Rustov məscidi

Rustov kənd məscidi — 1903-cü ildə Quba rayonunun Rustov kəndində Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilmiş tarixi-memarlıq abidəsi[1].

Rustov Kənd Məscidi
41°15′08″ şm. e. 48°34′37″ ş. u.
Ölkə  Azərbaycan
Yerləşir Quba rayonu
Sifarişçi Hacı Zeynalabdin Tağıyev
Tikilmə tarixi 1903
Üslubu islam memarlığı
Material Bişmiş kərpic
Vəziyyəti Yaxşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2]

Abidə 2008-ci ildə restavrasiya edilib[3].

Haqqında

Rustov kənd məscidi 1903-cü ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilib.

Sovet işğalında

Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[4]

İşğaldan sonra məscid bağlanaraq taxıl anbarı kimi istifadə olunub[5].

Müstəqillikdən sonra

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra binadan yenidən məscid kimi istifadə olunmağa başlanılıb. Məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb[2].

2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbərpa» Elmi-Tədqiqat Layihə İnstitutunun layihəsi əsasında məscid restavrasiya olunub. Burada pilləkənlər, müəyyən yerlərdə kərpic divar, pəncərələr, qapılar, pəncərə şəbəkələri, taxta tavan, dam örtüyü, çardaq nərdivanı, suvaq örtüyü, ornamentlər, güldəstənin taxta döşəməsi, taxta divarlar və tavan, pəncərələr və s. bərpa olunub. İbadətə gələnlərə şərait yaradılması məqsədilə məscidin həyətində yeni köməkçi bina tikilib[3].

Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir[6].

Memarlığı

Məscidin bünövrəsi kürsülük səviyyəsinə qədər çay daşından hörülüb. Divarlar isə kürsülük hissədə çay daşı ilə taraş olunmuş əhəng daşının kombinasiyası şəklində, qalan yerlərdə isə (20x20x4) və (27x13x6) ölçülü bişmiş kərpicdən hörülmüşdür[1]. Divarların yuxarı hissəsindən 9 cərgə kərpicdən karniz kəməri keçir və frontonun kənarlarını əhatə edir. Qadınlara məxsus ikinci mərtəbə eyvanın üstündə yerləşir. Şimal divarın sağ künc hissəsindən başlayan pilləkənlə ikinci mərtəbəyə və çardağa qalxmaq mümkündür. Məscidin damının örtük konstruksiyasında palıd tirlərdən istifadə edilmişdir[7].

Rustov kəndindəki məscidin memarlıq-planlama həlli Qubadakı “Ərdəbil” məscidindən az fərqlənir. Məscidlərin müqayisələndirilməsi onların eyni ustalar tərəfindən tikildiyi fikrinə gətirib çıxarır. Fərq yalnız ondadır ki, Rustov məscidi “Ərdəbil” məscidindən azca böyükdür. Onun ibadət zalı üç cərgə sütunla (hər cərgədə üç sütun) dörd hissəyə bölündüyü halda “Ərdəbil” məscidinin ibadət zalı iki cərgə sütunla (hər cərgədə iki sütun) üç hissəyə bölünüb. Burada hündürlüyü beş metr olan mehrab yerləşir[7].

Məscidin cənub fasadında dairəvi pəcərənin aşağısında yerləşən epiqrafik yazının taraş olunmuş əhəng daşı üzərinə oyma üsulu ilə məscidin birinci dəfə Hacı Yusif tərəfindən tikildiyi yazılıb[7].

Şəkilləri

Həmçinin bax

İstinadlar

  1. "Hacı Zeynalabdin Tağıyevin köməyi ilə inşa olunan Qubanın Rustov kənd məscidi" (az.). shimal.news. January 18, 2022. October 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2022.
  2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2 avqust 2001. 7 iyul 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: October 14, 2022.
  3. "Quba rayonunun Rustov kəndində tarixi-memarlıq abidəsi - məscidin açılış mərasimi olmuşdur" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. April 7, 2009. October 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2022.
  4. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
  5. Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 120. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
  6. "Quba rayonu, Rustov kənd məscidi" (az.). Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. July 21, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2022.
  7. İlqar Balakişiyev. "Qubanın tarixi məscidləri" (az.). shahdagpeoples.az. April 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 14, 2022.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.