Sənətulla Eynullayev

Eynullayev Sənətulla İbrahim oğlu (1881, Simbirsk quberniyasının Buin qəzası, Əski Yukal k., - ?, Bakı) - mətbuat xadimi, naşir, redaktor, publisist.

Sənətulla Eynullayev
Eynullayev Sənətulla İbrahim oğlu
Doğum tarixi
Doğum yeri Simbirsk quberniyası, Buin qəzası, Əski Yukal kəndi.
Vəfat yeri Bakı
Milliyyəti azərbaycanlı
Atası İbrahim
Fəaliyyəti jurnalist

Həyatı

Ev təhsili almış, orduda xidmət etmişdir. Yaradıcılığa Simbirskdə başlamış, 20 əsrin 10-cu illərində Bakıya köçərək, "Məlumat" (1911), "Yeni İrşad" (1911-12) qəzetlərinin redaksiyalarında işləmiş, "Səda" (1909-11), "Açıq söz" (1915-18) və s. qəzetlərdə məqalələr dərc etdirmişdir. Müstəqil jurnalistlik fəaliyyəti göstərmiş, 1912 il martın 6-da "İqbal" gündəlik qəzetinin nəşrinə başlamışdır. Qəzetin 459 nömrəsi çıxandan sonra hərbi qulluğa çağırılmış, naşirlik və mühərrirlik hüququnu Seyid Hüseynə vermişdir. Ordudan tərxis olunduqdan sonra Məhəmməd Əmin Rəsulzadə ilə "İqbal", "Yeni iqbal" və "Açıq söz" qəzetlərində işləmiş və gündəlik redaktor vəzifəsini icra etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaksiyasında işləmiş, qəzetin aparıcı müəlliflərindən biri olmuşdur. Əsasən publisistika sahəsində çalışmışdır. İmperialist ölkələrinin Balkan yarımadasında törətdikləri müharibələrin, Asiya və Afrika ölkələrini iqtisadi və siyasi asılılıqda saxlamaq cəhdinin, çarizmin köçürmə siyasətinin tənqidi, müsəlmanların iqtisadi və mədəni dirçəlişinin, ana dili, ədəbiyyat və maarifinin inkişafı uğrunda mübarizə Sənətulla Eynullayevin publisistik məqalələrinin əsas mövzuları idi. Rusiya müsəlmanlarının mədəni muxtariyyəti ideyasını ardıcıl surətdə təbliğ etmişdir.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.