Yazıçı
Yazıçı və ya yazar[1] — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir.[2]
Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir.
Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər.[3] Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Növlər
Yazıçılar bir çox ədəbiyyat janrı arasından öz fikirlərini ifadə etmək üçün ən əlverişli olanı seçirlər. Əsərlərin əksəriyyəti başqa bir mətbuatda istifadə edilmək üzrə uyğunlaşdırıla biləcək formdadır. Məsələn, yazıçının bir əsəri fərdi oxuna, yaxud bir pyesdə və ya filmdə nümayiş etdirilə bilər. Misal üçün satira bir şeir, bir esse, bir film, bir komiks pyesi və yaxud jurnalistikanın bir hissəsi kimi nəşr oluna bilir. Bir məktub yazıçısı isə öz yazısına kritika, bioqrafiya və yaxud jurnalistika elementlərini daxil edə bilər.
İstinadlar
- Türk dilinin təsiri nəticəsində həmin dildəki yazar sözü Azərbaycan dilində də işləklik qazanmışdır
- Magill, Frank N. Cyclopedia of World Authors. I, II, III (revised). Englewood Cliffs, New Jersey: Salem Press. 1974. 1–1973. [A compilation of the bibliographies and short biographies of notable authors up to 1974.]
- Nobel mükafatı laureatı Rabindranat Taqoru bunlara misal göstərmək olar