Sığınacaq axtaran

Sığınacaq axtaran — öz ölkəsindən qaçıb başqa bir ölkəyə daxil olan və sığınacaq üçün, yəni bu ölkədə beynəlxalq qorunma hüququ üçün müraciət edən şəxs. Sığınacaq axtaran şəxs miqrantın bir növüdür və qaçqın və köçkünlər bu qrupa aid edilə bilər, lakin iqtisadi miqrantlar bura aid edilmir. Miqrantların sığınacaq axtaran olması tələb olunmur. Şəxs başqa ölkədə qalmaq üçün rəsmi müraciət etdiyi andan sığınacaq axtaran şəxs statusu qazanır və həmin müraciət nəticələndiyi vaxta qədər bu status qalır. Əgər şəxsin müraciəti qəbul edilərsə və şəxsə sığınacaq verilərsə, ona "sığınacaq almış şəxs" deyilir. Sığınacaq ölkəsinin miqrasiya məsələləri üzrə səlahiyyətli orqanları sığınacaq verilməsi ilə bağlı əsasların olub-olmadığını müəyyən edirlər. Buna uyğun olaraq, ya sığınacaq axtaran şəxs müdafiə ilə təmin olunur və rəsmi olaraq qaçqın (sığınacaq almış şəxs) kimi tanınır; ya da sığınacaq verməkdən imtina olunur və şəxs ölkəni tərk etməli olan, hətta deportasiya edilə bilən qanunsuz miqranta çevrilir. Əgər şəxsin vəziyyəti 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyada və ya sığınacaq üçün Avropa İttifaqına üzv dövlətlərə müraciət edildiyi halda tətbiq edilən Avropa İnsan Hüquqları Konvensiyası kimi qaçqınların hüquqi statusunu tənzimləyən digər beynəlxalq sənədlərdə qeyd olunan mənada "qaçqın" anlayışının təsir dairəsinə düşərsə, sığınacaq axtaran şəxs qaçqın kimi tanına və ona qaçqın statusu verilə bilər. Bununla belə, qaçqın konvensiyasına üzv dövlətlər sığınacaq axtaranların müdafiəsi ilə əlaqədar məsələləri öz siyasətləri çərçivəsində həll edirlər və barəsində sığınacaq verilməsindən imtina olunan şəxslərin sayı ölkədən ölkəyə və ildən ilə fərqlənir.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.