Süleyman Camalov
Süleyman Camalov (1940, İlisu, Qax rayonu) — tibb elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar həkimi, publisist.[1]
Süleyman Camalov | |
---|---|
Doğum tarixi | 1940 |
Doğum yeri | |
Təhsili |
|
Həyatı
26 oktyabr 1940-cı ildə Qax rayonunun İlisu kəndində anadan olub.1947–1957-ci illərdə Nizami adına İlisu kənd orta məktəbində oxumuş, 1957-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu bitirmişdir.
1963–1966-cı illərdə təyinat üzrə Zakatala rayonunda Acınohur kənd xəstəxanasının baş həkimi və Qala kənd həkim məntəqəsinin müdiri vəzifələrində işləmişdir.
1967-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun II terapiya kafedrasında aspiranturaya daxil olmuşdur, 1970-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Aspirantura dövründə ağciyər və ürək xəstəliklərinin funksional diqanostika üsullarını öyrənmək üçün Moskva şəhərinə ezam olunmuş, akademik B. V. Petrovskinin rəhbərlik etdiyi Kliniki və Eksperimental Cərrahiyə İnstitutunda və akademik B. E. Votçalın rəhbərlik etdiyi II terapiya kafedrasında bu üsulları öyrənmiş və Azərbaycanda ilk dəfə spiroqrafiya, kapnoqrafiya, oksihemometriya, pnemotaxometriya, bronxospirometriya üsulları tətbiq etmişdir.
1970–1972-ci illərdə Bakı şəhərində Respublika döş qəfəsi cərrahiyyəsi klinikasında həkim terapevt və funksional diaqnostika kabinetinin rəhbəri işləmişdir. Həmin illərdə 2 dəfə Moskva və Stavropol şəhərlərində ixtisasartırma kursunda olmuşdur.
19 mart 1972-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitunun funksional diaqnostika kafedrasında assistent seçilmiş, 6 may 1972-ci ildə III terapiya kafedrasına assistent vəzifəsinə keçirilmişdir.
1976-cı ildə Leninqrad şəhərində "hərbi-səhra terapiyası" kursunu, 1978-ci ildə "fiziologiya, biofizika və tibbi kibernetika" kursunu (Moskva şəhəri) bitirmişdir.
1984-cü ildə Moskva şəhərinə Ümumittifaq kardioloji elmi mərkəzinə ezam olunmuş, orada ürək, qan-damar sistemi xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını öyrənmişdir.
1986–1988-ci illərdə doktorluq dissertasiya üzərində iş aparmaq üçün Moskva şəhərinə ezam olunmuş, sonralar 1992-ci ilə qədər ildə 3–4 ay müddətinə xəstələr üzərində dispanser müşahidəsi aparmaq üçün Moskvaya getmişdir.
1997-ci ildə doktorluq dissertasiyasının aprobasiyası olub.
Elmi nəticələri Respublikamızda və bir çox MDB ölkələrində keçirilmiş simpozium, konfrans və qurultaylarda müzakirə olunmuşdur. Bu günə qədər 110-a yaxın elmi işin, o cümlədən praktiki həkimlər üçün 3 metodik tövsiyə və 1 monoqrafiyası dərc edilmişdir.
1980-ci ildə "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilmiş, 2 noyabr 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar həkim" fəxri adına layiq görülmüşdür. 26 oktyabr 2010-cu ildə "Qafqaz Media" İB-nin təsis etdiyi "Qızıl Fonendoskop" diplomu ilə təltif olunub.
İstinadlar
- "SÜLEYMAN CAMALOVUN HƏYAT YOLU". 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-20.