlar Seminariyasının direktoru, Stalin repressiyalarının qurbanı, BDU-nin prorektoru.[1]

Sənubər Eyyubova
Doğum tarixi
Doğum yeri Dağ Kəsəmən, Qazax, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Ali Pedaqoji Qadın İnstitutu
Fəaliyyət illəri 1920 - 1937
1947 - 1970
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni

Həyatı və təhsili

1905-ci ildə Qazax bölgəsinin Dağ Kəsəmən kəndində anadan olub. 1920-ci ildə ali təhsil almaq üçün Bakıya gəlir və 1924-cü ildə Sənubər daha 16 nəfər gənc qızla birlikdə Azərbaycan Ali Pedaqoji Qadın İnstitutunu bitirir.[1]

Fəaliyyəti

İnstitutu bitirdikdən sonra onu təyinatla Qubaya göndərirlər. Sənubər Əyyubova burada dörd il Quba Qızlar Seminariyasına rəhbərlik edir. Seminariyanı bitirən qızlar ölkənin müxtəlif yerlərinə müəllim işləməyə göndərilirdilər. Sənubər xanımın səyi ilə Qubada qadınlar klubu da açılır. Ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdı Bakıya gəlir. Burada isə maarif komissarlığında şöbə müdiri olur. 1935-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-coğrafiya fakültəsinin dekanı təyin edilir.[1]

Repressiya

1937-ci ilin yayında pedaqoji institutun tələbələri üçün Şuşada təkmilləşdirmə kursları təşkil edilir. Sənubər xanım da uşaqlarını götürüb Şuşaya gedir. Və bir neçə gündən sonra Sənubər xanım həbs olunur. Həyat yoldaşının da həbs olunduğunu həbsxanada öyrənir. Sənubər xanıma çoxlu işgəncələr versələr də, heç bir qondarma ittihamı ona qəbul etdirə bilmirdilər. SSRİ XDİK-nın 29 may 1938-ci il qərarına əsasən "xalq düşməninin arvadı" kimi Qazaxıstana sürgün olunur. Burada o Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə məhkum edilir.[2]

1947-ci ildə sürügündən qayıdır. Bəraət alana qədər Kürdəmirdə, Şamaxıda baytar həkimi kimi işləyir. Övladlarının hər ikisinə ali təhsil verir. 1956-cı ildə bir çox günahsız repressiya olunmuş şəxslər kimi ona və ərinə də bəraət verilir. Bakıda yaşamaq hüququ bərpa edilir. Və o Bakıya qayıdaraq pedaqoji fəaliyyətinə davam edir. Bir müddər BDU-nin prorektoru vəzifəsində də çalışıb. 1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib. 1970-ci ildə, 65 yaşında dünyasını dəyişib.[1]

Ailəsi

Sarı Şəmistan Sənubər Eyyubovanın əmisi oğludur.

1928-ci ildə Qubanın prokuroru Mehdi Məhərrəmovla ailə qurub. Bakıya qayıtdıqdan sonra Mehdi Məhərrəmov Respublika prokurorunun müavini kimi fəaliyyət göstərir. Mehdi Məhərrəmov 1937-ci ildə həbs olunaraq güllələnir. Bu evlilikdən Alanqo adlı qızları və Çingiz adlı oğulları olub.[1]

Xatirəsi

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub[3][4]. Tamaşada Sənubər Eyyubovanın həbsi və sürgün edilməsi də təsvir edilib.[5].

Həmçinin bax

İstinadlar

  1. Hafiz Əhmədov. ""Vətən xainləri"nin xanımları: Mir Cəfər Bağırov öz süd anasını da həbs etdirmişdi – SİYAHI, FOTOLAR (II YAZI)". azvision.az. 18 dekabr 2017. 19 mart 2019 tarixində arxivləşdirilib.
  2. "Эюбова Санубар Насибовна (1905)" (rus. ). ru.openlist.wiki. 19 mart 2019 tarixində arxivləşdirilib.
  3. ""Kod adı: V.X.A" tamaşası növbəti dəfə səhnədə" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-27. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  4. "Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları...)" (az.). 525-ci qəzet. 2022-06-17. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  5. ""Kod adı "V.X.A" – Gənc Tamaşaçılar Teatrında premyera" (az.). medeniyyet.az. 2022-12-18. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.