Səfa Cəmiyyəti
Səfa Cəmiyyəti — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş, xeyriyyə cəmiyyəti. Cəmiyyətin məqsədi imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub.
Səfa Cəmiyyəti | |
---|---|
| |
Növü | Qeyri-hökumət təşkilatı |
Yaranma tarixi | 1910 |
Ləğvolma tarixi | 1917 |
Mərkəzi | Bakı |
Fəaliyyəti
Səfa Cəmiyyətinin 50 üzvü olub. Cəmiyyət üzvlük haqqı, fərdi ianələr və teatr tamaşalarından yığılan vəsait hesabına fəaliyyət göstərirdi. Məqsədləri imkansız uşaqları təhsilə cəlb etmək, əhalinin yoxsul təbəqəsinə tibbi yardım göstərmək, xalqın mədəni səviyyəsini yüksəltmək olub[1]. Cəmiyyət Böyük Çəmbərəkənd küçəsində yerləşən binada fəaliyyət göstərirdi[2]. İkimərtəbəli məktəb binası 1910-cu ildə ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilib[3]. O, həm də cəmiyyətin xəzinədarı idi[4]. Məktəbdə Hüseyn Cavid, Seyid Hüseyn və Səməd Mənsur və digərləri dərs deyiblər[5]. İlk vaxtlar məktəbdə 60 nəfər, 1914 ildə isə 160 nəfər şagird təhsil alırdı[6].
Cəmiyyət Biləcəri, Binə, Qobu kəndlərində, Quba uyezdinin Dəvəçi kəndində rus-Azərbaycan məktəbi açıb. Bu məktəblərdə uşaqlara, müxtəlif sənət və peşələr də öyrədilirdi. Cəmiyyət Salyan məktəbinə, Şamaxı şəhər 4 sinifli məktəbinə də maddi yardım göstərib[1].
Abbas Mirzə Şərifzadə 1912-ci il avqustun 12-də Səfa Cəmiyyətinin təftiş komissiyasına seçilib[7].
Cəmiyyətin yeni yaradılmış teatr truppası "Nicat" Cəmiyyətinin truppasına nisbətən zəif idi, ancaq "Nicat"ın aktyorları həm də "Səfa" truppasında çıxışlar edirdilər. Cəmiyyətin işində Dadaş Bünyadzadə, Səməd Mənsur, aktyorlardan Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə fəallıq göstərirdilər[8]. Teatr tamaşalarına "Nicat" teatr truppasından Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Hüseynqulu Sarabski və digərləri dəvət olunurdular.[9]
Cəmiyyətin teatr truppasının ilk tamaşası 1912-ci il avqustun 31-də Tağıyev teatrında Nəcəf bəy Vəzirovun fransız dramaturqu Molyerin "Xəsis" komediyasından iqtibas etdiyi "Ağa Kərim xan Ərdəbili" məzhəkəsi olub. Əsəri tamaşaya Cahangir Zeynalov hazırlayıb. Əsas rolları Cahangir Zeynalov (Ağa Kərim xan Ərdəbili) və Abbas Mirzə Şərifzadə (Ağa Kərim xanın oğlu) oynayıblar. Cəmiyyətin teatr truppası Azərbaycanın şəhər və kəndlərində, eləcə də Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və digər bölgələrdə qastrol tamaşaları təşkil edib[10].
"Səfa" Cəmiyyəti tamaşa göstərməkdən başqa, teatrın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu. Cəmiyyət təşkilatçılığı ilə 1910-cu ildə Cahangir Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə Mirzə Fətəli Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini qeyd edilib[11][12].
1914-cü ildə cəmiyyətin teatr bölməsinə Cahangir Zeynalov sədr[13], Mehdi bəy Hacınski isə onun müavini seçilir[14].
Onun rejissorluğu ilə cəmiyyətin teatr truppası tərəfindən Mirzə Fətəli Axundovun "Hacı Qara", Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Namiq Kamalın "Vətən", Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay", 1914-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin "Millət dostları", Molyerin "Zorən təbib", 1915-ci ildə Namiq Kamalın "Əhdə vəfa", digər illərdə müxtəlif truppalarda Mirzə Cəlal Yusifzadənin "Fərhad və Şirin" (opera), Şəmsəddin Saminin "Dəmirçi Gavə", Nəriman Nərimanovun "Nadir şah" əsərləri səhnəyə qoyulub[15][16].
Birinci Dünya Müharibəsi dövründə müharibədən zərər çəkmiş uşaqlar üçün Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən Bakıda 4 sığınacaq yaradılmışdı. Sığınacaqlardan biri Səfa Cəmiyyətinin məktəbində yerləşib[17]. Bundan başqa cəmiyyət kinomatoqrafiyadan qazanılan bir günlük gəlirini də müharibədən zərər çəkənlərə ayırıb[18].
1914-cü ilin aprel ayında cəmiyyətin idarə heyəti təhsil haqqının ödənilməməsinə görə Kiyev Universitetindən qovulan 25 müsəlman tələbənin təhsil haqqını ödəməklə bağlı qərar qəbul edib. Vəsait cəmiyyətin büdcəsindən ayrılaraq universitetin rektoruna göndərilib[19].
Cəmiyyətin nümayəndələri 1917-ci ilin may ayında baş tutmuş müsəlman şagirdlərin Ümumqafqaz Konqresində iştirak ediblər[20].
İstinadlar
- Esmira Rəhimova. ""Səfa" məktəbi" (az.). yenimedia.org. 2022-01-07. 2023-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-13.
- Nəsiman Yaqublu. "Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti" (az.). 525-ci qəzet. 2014-02-01. 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-11.
- Nəsiman Yaqublu. Azərbaycanın ilk qeyri - hökumət təşkilatları. Bakı: Elm və təhsil. 2013. səh. 42. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- "Бакинские благотворительные общества (1917)" (rus). ourbaku.com. 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- "Минуло 143 года со дня рождения Самеда Мансура" (rus). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2022-01-31. 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 338. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- Qulam Məmmədli. Абасмирза Шарифзаде (сборник документов, повествующих о жизни, творчестве и деятельности). Bakı: İşıq. 1985. səh. 236.
- Bakının teatr həyatı kataloq (PDF). Bakı: Ziya nəşriyyatı. 2013. səh. 205. ISBN 978-9952-8024-2-9. 2023-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-28.
- Hüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil. 2014. səh. 262–263. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-04.
- "Возникновение и развитие театрального искусства Азербайджана" (rus). azerbaijan.az. 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- "Teatr" (rus). ensiklopediya.gov.az. 2022-007-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- Sarabski, Hüseynqulu. Köhnə Bakı (az.). Bakı: Qanun nəşriyyatı. 2019. 57.
- Fuad Paşabəyli. "Джахангир Зейналов - родоначальник азербайджанской актерской школы" (rus). Kaspi. 2015-12-19. 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- "Mehdi bəy Hacınski - 140" (az.). Hürriyyət qəzeti. 2019-05-25. 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- İlham Rəhimli. "Teatrımızda yüz il əvvəl də dəstəbazlıq vardı" (az.). https://www.kulis.az/news/16706. 2016-12-07. 2021-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- "Zamanla yaşayan sənətkar - Cahangir Zeynalov" (az.). baku-art.com. 2021-10-22. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- Lalə Hüseynova. "Деятельность неправительственных общественных организаций в период АДР (1918-1920)" (rus). cheloveknauka.com. 1996. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- Nəsiman Yaqublu. Azərbaycanın ilk qeyri - hökumət təşkilatları. Bakı: Elm və təhsil. 2013. səh. 49. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- Nəsiman Yaqublu. Azərbaycanın ilk qeyri - hökumət təşkilatları. Bakı: Elm və təhsil. 2013. səh. 53. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- Nəsiman Yaqublu. Azərbaycanın ilk qeyri - hökumət təşkilatları. Bakı: Elm və təhsil. 2013. səh. 52. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.