Sürtkü yağları
Sürtkü yağları sürtkü materialları kimi istifadə olunan mayelərdir. Tərkibinə görə neft yağları və sintetik yağlar, eləcə də yarı-sintetik yağlara,təyinatına görə aşağıdakı qruplara bölünür:
- Motor yağları;
- İkitaktlı benzin mühərrikləri üçün yağlar;
- Transmissiya yağları;
- Sənaye yağları;
- Reaktiv yağları;
- Avtomatik ötürülmə sistemləri üçün işçi mayelər;
- Sükanla idarənin hidravlik gücləndiriciləri üçün işçi mayelər;
- Metal kəsən dəzgahlar üçün yağlayıcı-soyuducu emulsiyalar və s.
Yaranma tarixi
Müasir dövrdə hansı texnika olursa olsun, onun sürtkü materialsız işlənməsi qeyrimümkündür. İnsanlar sürtkü materiallarından hələ eramızdan xeyli əvvəl, qədim dövrlərdən istifadə etmişdirlər.Bürünc dövründə çoxsayda ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Alimlərin fikrincə sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gəldikdən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə islatdıqda o, sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. İlk sürtkü yağları əridilmiş mal ya donuz piyi və gənəgərçək yağı idi. Sonralar bu məqsədlə qoyun,balıq və bitki yağları – pambıq,soya,zeytun yağı və s. istifadə edilmişdir. Tədricən daxiliyanma mühərrikləri, avtomobillər yarandı. Artıq bitki yağları bunların işini keyfiyyətcə və miqdarca təmin etmək üçün kifayət deyildi. Ona görə də, o dövrdə sürtkü yağı kimi başqa mənbədən istifadə etməyə başlandı. Texnika inkişaf etdikcə sürtkü yağlarına olan təlabat da artdı. Xüsusən, maşın texnikasına keçid və onun sürətlə inkşafı XIX əsrdə bu problemi daha aktual etmişdir. İlk dəfə olaraq 1876-cı ildə D.İ. Mendeleyev sürtkü yağlarını ağır Qafqaz neftinin mazutundan alınması üsulunu təklif etdi. Neftin ilkin emalı nəticəsində alınan yağlar sürtkü yağlarının istehsalı üçün ən ucuz və etibarlı xammal hesab olunurdu. D.İ. Mendeleyev və V.V. Markovnikovun eyni zamanda və bir istiqamətdə apardıqları tədqiqatların neft yağları istehsalının inkşafina böyük təsiri olmuşdur. Əvvəllər neft yağları qara rəngi ilə alıcıları qorxudurdu, lakin bu yağlar açıq rəngli heyvan və bitki mənşəli yağlardan 3-4 dəfə ucuz idi. Rus alimi N.P.Petrovun və ingilis alimi Reynoldsun klassik işləri mineral (neft) yağlarının geniş yayılmasına səbəb oldu. Sonradan mineral yağların ucuz olmaqdan başqa digər üstünlükləri də müəyyən edilmişdir: saxlandıqda və işləndikdə onlar oksidləşməyə daha çox davamlıdır, yanğına qarşı az təhlükəlidir, metallara qarşı az təsirlidir. Ona görə də, 1930-cu ildə texnikada heyvan və bitki mənşəli yağlar mineral yağlarla tam əvəz edilmişdir. Beləliklə, D.İ. Mendeleyevin işlərinə əsasən neftdən alınan sürtkü yağlarının istehsalını və yağ sənayesinin müvəffəqiyyətlə inkişafını təmin edən elmi əsaslar yaradıldı. Maşın texnikasının inkişafı bitki və heyvan mənşəli yağların mineral yağlar ilə əvəz edilməsinin əsas faktorudur. Sürtkü yağlarının keyfiyyətini yaxşılaşdırmaq sahəsində elmi-tədqiqat işləri 1920-ci ildə tanınmış rus alimi L.Q. Qurviçin rəhbərliyi ilə yağlar laboratoriyasında Azneftin mərkəzi kimya laboratoriyasında aparılırdı. Azneftin mərkəzi kimya laboratoriyasında L.Q.Qurviçin rəhbərliyi ilə işləyən cavan istedadlı alimlər – N.İ.Çernojukov, K.P.Lixuşin, L.A.Quxman, İ.F.Qutt, M.L.Blaqovidov, V.L.Qurviç, Je.A.Dyaçkova və b. sonradan neft emalı və neft kimyası sahəsində görkəmli alimlər olmuşdurlar. Motor istehsalı inkişaf etdikcə detalların korroziyasının və sürtünməsinin azaldılması, əsasən geniş temperatur intervalında mühərriklərin normal işə düşməsi və işləməsini təmin etmək və s.kimi problemlər yarandı.Bu problemlər sürtkü yağlarının xassələrinə korroziya, oksidləşmə, yeyilmə, siyrilməyə qarşı, termiki stabilliyə və özlülük xassələrinə yeni tələblər qoyurdu. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, mineral yağlar nə qədər təmizlənsə də mühərriklərin normal işinı təmin edə bilmir. Belə olduqda, sürtkü yağlarının keyfiyyətinin yaxşılaşdırılması üçün yeni istiqamət yarandı, bu onların tərkibinə müxtəlif funksional qrupları olan, yağlara lazımı xassələr verən üzvi birləşmələr əlavə edilməsidir. Belə əlavələr (qatqılar) “aşqarlar” adlandırıldı.Beləliklə, artıq aşqarlar dövrü gəlib çıxdı.
Sürtkü yağlarının təsnifatı
Sürtkü yağlarının təsnifatı – sürtkü yağları distillat və qaliq olmaqla iki sinfə bölünür. Distillat sürtkü yağları mazutun vakuum altında distilləsindən, qalıq yağlar isə yarımqudron və ya qudrondan alınır. Distillat sürtkü yağları sinfinə maşın, avtotraktor, dizel yağları və s. daxildir. Qalıq sürtkü yağları sinfinə isə aviasiya vapor yağları və s. daxildir. Distillat və qalıq sürtkü yağları işləmə sahələrinə görə 9 sinfə bölünür. Sənaye yağları – bu yağlar nisbətən aşağı temperaturda işləyən müxtəlif maşın, dəzgah və mexanizmlərin, eləcə də maşın və mühərriklərin bilavasitə buxar, isti hava və qaz təsirinə düşməyən qovşaqlarının yağlanması üçün işlənilir. Sənaye yağlarına velosit, maşın, colyar və s. bu kimi yağlar daxildir.
Avtotraktor yağları
Avtotraktor yağları – avtotraktorlar üçün işlədilən sürtkü yağları iki qrupa bölünür: karbüratorlu mühərriklər üçün yağlar(avtollar) və dizel mühərrikləri üçün yağlar(dizel yağları). Karbüratorlu mühərriklərdə tətbiq olunan avtol yağlarının aşağıdakı markaları vardır:
- turşu-kontakt təmizləməsi avtolu AK-6;
- turşu-kontakt təmizləməsi avtolu AK-10;
- turşu-kontakt təmizləməsi avtolu AK-15;
- seçici həlledicilərlə təmizlənmə avtolu AC-6;
- seçici həlledicilərlə təmizlənmə avtolu AC-10;
- turşu-kontakt təmizləməsinin poliizobutilenlə qarişdirilmiş qatqili avtolu AKЗn-6;
- turşu-kontakt təmizləməsinin poliizobutilenlə qarişdirilmiş qatqili avtolu AKЗn-10.
Transmissiya yağları
Transmissiya yağları – transmissiya yağlarında dişli çarxların yeyilməsinin qarşısını almaq üçün istifadə edilir. Belə yağlar yüksək təzyiq altında işləyir. Iş rejimini nəzərə alaraq transmissiya yağları özlü, yüksək təzyiqə davamlı, yağlama qabiliyyətinə və aşağı donma temperaturuna malik olmalıdır.
Turbin yağları
Turbin yağları – Balaxanı və Emba yağlı neftinin mazutundan alınır. Bu yağlar su və buxar turbinlərinin, hava üfürücülərinin, eləcə də başqa maşınların yağlamasında işlədilir.
Aviasiya yağları
Aviasiya yağları – yüksək temperatur və təzyiq altında müxtəlif metal və havanın oksigeni ilə sıx əlaqədar olur. Aviasiya yağlarında aşağıdakı keyfiyyətlər olmalıdır:
- özlülüya və yüksək yağlama qabilyyətinə malik olmalı;
- özlülüyüntemperatur əyrisi yatıq olmalı;
- maşının hissələrini korroziya etməməli;
- piston halqalarında köz əmələ gətirməməli;
- yüksək sabitliyə malik olmalı;
- köpüklənməməli;
- suyu, külü və mexaniki qarışıqları olmamalıdır.
M-14B2 motor yağı
M-14B2 API CB SAE 40 tipli motor yağı M-14B2 motor yağı gəmi, teplovoz, stasionar, sənaye və öz yükünü boşaldan dizellərində istifadə edilir. M-14B2 motor yağı müxtəlif ağır tonnajlı maşın və mexanizmlərdə geniş həcmdə istifadə edildiyinə görə bu motor yağının yeni analoqunun Azərbaycan neftlərindən alınan distillə yağları əsasında yaradılmasını aktual edir. M-14B2 motor yağının yeni sürtgü kompozisiyalarının yaradılması üzrə tədqiqat işləri öz əksini tapmışdır. Nəticədə müxtəlif qatılıqlarda götürülmüş müxtəlif funksional xassələrə malik aşqarlardan istifadə etməklə M-14B2 API CB SAE 40 markalı yağının yeni analoqu yaradılmışdır. Yaradılan yeni kompozisiyaları fiziki-kimyəvi və istismar xassələrinə görə sənaye, iriyüklü, öz yükünü boşaldan (), habelə istifadəsi üçün qoyulan ГОСТ 12337 tələblərinə tam cavab verir və tətbiq üçün tövsiyə edilir. Teplovoz, gəmi və stasionar ДН və ДРН 23/30 markalı dizellərdə, həmçinin iriyüklü öz yükünü boşaldan və sənaye 6-8 ЧН 21/21 markalı dizellərdə istifadə edilən M-14B2 motor yağı ilk dəfə 1984-cü ildə M-14 baza yağı və 3% ЦИАТИМ-339, 6% ПМС «А», 2% ВНИИ НП-354 və ya ДФ-11 və 0,003% ПМС-200А aşqarlarının istifadəsi ilə Rusiyanın müxtəlif şəhərlərində istehsal olunmuşdur. Hal hazırda Rusiyanın “Oils and Lubricants” LLC şirkəti tərəfindən həmin yağ müxtəlif adlarda Lukoyl M-14B2, WEGO M-14B2, Rosneft M-14B2 və s. istehsal olunur. Məqsəd - Respublikada M-14B2 motor yağı müxtəlif ağır tonnajlı maşın və mexanizmlərdə geniş həcmdə istifadə edildiyinə görə bu motor yağının yeni analoqunun Azərbaycan neftlərindən alınan distillə yağları əsasında yaradılmasını aktual etmişdir. M-8 və M-15 Bakı distillə yağlarının kompaundundan hazırlanmış M-11 baza yağı və oksidləşmə, korroziya, yuyuculuq və s. müxtəlif funksional xassələrə malik aşqarlar kimi detergtent-dispersiyaedici – suksinimid tipli OLOA-373c, yuyucu-dispersedici C-150, oksidləşmə, korroziya və yeyeilməyə qarşı – Mx-3103. Mx-3104, Viscoplex-4-550 özlülük aşqarlarının tədqiqi ilə ГОСТ 12337 tələblərinə uyğun M-14B2 sürtgü kompozisiyası yaradılmışdır. Metodlar – yağın oksidləşməyə qarşı davamlıq xassəsinin təyini birslindrli ИКМ-40 qurğusunda hər mərhələ 10 saat olmaqla 700C-də 40 saat müddətində aparılmışdır. nəticədə yağın kinematik özlülük dəyişikliyi təyin olunmuş və norma üzrə 100%-ə qarşı 55,4% təşkil etmişdir. Bu yağın oksidləşməyə qarşı yüksək davamlılıq xassəsinə malik olduğunu göstərir. Nəticə - Sürtgü kompozisiyasının yuyuculuq, korroziya və yeyilməyə qarşı xassələrinin qiymətləndirilməsi ИМ-1 qurğusunda 96 saat müddətində aparılmışdır. Bu üsul porşenin çirklənmə dərəcəsinə görə yuyuculuq, sürgü qolu içliyinin korroziyasına görə korroziya və porşen halqalarının yeyilməsinə görə yeyilməyə qarşı xassələrinin qiymətləndirilməsinə əsaslanır.
Sürtkü yağlarına əlavə edilən qatqılar
Aşqarlar çoxsaylı müxtəlif elementlər və aktiv qruplar saxlayan üzvü birləşmələrdir. Müxtəlif konfranslarda və elmi-texniki jurnalların səhifə¬lərində yağların istismar xassələrinin yaxşılaşdırılması haqda ciddi müzakirələr keçirilirdi.Çoxsaylı amerika mütəxəssisləri hesab edirdilər ki, sürtkü yağlarının keyfiyyətini yaxşılaşdırmağın yeganə üsulu aşqarların istifadəsidir. Sovet alimləri isə hesab edirdilər ki, yağın keyfiyyətini yaxşılaşdırmaq üçün aparıcı rolu aşqar oynasa da, xammalın rolu da az deyil.Aşqarların təsirliliyini dəqiq müəyyənləşdirmək üçün onları təmiz (zərərli komponentlərdən təmizlənmiş) baza yağlarında tədqiq etmək lazımdır. Sürtkü yağlarına aşqarların sintezi, inkişafda olan kapitalist ölkələrində 1930-cu illərin əvvəllərindən, keçmiş SSRİ-də, o cümlədən Azərbaycanda1930-cu illərin axırlarındanV.V. Kuybişev adına Azərbaycan Neft Emalı Üzrə Elmi-Tədqiqat İnstitutunda (Аз НИИНП им. В.В. Куйбышева) başlanmışdır.Bu işlər əsasən depressator (donma temperaturunu aşağı salan aşqarlar) və yağların özlülüyünü yaxşılaşdıran aşqarların alınmasına yönəlmişdir. İkinci dünya müharibəsi ərəfəsində motor istehsalının inkişafı böyük templə irəliləyirdi. Bu, ilk növbədə güclü, yüksək sürətli təyyarə və tank mühərriklərinin inkişafına aid idi. Bizim ölkə xaricdən aşqarlar, xüsusən depressator aşqarları alırdı.Bir sıra Amerika şirkətləri depressor aşqarlarının istehsalını mənimsəmişdi və bu sahədə onların rəqibləri yox idi. Təsadüfi deyil ki, bu “soyuq müharibənin” ilk addimlarından biri Sovet birliyi ölkələrinə aşqarların ixracının imtinası və bu addımla sənayenin ürəyi olan mühərriklərə zərbə endirmək ehtimal olunurdu. Beləliklə, yerli tədqiqatçıların qarşısında iki istiqamət var idi. Birinci istiqamət şirkətin sirlərini açmaq, xaricdən alınmış məşhur xarici aşqarların tərkibini və texnologiyasını tapmaq cəhdi. Bu yol qısa və sadə idi, lakin çox az şey vəd edirdi, ən yaxşı halda sadəcə bir müəyyən sahədə Amerika tədqiqatçılarına çatmaq mümkün olardı. İkinci istiqamət daha çətin idi, çünki sürtkü yağlarına yerli aşqarların istehsalını yaratmaq lazım idi. Məhz bu yolu da Sovet və Azərbaycan alimləri seçdilər. Müharibədən sonra da motor istehsalı böyük templə davam edirdi. Əgər müharibədən əvvəl avtomobillərin orta mühərrik gücü 70-75 at gücü (51-55kvt) 2000-2500 dövriyyə civarında dəyişibsə, 1950-ci ildə avtomobillərin orta mühərrik gücü artıq 100-140 at gücü (74-103 kvt), 2800-3600 dövriyyə arasında artdı.Belə növ mühərriklər yeni, daha təkmilləşdirilmiş yağların istehsalını tələb edirdi. Yağların keyfiyyətinin yaxşılaşdırılması problemini və tədqiqatların genişləndirilməsinin zəruriliyini nəzərə alaraq, bu sahədə 1945-ci ildə V.V. Kuybişev adına Azərbaycan Neft Emalı Üzrə Elmi-Tədqiqat İnstitutunda A.M. Quliyevin rəhbərliyi ilə “Yağlar və aşqarlar” laboratoriyası yaradıldı.Bu aşqarlarla mükəmməl məşğul olan ilk elmi mərkəz idi. Əli Quliyevin aşqarlar kimyası ilə məşğul olması Azərbaycanın görkəmli alimi Yusif Məmmədəliyevin məsləhəti ilə olmuşdur. Kollektivin birinci işləri depressatorların və yuyucu sulfonat aşqarlarının sintezi və tədqiqinə aid idi. 1945-ci ildən keçmiş Sovetlər Birliyində Azərbaycanda aşqarlar kimyası sahəsində aparılan tədqiqatlarla yanaşı, Ümumittifaq Neft Emalı Üzrə Elmi-Tədqiqat İnstitutu (ВНИИНП), İ.M.Qubkin adına Moskva Neft və Qaz İnstitutu (МИНГ) və s. institutlarda da belə tədqiqatlar aparılırdı. Qeyd edildiyi kimi, sürtkü yağlarına aşqarların sintezi sahəsində işlər keçmiş Sovetlər Birliyində 1930-1932-ci illərdə başlanmış, lakin bu sahədə tədqiqatların sistemləşməsi və məqsədyönlü aparılması ikinci dünya müharibəsindən sonra başlamışdır. Müxtəlif alkilaromatik birləşmələrin – depressatorların sintezi üzrə geniş tədqiqatlar aparılır və sintez edilmiş birləşmələrin quruluşu ilə yağların donma temperaturunun asılılığı öyrənilirdi. Məqsədyönlü tədqiqatlara əsasən ilk depressator АзНИИ aşqarı Azərbaycanda sintez edilmiş və 1947-ci ildə isə sənayedə alınmışdır. Bu aşqar Ə.M.Quliyevin rəhbərliyi ilə Az. SSR EA Neft Kimyası Prosesləri İnstitutunda (Az. SSR EA NKPİ)(keçmiş АзНИИНП) aşqarların sintezi laboratoriyası kollektivinin işlərinə əsasən yaradılmışdır. Depressator – АзНИИ yağların donma temperaturunu aşağı salmaq üçün istifadə olunur, o əsasən dialkilnaftalindən ibarətdir. İşin yüksək əhəmiyyətinə görə müəllif heyəti – Ə.M.Quliyev, O.A.Qeyman və s. 1948-ci ildə Dövlət müka¬fatına layiq görülmüşdürlər. Sovetlər birliyində ilk sulfonat aşqarı da Azərbaycanda alınmışdır. Bu АзНИИ-4 aşqarı idi. Onun istehsalı isə 1949-cu ildə başladı. Bu aşqar yuyucu və korroziyaya qarşı xassəli iki komponentdən ibarətdir.АзНИИ-4 aşqarı dizel və avtotraktor yağlarının keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunurdu. Sulfonat tipli aşqarların sonrakı tədqiqatları sulfonatların yuyucu xassələrinin kimyəvi quruluşu ilə asılılığının öyrənilməsinə həsr edilmişdi. Bu tədqiqatlara əsasən sulfonat aşqarlarının alınması üçün xammalın seçilməsinin elmi əsasları öyrənilmişdir, xüsusilə АзНИИ-5, CБ-3, СК-3 aşqarlarının alınmasını və sənayedə alınma texnologiyasını Ə.M.Quliyev, K.İ.Sadıxov, D.A.Əhmədzadə, İ.M.Orucova, M.Ə.Məmmədov, V.E.Başayev, İ.İ.Elyoviç işləmişlər. Yuxarıda adları sadalanan elmi kollektivin tədqiqatları əsasında ölkədə yeni sənaye sahəsi−sürtkü yağlarına aşqarların istehsalı yaradılmışdır. İlk sənaye aşqarları sürtkü yağlarının bir xassəsini yaxşılaşdırmaqla kifayətlənirdi – yağların donma temperaturunu aşağı salırdı, ya yuyucu xassələrini yüksəldirdi. Sonralar sürtkü yağlarının eyni zamanda bir neçə istismar xassəsini yaxşılaşdıran çoxfunksiyalı aşqarlar yaradıldı. Bu sahədə alkilfenol tipli aşqarların sintezinə xüsusi diqqət verilirdi. Müxtəlif radikallı bisfenollar, alkilfenolların sulfid və disulfidləri sintez olunmuşdur. Bu tədqiqatlar alkilfenol aşqarlarının effektivliyinin tərkib və quruluşundan asılılığını aşkar etməyə imkan verdi. İlk çoxfunksiyalı АзНИИ-ЦИАТИМ-1 aşqarları da Azərbaycanda işlənilmiş və 1950-ci ildə Ə.M.Quliyev və S.E. Kreyn tərəfindən sənayedə tətbiq edilmişdir [3.s 200]. Aşqar yağı, donma temperaturunu aşağı salmaqla yanaşı, yağın yuyucu və korroziyaya qarşı xassələrini də yaxşılaşdırırdı. Beləliklə, Az. SSR EA Neft Kimya Prosesləri İnstitutunun aşqarların sintezi laboratoriyasının kollektivinin işlərinə əsasən, “ilk vətən aşqarları” Azərbaycanda yaradılmışdır. 1960-cı ildə alimlər – Ə.M.Quliyev, G. Ə.Zeynalova, İ.M. Orucova, A.M. Lyovşina və V.E. Başayev tərəfindən alkilfenol aşqarlarının sintezi sahəsində aparılan dərin elmi axtarışların nəticəsində müasir dizellərin tələblərini ödəyən və yüksək keyfiyyətli dizel yağlarının istehsalını təmin edən АзНИИ-7 aşqarının sənayedə tətbiqi həyata keçirildi. Bu işlərlə yanaşı, tərkibində azot, kükürd, fosfor, xlor və s. elementlər saxlayan üzvi birləşmələrin sintezi və tədqiqatları aparılırdı. Bunlara müxtəlif ditiofosfor turşularının efirləri, karba¬mid və tiokarbamid törəmələri, uretanlar, alkilfenolların, xlor¬fenolların və aromatik merkaptanların amin törəmələri, sulfidlər, ksantogenatlar, polimer birləşmələri və s. birləşmələr aiddir.Bu birləşmələr oksidləşmə, korroziya, yeyilməyə qarşı, özlülük və s. aşqarlar kimi tətbiq edilmişdir. Ə.M. Quliyevin rəhbərliyi ilə laboratoriya kollektivi aşqarların sintezi və istehsalatda alınma texnologiyasının işlənib hazırlanması sahəsində bir çox tədqiqatlar aparmışdır. Tərkibində yüksək ixtisaslı alimlər olan kollektivin aşqarlar kimyası sahəsində nailiyyətlərini nəzərə alan SSRİ Elmlər Akademiyasının təklifi ilə 1965-ci ildə Sovetlər birliyində bu sahədə yeganə ixtisaslaşmış institut olan Az. SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutu yaradıldı. Akademik Ə.M.Quliyev institutun təməlini qoymuş, onun təşkilatçısı və 1987-ci ilədək fasiləsiz rəhbəri olmuşdur, hazırda institut onun adını daşıyr. 1987-ci ildən instituta onun yetişdirmələrindən biri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü (indi akademik) V.M. Fərzəliyev rəhbərlik edir. İnstitutun nəzdində 12 laboratoriya açıldı. Bu laboratoriyalarda aşqarların alınma texnologiyasının işlənilməsi, yağlara, yanacaqlara, polimer materiallara yüksək effektli aşqarların tətbiq edilməsi və aşqarların nəzəri əsasları istiqamətində təsir mexanizminin hazırlanması kimi hərtərəfli tədqiqatlar aparılırdı. Respublika alimlərinin bu sahədə apardığı tədqiqatlar və əldə etdikləri nailiyyətlər deməyə imkan verir ki, Azərbaycanda sürtkü yağlarına aşqarlar kimyası sahəsində Ə.M. Quliyev tərəfindən elmi məktəb “Aşqarlar kimyası məktəbi”yaradılmışdır. Yeni növ maşın və mexanizmlərin yaradılması zamanı sürtkü yağlarının istifadəsində bir çox problemlər qarşıya çıxırdı. Bu problemin həlli sürtkü yağlarına aşqarlar kimyasının müstəqil elm kimi yaranmasına və inkişafına səbəb olmuşdur. Aşqarlar kimyası nisbətən cavan elmdir. Aşqarlar kimyası öz tədqiqatlarında neft kimyasının, üzvi və qeyri-üzvi kimyanın, kolloid, fiziki-kimyanın və s. elmlərin nailiyyətlərindən istifadə edir. Beləliklə, aşqarlar kimyası üzvi maddələrin sintezi,onların quruluşunun öyrənilməsi, təsir mexanizminin müəyənedilməsi və tətbiq sahələri haqqında elmdir. Məlum olduğu kimi, yerüstü texnikada, dəniz gəmiçiliyində, aviasiyada və s. xalq təsərrüfatı sahələrində sürtkü yağ¬ları istifadə edilir. Aşqarların motor yağlarında istifadəsi ölkədə dizel istehsalının inkişafının sürətlənməsinə imkan verir, bu da xalq təsərrüfatında əhəmiyyətli qənaəti təmin edir. Texnika inkişaf etdikcə, motor yağları üçün kəmiyyət və keyfiyyət nöqteyi-nəzərdən müxtəlif təsirli və çoxlu çeşiddə aşqarlar işlənib hazırlanmışdır: alkilfenolyatlar, sulfonatlar, ditiofosfatlar, depressatorlar və s. Texnika nə qədər inkişaf etsədə, onun işləməsi sürtkü materialsız mümkün deyildir. Ona görə də, sürtkü materiallarının keyfiyyətlərini yaxşılaşdıran aşqarların alınması vacib hesab olunur.
Sürtkü yağlarının biodavamlılıq xassələri
Sürtkü yağlarinin biodavamliq xassələri – əsrin əvvəllərində müxtəlif təyinatlı sürtkü yağları belə böyük miqyasda istismar edilmirdi. Istehsal olunan yağların istismarı zamanı ekoloji problemlərlə əlaqədar, mövcud materialların zədələnməsi ilə ciddi məşğul olunurdu. Lakin hazırda elə bir material yoxdur ki, onlar biozədələnməyə məruz qalmasın. Bu səbəbdən materialların tərkib və tətbiq sahəsinə görə iqtisadi cəhətdən böyük miqyasda ekoloji zərbə ilə yaranan itkilərin qarşısını almaq mühüm problemə çevrilir. Müxtəlif funksional xassəli–detergent-dispersedici, korroziya, oksidləşmə, yeyilməyə qarşı, habelə yağların özlülük-temperatur xassələrini təmin edən aşqar paketlərində geniş spektrli sürtkü yağlarının istehsal prosesində əsas diqqət mikrobioloji zədələnməyə qarşı davamlı sürtkü yağlarının yaradılması ilə yanaşı uzun müddətli, bütün mövsümlərdə işləyən, gücləndirilmiş və yüksək gücləndirilmiş üfürmə və üfürməsiz şəraitdə işləyən motor və dizel mühərrikləri üçün yüksək istismar keyfiyyətinə malik sürtkü yağlarının yaradılmasına yönəldilir. Müəyyən edilmişdir ki, Bakı baza yağları əsasında avtotraktor, stasionar, öz yükünü özü boşaldan, gəmi, avtotraktor, teplovoz və s. dizel mühərrikləri üçün M-10Г2к, М-12 ВБ, М-14В2, М-14Г2 sürtkü yağlarının yaradılmasında tədqiq olunan aşqar paketlərindən istifadə edildikdə aşqar kompozisiyasının tərkibinə biosid xarakterli birləşmələrin daxil edilməsi məsləhətdir.
Müxtəlif təyinatlı biodavamlı yeni sürtkü kompozisiyaları
Müxtəlif təyinatlı biodavamlı yeni sürtkü kompozisiyaları – gəmi, teplovoz və sənaye dizellərində istifadə edilən M-14B2 tipli motor yağının geniş miqyasda istismarı nəzərə alınaraq onun biozədələnməyə qarşı davamlı kompozisiyası işlənmişdir. Alınan müsbət nəticələr əsasında yağın üç təcrübi nümunəsi hazırlanmış və Texniki Şərtlərin işlənməsi üçün yenidən ГОСТ 12337 üzrə bütün göstəricilər təyin edilmişdir. Tədqiqat nəticələri əsasında sürtkü yağlarının yeni növ biodavamlı analoqlarının yaradılmasının zəruriliyi təsdiqlənmişdir. Teplovoz, sənaye və iri yüklü öz yükünü boşaldan nəqliyyat mühərrikləri üçün ilk dəfə çoxfunksiyalı detergent – dispersedici aşqar və aşqar paketləri əsasında biozədələnməyə qarşı davamlı müxtəlif təyinatlı yeni sürtkü kompozisiyaları yaradılmışdır. Teplovoz, iri yüklü öz yükünü boşaldan 6-8 ЧН 20/21, gəmi, sənaye ДН və ДРН 23/30, ЧН 26/26 markalı dizellər üçün M-12ВБ və М-14В2 tipli biodavamlı motor yağı; Baza yağı: M-10, M-11:
- М-12ВБ Viscoplex-2-670; AKİ-114 (AKİ-130); C-400; ДФ-11; α-fenil-β-nitroeten (α-furil-β-nitroeten); Viscoplex-5-309; ПМС-200А;
- M-14B2 Viscoplex-2-670;AKİ-150; C-150; ДФ-11; Aril-α-nitroeten ( α-furil-β-nitroeten); Viscoplex-5-309; ПМС-200А
- Yüksək gücləndirilmiş üfürmə və üfürməsiz şəraitdə işləyən avtotraktor dizelləri üçün M-10Г2к tipli biodavamlı motor yağı:
- M-10Г2к Viscoplex-2-670; SAP-2055z; АМГ-3; Aril-α-nitroeten (α-fenil-β-nitroeten); Viscoplex-5-309; ПМС-200А
- Teplovoz və sənaye ЧН 26/26, 30/38 dizelləri üçün biodavamlı M-14Г2 motor yağı:
- M-14Г2 Viscoplex-2-670; AKİ-209; C-150; ДФ-11;
α-Aril-β-nitroeten (α-furil-β-nitroeten); Viscoplex-5-309; ПМС-200А. Gəmi, teplovoz və sənaye dizelləri üçün biodavamlı M-14B2 motor yağının istehsal və istehlakının təmin edilməsi üçün onun üç təcrübi nümunəsinin sınaq nəticələrinə əsasən “Gəmi teplovoz və sənaye dizelləri üçün biodavamlı “M-14B2 motor yağı” nın Texniki Şərtləri TŞ AKİ 3536814-69-2015 hazırlanmışdır.
Həmçinin bax
Mənbə
- E.Nagıyeva "Motor yağları və onlara aşqarlar", Bakı "Optimist" - 2022.
- İ.A.Cəfərova, H.Ə.Cavadova “Sürtkü yağlarının mikrobioloji zədələnməsi” Gəncə-2021, səh.190-196.
- D.G.Həsənov, Ə.N. Fətullayev // Sürtkü yağlarını və aşqarları istehsal edən sənaye qurğuları // Bakı – 1973
- Масла, вырабатываемые предприятиями Миннефтехимпрома СССР. Каталог-справочник под ред. В.М.Школьникова. Москва –ЦНИИТЭнефтехим -1986.
- ГОСТ 12337-84.