Səfa Qəhrəmanov

Səfa Hüseyn oğlu Qəhrəmanov (30 mart 1949, Minəxorlu, Ağcabədi rayonu5 may 2008, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2006).

Səfa Qəhrəmanov
Səfa Hüseyn oğlu Qəhrəmanov
Ümumi məlumatlar
Doğum tarixi 30 mart 1949(1949-03-30)
Doğum yeri
Vəfat tarixi 5 may 2008(2008-05-05) (59 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Janr muğam
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2006 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2000

Həyatı

Səfa Hüseyn oğlu Qəhrəmanov 1949-cu il mart ayının 30-da Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olmuşdur. Hələ uşaqlıqdan musiqiyə həvəsi olmuş, tibb texnikumunda təhsil alarkən respublika üzrə keçirilən musiqi müsabiqələrində iştirak etmişdir. 1970-ci ildə Yaşıl Teatrda keçirilən "Qızıl payız" muğam festivalının iştirakçısı olmuş, Xan Şuşinski, Əhməd Bakıxanov, Sahib Şükürov, İslam Rzayev, Adil Gəray kimi sənətkarların qarşısında çıxış edərək müsabiqədə qalib gəlmişdir. Bundan sonra o, Əhməd Bakıxanovun ansamblına dəvət almış, bir müddət sonra isə hərbi xidmətə yollanmışdır.[1]

1978-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik şöbəsini, 1990-cı ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirmişdir. Muğam ustası Nəriman Əliyevin tələbəsi olmuşdur.

Hələ musiqi texnikumunda təhsil alarkən səhnə fəaliyyətinə başlayan Səfa Qəhrəmanov milli muğamlarımızı, xalq və bəstəkar mahnılarını məharətlə ifa etmişdir. 1975-ci ildə ilk dəfə olaraq peşəkar xanəndə kimi Əhsən Dadaşovun rəhbərlik etdiyi Xalq Çalğı Alətləri Ansamblı ilə televiziyada "Mirzə Hüseyn segahı"nı ifa etmişdir.

Səfa Qəhrəmanov 1992-ci ildən həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının muğam bölməsinin solisti idi. Opera səhnəsində Qəndab Quliyeva ilə "Leyli və Məcnun" operasında Məcnun rolunda çıxış etmişdir. Teatrdakı on altı illik fəaliyyəti ərzində bir sıra milli operalarda - Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Məcnun, İbn Səlam, Məcnunun atası, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Şah İsmayıl, Z.Hacıbəylinin "Aşıq Qərib" operasında Şeyx, V.Adıgözəlovun "Natəvan" operasında Qarabağ xanəndəsi, R.Mustafayevin "Vaqif" operasında xanəndə, Niyazinin "Rast" baletində xanəndə kimi obrazlar yaratmışdır.[2]

Səfa Qəhrəmanov həm də müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1999-cu ildən A.İsgəndərov adına Mədəniyyət sarayında muğam sinfində dərs demiş, Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) müəllimi olmuşdur. Bu illər ərzində onun ifasında xalq mahnıları və muğamlar lentə alınaraq, qızıl fonda daxil edilmişdir.

Səfa Qəhrəmanov 2000-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 2006-cı ildə isə "Xalq artisti" adına layiq görülmüşdür. Görkəmli xanəndə Səfa Qəhrəmanov 2008-ci il may ayının 5-də vəfat etmişdir.

İstinadlar

  1. Vahid, T. Onun ürəyi musiqi ilə döyünürdü [Mətn] /T.Vahid //Mədəniyyət. - 2012.- 30 mart.- S.6.
  2. Vahid, T. Səs xəzinəmizin nadir səsi [Mətn] /T.Vahid //Mədəniyyət.- 2013.- 29 mart.- S.6.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.