Rza Xudiyev
Rza Əli oğlu Xudiyev (5 mart 1962, Culfa) — Azərbaycan aktyoru. Azərbaycanın xalq artisti (2008)
Rza Xudiyev | |
---|---|
Rza Əli oğlu Xudiyev | |
Doğum tarixi | 5 mart 1962 (62 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1985–h.h. |
Təhsili | |
Mükafatları |
Həyatı
Rza Əli oğlu Xudiyev 5 mart 1962-ci ildə Culfada anadan olub. 1983-cü ildə hərbi xidmətini başa vurduqdan sonra M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyorluğu" fakültəsinə daxil olub.[1]
Fəaliyəti
1987-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyətə başlamışdır. Həmin ildən bu günədək Naxçıvan teatrında çalışır. Teatrda tamaşaya qoyulan tamaşalarda qırxa yaxın rollar oynamışdır.[1]
Rza Xudiyev ilk növbədə, yüksək səhnə mədəniyyəti, daxili zənginliyi, ifadə vasitələrinin orijinallığı və estetik tənasübü ilə seçilir. İfa etdiyi obrazlar, xarakterindən asılı olmayaraq, parlaq insani cizgiləri, canlılığı və həyatiliyi, realist təsir gücü ilə tamaşaçılarda müsbət emosional duyğular oyadır. Aktyorun istedadı çoxyönlüdür, daxili duyğuları zəngindir və buna görə də yaratdığı səhnə obrazları müxtəlifdir, təzadlıdır, qəhrəmandır, tip-xarakterdir və s.[2]
Tarixi şəxsiyyətləri, qəhrəmanları ifa edəndə həmin obrazların ictimai-sosial mənsubiyyəti ilə mənəvi-psixoloji xüsusiyyətlərini ahəngdar vəhdətdə verir. Belə yanaşma tərzində aktyor bütöv və xarakterik səhnə obrazı təqdim edə bilir.[2]
Rza Xudiyevin istedadının bir hüsnü də orasındadır ki, aktyor zaman və məkan xronotopunu pozmadan tarixi keçmişlə müasirlik arasında ünsiyyət körpüsü yarada bilir.[2]
Rza Xudiyevin çox zəngin və müxtəlif çalarlı, əlvan xarakterik səciyyəli ritm formaları var. Aktyor obrazın psixoloji estetik səciyyələrinə uyğun olaraq həmin ritmin mahiyyət və xarakter ahəngini dəyişir.[2]
Əsərin mövzusundan, tamaşanın janrından, obrazın xarakter səciyyəsindən asılı olmayaraq, Rza daxilən kübarlığını zahiri hərəkətlərində, səhnə davranışında həssaslıqla qoruya bilir.[2]
Aktyorun ifadə palitrasında yumor və lirizmin xüsusi çalarları var. Bu çalarlar bir-birindən seçilməklə yanaşı, səmimiyyəti, təbii reallığı, füsunkarlığı, emosional cazibəsi, müəyyən bir insani xüsusiyyəti həssaslıqla təcəssüm etdirməsi ilə göz oxşayır.[2]
Rza Xudiyev aktyor səmimiyyətini, aktyor məlahətini ekran əsərlərində də ləyaqətlə qoruyub sənət dilinə çevirə bilir. General Həzi Aslanova həsr olunmuş "Sizi dünyalar qədər sevirdim" filmində qəhrəmanın kiçik qardaşı roluna, həmçinin "Sürəyya" (Seyfəddin), "Şahid qız" (Orxan) kinolentlərinə çəkilib.[2]
Rza Xudiyev 2014-cü ilin mayından C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrının direktorudur.[1][2]
Adlar və mükafat
Teatr səhnəsindəki rolları
- Atilla ("Atillanın atlıları", Nəbi Xəzri)
- Toğrul bəy ("Atabəylər", Nəriman Həsənzadə)
- Sisyanov ("Hökmdar və qızı", İlyas Əfəndiyev)
- Molla Abbas ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə)
- Fərhad ("Fərhad və Şirin", Səməd Vurğun)
- Səyavuş ("Səyavuş", Hüseyn Cavid)
- Arif ("İblis", Hüseyn Cavid)
- Zurab ("Şəhərli kürəkən", Ramiq Muxtar)
- Naçalnik ("Qurbanəli bəy", Cəlil Məmmədquluzadə)
- Qədir ("Dirilən adam", Mir Cəlal)
- Teymur ağa ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə)
- Göyçək kababçı ("Dəyirman", Mövlud Süleymanlı)
- Vədad bəy ("Dodaqdan qəlbə", Rəşad Nuri Güntəkin)
- Ebin ("Qaraağaclar altında məhəbbət", Yucin O’Nil)
- Doktor Dalbanezo ("Kəllə", Nazim Hikmət)
- Birinci mən ("Ultimatum", Rüstəm İbrahimbəyov)
- İlham ("Şəhidlər", Rafiq Səməndər)
- Fərraş ("Bir alov ki, haqdan yana", Oqtay Məmmədov)
- Behbud ağa Şahtaxtinski ("Araz sahilində doğan günəş", Həsənəli Eyvazlı)
- Şaiq müəllim ("Sahilsiz çaylar", Elman Həbib)
- Pəriş ("Məhəbbət mərhəmət deyil" Həmid Arzulu)
- Akif ("İtilənən xəncərlər", Həmid Arzulu)
- Altun ("Əlincə qalası", Həmid Arzulu)
- Əmir Əhməd ("Məhsəti", Kəmalə Ağayeva)
- Çar Uruz ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə)
- Sərvər ("Məşədi İbad", Üzeyir bəy Hacıbəyli),
- Əsgər ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyli)
- Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə)
- Nəcəf və Cəbi ("Koroğlu nəsli", Həsən Elsevər)
- Direktor ("Ərsizlər və arsızlar", Həmid Arzulu)
- Baş redaktor ("Mənim sevimli dəlim", Elçin)
- Qulu ("Kələkbaz qızlar", Rauf İçərişəhərli)
- Qırxanov ("Arzum çin oldu", Rauf İçərişəhərli)
- Nemət Səmədzadə ("Bu dünyanın adamları", Hidayət)
- Molla Nəsrəddin ("Sizi deyib gəlmişəm", Anar)
- Qəmbər ("Anamın kitabı", C. Məmmədquluzadə)
- Təhmas şah ("Nadir şah", N. Nərimanov)
- Şeyx Xiyabani ("Şeyx Xiyabanı", İ. Əfəndiyev)
- Topal Teymur ("Əlincə qalası", Həmid Arzulu)
- Nadir şah ("Nadir şah", Nəriman Nərimanov)
- İblis ("İblis", H. Cavid)
- Kişi ("Teleskop", Elçin)_
Filmoqrafiya
Aktyor kimi
- Sizi dünyalar qədər sevirdim (film, 1985) (tammetrajlı bədii film) (rol: Aslanovun qardaşı)
- Sürəyya (film, 1987) (tammetrajlı bədii film) (rol: Seyfəddin)
- Şahid qız (film, 1990) (tammetrajlı bədii film) (rol: Orxan)
- Tale yükü (tammetrajlı bədii film) (rol: Rəsul)
İştirak etdiyi film
- 125 illik yol (qısametrajlı sənədli film)
İstinadlar
- Adilə Səfərova. "Naxçıvan teatırının ulduzları" (az.). Ədalət qəzeti. 8 mart 2017. İstifadə tarixi: 2017-11-14.
- "Xalq artisti Rza Xudiyevin yaradıcılığının estetik səciyyələri" (az.). ANL. 2 iyun 2017. 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-14.