Surət Hüseynov
Surət və ya Sürət[2][3] Hüseynov (12 fevral 1959, Kirovabad – 31 iyul 2023[1], İstanbul[1]) — Azərbaycanlı siyasətçi və sahibkar; Azərbaycan Respublikasının 4-cü baş-naziri, Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (1989–1991); Azərbaycan Respublikası Baş nazirinin müavini (1992–1993), Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan Ordusunun korpus komandiri (1992–1993), polkovnik, Azərbaycanın Milli Qəhrəmanı (1992–1994).
Surət Hüseynov | |
---|---|
Surət Davud oğlu Hüseynov | |
| |
30 iyun 1993 – 7 oktyabr 1994 | |
Əvvəlki | Pənah Hüseynov |
Sonrakı | Fuad Quliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 fevral 1959 |
Doğum yeri | |
Vəfat tarixi | 31 iyul 2023[1] (64 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | Azərbaycan Texnologiya İnstitutu |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | polkovnik |
Həyatı
Sürət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub.[4] Azərbaycan Texnologiya İnstitutunu bitirmişdir. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət etmişdir.[5] 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərində xalça-mahud kombinatında usta köməkçisi kimi işləmişdir.[5] 1983-cü ildə institutu bitirib Pyatiqorsk şəhərinə köçmüş, sonra Azərbaycana qayıtmış və 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunun yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləmişdir.[5]
31 iyul 2023-cü ildə Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından xəstəxanaya yatırılıb və uzun sürən xəstəlikdən sonra mədəsində deşilmə yarandığı üçün başlayan qanaxma nəticəsində vəfat edib. Gəncədə dəfn olunacağı açıqlanıb.[6] 2 avqust 2023-cü ildə Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.[7]
Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
1992-ci ilin əvvəllərində könüllü batalyon yaratmış və o vaxtdan Qarabağdakı döyüş əməliyyatlarına ciddi maliyyə dəstəyi vermişdir. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışmışdır. Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilmiş və Hüseynov korpusun komandanı təyin edilmişdi. 1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisinin 52%-i — Şaumyan rayonu, Ağdərənin böyük hissəsi, Laçın rayonu (şəhər istisna olmaqla), ümumilikdə 220 yaşayış məntəqəsi düşməndən azad edildi. Bu xidmətlərinə görə 9 oktyabr 1992-ci ildə Surət Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.[8]
Surət Hüseynovla Azərbaycan Xalq Cəbhəsi liderləri arasında ziddiyyətlər əsasən 5 noyabr 1992-ci ildə Mərdəkanda şam yeməyi zamanı sabiq baş nazir müavinin 1993-cü ilin mayınadək planlaşdırılmış hərbi əməliyyatlardan danışmaqla yanaşı, Etibar Məmmədovun baş nazir təyin edilməsi təklifini verməsindən sonra başlayır. Bununla razılaşmayan rəhbərlikdə artıq Surət Hüseynovun Etibar Məmmədovla birgə hərbi çevriliş planladıqları haqda şübhələr yaranır. Hətta bunu əsas gətirən prezident Elçibəy müdafiə naziri Rəhim Qazıyevdən Surət Hüseynovu korpus komandirliyi vəzifəsindən azad etməyi tələb edir. Lakin Qazıyev bununla razılaşmır. Əbülfəz Elçibəy isə "bu qüvvəni dövlət çevrilişi üçün hazırlamırsa, onda yanvarın ortalarından gec olmayaraq Qarabağda hücuma keçsin"-cavabını verir. Prezidentin əmri Hüseynova çatdırılır. 2-ci Ordu Korpusunun rəhbərliyi Baş Qərargaha hazırkı vəziyyətdə hücum qərarının səhv olduğunu əsaslandıran 7 maddədən ibarət təqdimat verir. Sənəddə xüsusən qışda, 20 dərəcə şaxtada və qarın qalınlığı 50–100 sm olan yüksək dağ şəraitində hərəkətin çətinliyi xüsusi vurğulanır. Lakin bütün bunlara, hətta prezidentin Türkiyəli hərbi müşaviri general-leytenant Yaşar Dəmirbulaqın etirazlarına rəğmən Elçibəy Surət Hüseynovdan sərt şəkildə yanvarın ortalarından gec olmayaraq hücuma keçməyi tələb edir.[8]
2-ci korpus 1993-cü ilin yanvarında Ağdərə və Fərrux istiqamətlərində genişmiqyaslı hücuma atılır. Amma fevralın 5-də ermənilərin əks-hücumu nəticəsində Azərbaycan qüvvələri azad edilmiş mövqelərdən tədricən geri çəkilməyə başlayır. Beləliklə, Xankəndinin cəmi 20–30 km-dək gedib çıxmış ordumuz məğlubiyyətə düçar olur. Bu minvalla 9 fevral 1993-cü ildə AXC İcra Komitəsinin sədri Fərəc Quliyev "Sürət Hüseynovun Ağdərədən qoşunları çıxarması, ermənilərin qarşısını açması və bununla da Vətənə xəyanət etməsi" haqda bəyanat verir. Məhz bundan sonra Surət Hüseynov — iqtidar münaqişəsi qızışan xətlə inkişaf edir. Surət Hüseynov baş nazirin müavini və korpus komandirliyindən azad edilir.[8]
Azərbaycan Prezidenti Əbülfəz Elçibəy tərəfindən 1993-cü ilin martın 4-də Azəryunsənaye Dövlət Şirkətinin prezidenti təyin olunmuşdur.[9] Kəlbəcərin işğalından sonra, Hüseynov rəsmi Bakıya tabe olmur və nəticədə 1993-cü il iyunun 4-də Gəncədə yerləşən hərbi hissənin tərksilah edilməsi haqda əmr verilir. Uğursuzluğa düçar olan əməliyyat hər iki tərəfdən 35 nəfərin həlak olması ilə nəticələnir. Bundan sonra daha da hiddətlənən Hüseynov tərəfdarları Bakıya doğru istiqamət alır və prezident başda olmaqla AXC iqtidarının istefasını tələb edirlər. Bu vaxt prezident Elçibəy Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyevi ölkədə sabitlik yaratmaqda yardımçı olması üçün Bakıya dəvət edir. H. Əliyev Gəncəyə gələrək S. Hüseynovla görüşür.[8]
Baş nazirliyi
Surət Hüseynov 1993-cü il iyununda dövrün Milli Məclisin sədri və prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev tərəfindən baş nazir təyin olunub.[4]
Baş nazirliyi vaxtı 20 sentyabr 1994-cü ildə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış Əsrin müqaviləsi imzalanıb.[10]
Azərbaycan dövlətinin iddiasına görə, 1994-cü il oktyabrın 2-də, Surət Hüseynov və Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə silahlı cəhd göstərildi, Mahir Cavadovun rəhbərliyi ilə XTPD-nin və digər silahlı qüvvələri respublika prokurorluğuna silahlı basqın etdilər, vəzifəli şəxslər barədə zorakılıq tətbiq etdilər, prokurorluğun işini pozdular, dövlət əmlakına ziyan vurdular. İddiaya görə, Mahir Cavadov əvvəlcədən düşünülmüş plan üzrə vəzifələrin həyata keçirilməsini davam etdirmək üçün Surət Hüseynova və Rövşən Cavadova məlumat verdi. İddiaya görə, Surət Hüseynovun qanunsuz yaratdığı Gəncədə yerləşən silahlı dəstələr, onun göstərişi əsasında silahlı basqın yolu ilə Gəncə şəhərində icra hakimiyyətini, hüquq mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və öz hərəkətlərini digər rayonlarda davam etdirməyə çalışdılar. Rövşən Cavadov məsləkdaşları ilə birlikdə hakimiyyət orqanlarını qanunsuz güzəştlərə və vəzifəli şəxsləri istefa verməyə məcbur etmək üçün bəyanatlar, tələblər irəli sürməyə başladı.[11]
Azərbaycan Prezidenti Heydər Əliyev oktyabrın 4-də axşam milli televiziya və radio ilə xalqa müraciət etdi, yaranmış təhlükəli vəziyyət barədə məlumat verdi, dövlətçiliyi və müstəqilliyi qorumağa çağırdı. Az bir vaxtda Prezident Aparatının qarşısına yüz minlərlə adam yığışdı. Həmin gecə bölgələrdən paytaxta minik avtomobilləri ilə, avtobuslarla insanlar Prezidentlə bir yerdə olmağa gəldi. Prezident sarayı qarşısında isə Bakı zəhmətkeşlərinin mitinqi gedirdi, hərbçilər, ziyalılar, əmək adamları bir-birinin ardınca tribunaya qalxıb olayı törədənlərə nifrət yağdırır, Prezidenti müdafiə etdiklərini bildirirdilər. Bu mitinqdən sonra oktyabrın 5-də Azadlıq meydanında ümumrespublika mitinqi də oldu.[12]
Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.[13]
1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.[14]
Həbsi
Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.[15] 2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.[4]
Həbsdən azad olandan sonra Türkiyə başda olmaqla xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb.[16] 2012-ci il avqustun 22-də Milli Məclisin sədri Oqtay Əsədova göndərdiyi müraciətində iddia edib ki, Milli Qəhrəman adının ondan alınması zamanı qanun pozuntularına yol verilib. Ona görə də Milli Qəhrəman adının ona qaytarılmasına dair müraciətinin Milli Məclisdə müzakirəyə çıxarılmasını, onun qəhrəman adından məhrum edilməsi haqda qərarın ləğv edilməsini və Milli Qəhrəman adının ona qaytarılmasını istəyib.[15]
Ailəsi
1993–1994-cü illərdə qardaşı Asif Hüseynov Samux Rayon Yun Satınalma İdarəsində anbar müdiri, daha sonra bu şöbənin müdiri vəzifələrində işləmişdir. Bundan əlavə, dövlət çevrilişinə cəhddə günahlandırıldı, bundan sonra ölkəni tərk etmişdir. 2005-ci ildə Rusiya hüquq-mühafizə orqanları tərəfindən tutularaq Azərbaycana təhvil verilmiş və 2007-ci ildə 13 il həbs cəzasına məhkum edilmişdir.[17] 18 mart 2008-ci ildə əfv olunaraq azadlığa çıxmışdır.[18]
Ailəlidir, iki övladı var.
Təltif və mükafatları
- 1992 - 1994 — Azərbaycanın Milli Qəhrəmanı[4]
Filmoqrafiya
İstinadlar
- https://apa.az/az/hadise/suret-huseynov-istanbulda-mualice-olundugu-xestexanada-vefat-edib-779340.
- "Sürət Hüseynov vəfat edib". Azadlıq Radiosu (az.). 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-14.
- olke.az. ""Qarabağı geri alırdım, AXC-Müsavat imkan vermədi"". olke.az. 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-14.
- "Surət Hüseynov neft biznesində?". www.azadliq.org. www.azadliq.org. Archived from the original on 2022-03-28. İstifadə tarixi: 20 fevral 2017.
- "ГУСЕЙНОВ Сурет: Бывший премьер-министр Азербайджана". labyrinth.ru. labyrinth.ru. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-03.
- "Surət Hüseynov vəfat etdi – YENİLƏNİB + VİDEO". Oxu.Az (az.). 2023-07-31. İstifadə tarixi: 2023-07-31.
- "Surət Hüseynov dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO". Oxu.Az (az.). 2023-08-02. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-02.
- Sultan Laçın. "Surət Hüseynov niyə AXC iqtidarına qarşı çıxdı?" (az.). hafta.az. 2015-06-03. 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-22.
- "Azərbaycan Respublikasının "Azəryunsənaye" dövlət şirkətinin yaradılması haqqında". 2023-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
- ""Əsrin müqaviləsi necə imzalandı? - Cavid Vəliyevin ŞƏRHİ | 1news.az | Xəbərlər". 1news.az. 2022-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-31.
- "Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında". e-qanun.az. 20 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2017.
- "Prezidentlə xalqın birliyi dövlətçiliyimizin qorunub saxlanmasını və möhkəmləndirilməsini təmin etdi". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
- "Heydər Əliyev qiyamı belə yatırdı — Video". 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
- "S. D. Hüseynovun "Azərbaycanın Milli Qəhrəmanı" adından məhrum edilməsi haqqında". www.e-qanun.az. 20 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2017.
- "Sabiq Milli Qəhrəman Surət Hüseynovun müraciəti: qanun nə deyir?". www.mediaforum.az. mediaforum.az. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2017.
- Vasif Həsənli. ""Qarabağı geri alırdım, AXC-Müsavat imkan vermədi" — Sürət Hüseynovdan TARİXİ MÜSAHİBƏ" (az.). olke.az. 2017-08-02. Archived from the original on 2021-06-19. İstifadə tarixi: 2017-08-02.
- "Приговорён к тюремному заключению брат Сурета Гусейнова" (rus). Day.Az. 2007-05-14. 2007-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
- "Ильхам Алиев подписал указ о помиловании — Полный список — ОБНОВЛЕНО: Общество, 18 марта 2008". 2014-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-21.
Həmçinin bax
Əlavə ədəbiyyat
- "Müstəqil Azərbaycanın beşinci Baş naziri – Surət Davud oğlu Hüseynov + DOSYE" (az.). enter.news. 2017-06-04. 2017-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
- Robert Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı
- AzTV. "SÜRƏT HÜSEYNOV MTN İN İSTİNTAQ TƏCRİDXANASİNDA VERDİYİ MÜSAHİBƏ 1998 Cİ İL" ( (az.)). youtube.com. 1998. İstifadə tarixi: 2015-06-22.
- Əvəz Zeynallı. "Sürət Hüseynovun həbsdən çıxandan sonra verdiyi məşhur müsahibə:"Elçibəy fevralda Gəncəyə gələndə məni həbs etməliydilər" – TARİX" ( (az.)). strateq.az. 2016-06-19. 2018-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
- Əvəz Zeynallı. "Sürət Hüseynov 4 iyundan danışır:"Elçibəy Heydər Əliyevə demişdi ki, ətrafımdakıların əlindən bezmişəm, prezident olmaq istəmirəm"" ( (az.)). strateq.az. 2016-06-21. 2017-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-31.
- Sürət Hüseynovla eksklyuziv müsahibə — Birinci hissə
Xarici keçidlər
- A. Qorxmaz. "Azərbaycandakı oxşarlar... Onlar sizi də çaşdıra bilərlər? - FOTOLAR" (az.). modern.az. 2013-01-02. 2015-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-22.
- ANS TV. "Surət Hüseynov`un Baş Nazir vəzifəsindən azad olunması (1994)" (az.). YouTube. 1994. İstifadə tarixi: 2017-07-14.