Ruanda Beynəlxalq Cinayət Tribunalı

Ruanda Beynəlxalq Cinayət Tribunalı (RBCT) (ing. International Criminal Tribunal for Rwanda (ICTR); fr. Tribunal pénal international pour le Rwanda) — 1994-cü il yanvarın 1-dən dekabrın 31-dək Ruandada törədilmiş və ya qonşu dövlətlərdə Ruanda vətəndaşları tərəfindən törədilmiş Ruanda soyqırımıbeynəlxalq hüququn digər ciddi pozuntularını mühakimə etmək məqsədilə 1994-cü ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 955 saylı qətnaməsi ilə yaradılmış beynəlxalq məhkəmə.[1] Məhkəmə sonda 61 nəfəri məhkum etmiş, 14 nəfərə isə bəraət vermişdir.[2]

Ruanda Beynəlxalq Cinayət Tribunalı
ing. International Criminal Tribunal for Rwanda (ICTR)
Loqonun şəkli
Ümumi məlumatlar
3°22′04″ c. e. 36°41′47″ ş. u.
Ölkə Ruanda
Yeri Aruşa, Tanzaniya
Yaranma tarixi 8 noyabr 1994
Ləğvolunma tarixi 31 dekabr 2015
Hakim sayı 16 daimi
9 ad litem
Sədr Vaqn Yoensen (Danimarka)
unictr.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ruandalı qaçqınlara yardım səylərini dəstəkləyən beynəlxalq qüvvələrin üzvü olan Fransa əsgəri hava limanını əhatə edən tikanlı məftilləri tənzimləyir. (1994)
RBCT-nin Aruşada yerləşən ofisi (2003)

Tribunal 977 saylı qətnaməyə əsasən 1995-ci ildə Tanzaniyanın Aruşa şəhərində təşkil edilmişdi.[3] 2006-cı ildən Aruşada həm də İnsan və xalqların hüquqları üzrə Afrika Məhkəməsi yerləşirdi. 1998-ci ildə 1165 saylı qətnamə ilə tribunalın fəaliyyəti genişləndirildi.[4] Sonralar Təhlükəsizlik Şurası daha bir neçə qətnamə ilə tribunalı 2004-cü ilin sonuna qədər araşdırmalarını, 2008-ci ilin sonuna qədər bütün məhkəmə işlərini, 2012-ci ildə isə ümumilikdə bütün fəaliyyətini başa çatdırmağa çağırmışdı.[5] Tribunal genosid, insanlıq əleyhinə cinayətlər, Cenevrə konvensiyaları üçün ümumi olan 3-cü maddənin və II Əlavə protokolun (daxili münaqişəyə dair) pozuntuları ilə bağlı yurisdiksiyaya malik idi.

İlk məhkəmə işi Jan Pol Akayesu ilə əlaqədar olub 1997-ci ildə başlamışdı. Tribunal müəyyən etmişdi ki, bu qədər insanın kütləvi qırğını heç bir halda təsadüf ola bilməz; bu, yalnız əvvəlcədən dövlətin rəsmi nümayəndələrinin hazırladığı plan əsasında həyata keçirilib. Bu məqsədlə də tribunal soyqırımla bağlı ilk hökmünü Akayesuya qarşı çıxarmışdı.[6] Müvəqqəti baş nazir Jan Kambanda təqsirini etiraf etmişdi. Bununla da beynəlxalq cinayət ədalət mühakiməsi tarixində ilk dəfə olaraq hökumət başçısı barəsində hökm çıxarılmışdı.[7]

RBCT-nin Tamamlanma Strategiyasına əsasən, Təhlükəsizlik Şurasının 1503 saylı qətnaməsinə uyğun olaraq, bütün birinci instansiya işlərinin məhkəmə baxışı 2008-ci ilin sonuna qədər başa çatmalı (bu tarix daha sonra 2009-cu ilin sonuna qədər uzadılmışdı)[8], bütün işlər isə 2010-cu ilə qədər tamamlanmalı idi. 2009-cu ilə olan məlumata görə, tribunal 50 məhkəmə prosesini başa vurmuş və 29 təqsirləndirilən şəxsi məhkum etmişdi. Bu zaman 11 məhkəmə prosesi davam edirdi və həbsdə olan 14 nəfər məhkəmə baxışı üçün gözləməkdə idi. Həmçinin, prokuror 5 nəfəri mühakimə üçün milli yurisdiksiyaya vermək niyyətində idi. Digər 13 nəfər hələ də azadlıqda idi, bəzilərinin öldüyü ehtimal edilirdi.[9] Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tribunalı, bağlanması və öhdəliklərinin Cinayət Məhkəmələri üçün Beynəlxalq Qalıq Mexanizminə (Mexanizm) ötürülməsinə hazırlaşmaq üçün, 31 dekabr 2014-cü il tarixinədək işini başa çatdırmağa çağırmışdı. Mexanizmin RBCT şöbəsi hələ 1 iyul 2012-ci ildən fəaliyyət göstərməyə başlamışdı.[10] Tribunal 31 dekabr 2015-ci ildə rəsmi olaraq bağlandı.

Tribunalın Ruanda Vətənpərvər Cəbhəsi (RVC) tərəfindən törədilən müharibə cinayətlərini və RVC lideri Pol Kaqameni mühakimə etməməsi "qalibin ədaləti" kimi xarakterizə olunacaq qədər geniş şəkildə tənqid edilmişdi.[11][12][13][14][15][16][17]

Ruanda soyqırımı

Kiqali Soyqırım Muzeyində nümayiş olunan, soyqırım qurbanına məxsus kəllə sümüyü və əşyalar

Ruanda soyqırımı 800,000-dən çox etnik tutsinin və siyasi cəhətdən mötədil hutuların Ruandada hökumət tərəfindən idarə olunan ekstremist Hutu əsgərləri və polis dəstələri tərəfindən kütləvi şəkildə qətlə yetirilməsini əhatə edir. 1994-cü il soyqırımı aprelin 6-da başlamış və 100 gün ərzində davam edərək iyulun ortalarında başa çatmışdır.[18]

Ölkədə çoxluğu təşkil edən hutu etnik qrupu ilə azlıqda qalan tutsilər arasındakı gərginlik zamanla inkişaf etmiş, lakin xüsusilə XIX əsrin sonu və XX əsrin əvvəllərində Ruanda üzərində AlmaniyaBelçika müstəmləkəçiliyi nəticəsində artmışdı. Hər iki qrupun bu cür təsnif edilməsi etnik mənsubiyyətdən çox fiziki xüsusiyyətlərə əsaslanırdı və müstəmləkəçilərin zorla və öz istəkləri ilə yerli əhaliyə qəbul etdirdikləri bir quruluş idi. Bununla belə, hutular və tutsilər arasındakı sosial fərqlər, bir qayda olaraq, güclü maldarlıq ənənələrinə malik olan tutsilərə, əsasən kənd təsərrüfatı ilə məşğul olan hutular üzərində sosial, iqtisadi və siyasi üstünlük qazanmağa imkan vermişdi.[18] Müstəmləkəçilik dövründə mövcud olmuş bu fərq tutsilərin hakimiyyətə gəlməsinə də kömək olmuşdu; lakin bu vəziyyət 1959-cu ildə başlamış hutu inqilabının 1961-ci ilədək tutsi monarxiyasını ləğv etməsi ilə başa çatmışdı.

İki qrup arasında düşmənçilik sonralar da davam etmişdi; belə ki, "əlavə etnik gərginlik və zorakılıq aktları vaxtaşırı alovlanmış və 1963, 1967 və 1973-cü illərdə Ruandada tutsilərin kütləvi şəkildə öldürülməsinə səbəb olmuşdu".[18] Uqandada RVC-nin yaradılması və onun Ruandaya hərbi müdaxiləsi etnik nifrəti daha da gücləndirdi. Bu hərbi əməliyyatlarda əldə edilən atəşkəs 1992-ci ildə hökumətlə RVC arasında danışıqlarla nəticələndi.[19]

6 aprel 1994-cü ildə o zamankı Ruanda prezidenti Juvenalya XabiarimanaBurundi prezidenti Siprien Ntaryamiranın olduğu təyyarə vuruldu və nəticədə təyyarənin göyərtəsində olan hər kəs həlak oldu.[20] Hutular baş verənlərə görə RVC-nin məsuliyyət daşıdığını iddia edərək həm tutsilərə, həm də mötədil hutulara qarşı dərhal soyqırıma başladılar.

Ruanda soyqırımı zamanı qətllərin çoxunu İnterahamveİmpuzamuqambi kimi tanınan radikal hutu qrupları həyata keçirmişdi.[21] Radio verilişləri də bu prosesdə aktiv rol oynayırdı; belə ki, tutsiləri məhv edilməli olan "tarakan" kimi etiketləyən bu verilişlər dinc hutu sakinlərini tutsi etnik qrupundan olan qonşularını öldürməyə sövq etməklə soyqırımı daha da şiddətləndirirdi.[18] Nəhəng miqyasına və xüsusən də belə qısa müddət ərzində reallaşmasına baxmayaraq, soyqırım, demək olar ki, tamamilə əlbəyaxa və adətən maçetedəyənəklərdən istifadə etməklə həyata keçirilmişdi.[22] Törədilən vəhşiliklər arasında minlərlə tutsi qadınının təcavüzə uğraması, həmçinin qurbanların parçalanması və eybəcərləşdirilməsi vardı. Bir çox qətllərdə isə qatillər qurbanların şəxsən tanıdığı insanlar idi – qonşuları, iş yoldaşları, keçmiş dostları, bəzən hətta evlilik vasitəsilə qohum olduqları şəxslər olurdu.[22] Soyqırım nəticəsində ən azı 500,000 tutsi öldürülmüş, əsasən hutulardan ibarət olan təxminən 2 milyon qaçqın isə qonşu Burundi, Tanzaniya, Uqanda və keçmiş Zairin qaçqın düşərgələrinə getmişdi.[21]

RBCT-nin qurulması

RBCT-nin binası. Kiqali, Ruanda

Birləşmiş Millətlər Təşkilatının Ruandaya Yardım Missiyası böyük uğursuzluq kimi qiymətləndirilir.[23] Belə ki, Ruanda soyqırımına beynəlxalq reaksiya zəif idi. Həftələrlə böyük güc dövlətləri Ruandada soyqırımın baş verdiyini inkar edirdilər. ABŞ hadisəni "soyqırım" adlandırmaqdan imtina edirdi, çünki bu termindən istifadə ölkə üçün qoşun göndərmək öhdəliyi yaradacaqdı; lakin bir il əvvəl Somalidə humanitar missiya zamanı bir neçə əsgəri öldürülən ABŞ bunu etmək istəmirdi.[24][25][26] Nəhayət, 1994-cü ilin iyulunda, soyqırım başa çatdıqdan sonra BMT Təhlükəsizlik Şurası hadisələrin araşdırılmasını tələb etdi və soyqırımda ən çox təqsiri olan şəxsləri təqib etmək üçün beynəlxalq cinayət tribunalının yaradılması üçün hərəkətə keçdi. 955 saylı qətnaməni qəbul etməklə Təhlükəsizlik Şurası 8 noyabr 1994-cü ildə RBCT-ni yaratdı. RBCT 1 yanvar 1994-cü ildən 31 dekabr 1994-cü ilədək Ruanda və qonşu dövlətlərin ərazisində beynəlxalq humanitar hüquq əleyhinə törədilmiş digər cinayətlərə də baxmalı idi.[27]

Ruanda Məhkəməsinin qurulmasında Keçmiş Yuqoslaviya Məhkəməsinin rolu böyükdür və məhkəmələr arasında böyük bənzərliklər vardır. Bununla belə, sonuncudan fərqli olaraq, Ruanda Tribunalı beynəlxalq xarakterli silahlı qarşıdurmada törədilmiş cinayətləri deyil, daxili münaqişənin gedişində törədilmiş cinayətləri mühakimə etməyi qarşısına məqsəd qoymuşdu.[28]

RBCT-nin strukturu

RBCT-də ABŞ-ni təmsil edən hakim Teodor Meron
RBCT-də Yamaykanı təmsil edən hakim Patrik Lipton Robinson
RBCT-də Rusiyanı təmsil edən hakim Bəxtiyar Tuzməhəmmədov
RBCT-də Çexiyanı təmsil edən hakim Robert Fremr

Tribunal dörd "palata"dan və 16 hakimdən ibarət idi; palatalardan üçü birinci instansiya qismində məhkəmə işlərinə, biri isə apellyasiya şikayətlərinə baxırdı. Bundan əlavə, 9 ad litem hakimi də daxil olmaqla ümumilikdə 25 nəfər hakim fəaliyyət göstərirdi. Ad litem hakimlər II və III Palatalara təyin edilmişdi. Hər hansı hakimin iştirak etməməsi halında çağırılacaq əlavə 9 ad literim hakimdən ibarət ehtiyat heyət də mövcud idi.

Aşağıdakı cədvəllərdə sıra nömrəsi hakimlər arasındakı iyerarxiyanı bildirir.

I Palata

#HakimÖlkəStatus
19.Mparani Raconson MadaqaskarÜzv (ad litem hakim)

II Palata

#HakimÖlkəStatus
4.Vilyam Sekule TanzaniyaSədrlik edən hakim
14.Solomq Balungi Bossa UqandaÜzv (ad litem hakim)
15.Li Qakuqia Mutoqa KeniyaÜzv (ad litem hakim)
16.Seon Ki Park Cənubi KoreyaÜzv (ad litem hakim)

III Palata

#HakimÖlkəStatus
1.Van Yonsen DanimarkaRBCT-nin prezidenti, sədrlik edən hakim
2.Florens Rita Arri KamerunRBCT-nin vitse-prezidenti, üzv
17.Qberdao Qustav Kam Burkina-FasoÜzv (ad litem hakim)
13.Bəxtiyar Tuzməhəmmədov RusiyaÜzv
18.Robert Fremr ÇexiyaÜzv

Apellyasiya Palatası

#HakimÖlkəStatus
3.Teodor Meron ABŞSədrlik edən hakim
5.Patrik Lipton Robinson YamaykaÜzv
7.Fausto Pokar İtaliyaÜzv
8.Liu Daqun ÇXRÜzv
6.Mehmet Güney TürkiyəÜzv
11.Karmel Aqius MaltaÜzv
9.Arlett Ramaroson MadaqaskarÜzv
10.Andresiya Vaz SeneqalÜzv
12.Xalidə Rəşid Xan PakistanÜzv

Prokurorluq

RBCT-nin prokuroru Riçard Qoldstoun

Prokurorluq müxtəlif bölmələrdən, o cümlədən İstintaq və İttiham şöbələrindən ibarət idi.[29] İstintaq şöbəsi 1994-cü ildə Ruandada törədilmiş cinayətlərdə şəxslərin əli olduğunu göstərən sübutların toplanmasına cavabdeh idi. Bu şöbəyə baş müstəntiq rəhbərlik edirdi. İttiham şöbəsi isə tribunaldakı bütün işlərin təqibinə cavabdeh idi və bu şöbəyə baş ittihamçı rəhbərlik edirdi.

Prokurorlar

Qeydiyyat

Qeydiyyat RBCT-nin ümumi rəhbərliyinə və idarə olunmasına cavabdeh idi. Bu bölmə həmçinin tribunalın prosedur və sübut qaydaları üzrə ona həvalə edilmiş digər hüquqi funksiyaları yerinə yetirirdi və tribunalın əlaqə kanalı hesab olunurdu. Bölməyə BMT baş katibinin nümayəndəsi rəhbərlik edirdi.

Soyqırıma hüquqi qiymətin verilməsi

RBCT Nizamnaməsinin 2-ci maddəsində soyqırım cinayəti aşağıdakı kimi ifadə olunmuşdur:

" Maddə 2. Soyqırım
  1. RBCT bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş soyqırım cinayətini və ya bu maddənin 3-cü bəndində nəzərdə tutulmuş hər hansı digər əməlləri törətmiş şəxsləri mühakimə etmək səlahiyyətinə malikdir.
  2. Soyqırım aşağıdakı əməllərdən hər hansı birinin milli, etnik, irqi və ya dini qrupun tamamilə və ya onun bir hissəsinin məhv edilməsi niyyəti ilə törədilməsidir: a) qrup üzvlərini öldürmə; b) qrup üzvlərinə ağır fiziki və ya psixi zərər yetirmə; c) qrupun tamamilə və ya onun bir hissəsinin fiziki məhvinə gətirib çıxaran əlverişsiz həyat şəraitinin qəsdən yaradılması; d) qrup daxilində doğumun qarşısını almaq məqsədilə tədbirlərin həyata keçirilməsi; e) qrupa məxsus uşaqların zorla başqa qrupa verilməsi.
  3. Aşağıdakı əməllər cəzalandırılmalıdır: a) soyqırım; b) soyqırım törətmək haqqında razılığın əldə olunması; c) soyqırım törədilməsinə birbaşa və aşkar təhrikçilik; d) soyqırım törətməyə cəhd; e) soyqırımda iştirakçılıq.
"

Rutaqanda işində Məhkəmə Palatası bildirmişdir ki, Soyqırım Konvensiyası şübhəsiz beynəlxalq adət hüququnun tərkib hissəsi hesab olunur.[31] Ruandaya münasibətdə konvensiyanın hüquqi qüvvəsinə gəldikdə isə Muhimana işində göstərilir ki, Ruanda 1948-ci il Konvensiyasını 12 fevral 1975-ci ildə imzalamışdır.[32]

Seromba işində soyqırım cinayətinin tərkib elementləri sadalanır: birincisi, Nizamnamənin Maddə 2(2) müddəasında sadalanan hərəkətlərdən biri törədilməlidir; ikincisi, bu hərəkət xüsusi olaraq hədəf seçilmiş milli, etnik, irqi və ya dini qrupa qarşı törədilməlidir; üçüncüsü hədəf seçilmiş qrupu tamamilə və ya qismən məhv etmək niyyətilə törədilməlidir.[33] RBCT qadağan olunmuş əməl və xüsusi niyyətlə bağlı yanaşmasını Kamuhanda işində aşağıdakı kimi ifadə etmişdir: "Soyqırım cinayətində həm mens rea, həm də actus reusun aşkar edilməsi tələb olunur. Mens rea Nizamnamənin Maddə 2(2) müddəasında göstərilən xüsusi niyyət və ya dolus specialisdən ibarətdir. Actus reus Nizamnamənin Maddə 2(2) müddəasında sadalanan beş hərəkətdən hər hansı birinin törədilməsindən ibarətdir".[34]

Kambanda işi üzrə müttəhimin uşaqların təhlükəsizliyini təmin etməklə bağlı vəzifəsini yerinə yetirmədiyini özünün də təsdiq etmiş olması, tribunalın təqsirləndirilən şəxsdəki spesifik soyqırım niyyətinin təşəkkül tapdığını təsbit etməsini asanlaşdırmışdı.[35] Bu iş üzrə qərarında tribunal soyqırım cinayətinin "cinayətlərin cinayəti" olaraq adlandırıla biləcəyini və bunun tətbiq olunacaq cəzada nəzərə alınmasının lüzumlu olduğunu ifadə etmişdir. Məhkəmə insanlıq əleyhinə törədilən cinayətlərin də soyqırım cinayətləri ilə bənzər ağırlığa sahib olduğunu və bu səbəbdən də soyqırım cinayətindən daha az cəzanın verilməyəcəyini bildirmişdir.[36]

Tribunalın gəldiyi nəticəyə görə, təcavüz kimi beynəlxalq cinayətlərdən fərqli olaraq soyqırım təkcə kütləvi qırğın törətməyə başçılıq edən və ya onu planlaşdıranlar tərəfindən törədilmir. Kayişema işində də deyildiyi kimi, sadə mülki şəxslər də əsas müttəhim ola bilərlər, bir şərtlə ki, onların buna yetəri niyyətləri olsun.[37]

Soyqırım törətmək planı ilə bağlı Semanza işində deyilir: "Şəxsin soyqırımı törətmiş kimi ittiham olunması üçün, yüksək səviyyəli soyqırım planının mövcudluğu tələb olunmur (hətta soyqırım törətmək planının mövcudluğu soyqırımın zəruri elementi olan xüsusi niyyətin sübut edilməsi üçün lazımlı olsa belə)".[38]

Muvunyi işində Palata qeyd edir ki, beynəlxalq hüquqda hüquq pozuntusu kimi birbaşa və aşkar təhriketmə ilə bağlı mövcud praktika məhduddur.[39] Odur ki, Akayesu və Nahimana işlərində məhkəmə Beynəlxalq Hərbi Tribunalın insanlıq əleyhinə cinayətlərdən adamöldürmə və məhvetməyə təhrik etmə ilə bağlı olan ŞtrayxerFriçe işi üzrə qərarını nəzərə almışdı. Nürnberqdən sonra Ruanda Tribunalının Akayesu işi üzrə qərarı ilə ilk dəfə bir beynəlxalq tribunal tərəfindən xüsusi hüquq pozuntusu kimi soyqırım törətməyə birbaşa və aşkar təhriketməyə görə hökm verilmişdi. Məhkəməyə görə hər hansı çıxışın soyqırım törətməyə birbaşa və açıq təhriketmə dərəcəsində olub-olmadığını müəyyən etmək üçün, bu çıxışın məzmunu nəzərə alınmalıdır, xüsusilə də aşağıdakı amillər: milli-mədəni və linqvistik məzmun (seçilən ifadələrin ikimənalı başa düşülməsi ilə əlaqədar); çıxış edən şəxsin siyasi və sosial mənsubiyyəti; onun auditoriyası; həmin auditoriya tərəfindən mesajın necə başa düşülməsi; dolayı yolla verilən mesajı auditoriya üzvlərinin başa düşməsi. Məhkəmə Palatası bu fikirdə idi ki, müttəhimlərdən Bikindinin bəstələdiyi mahnılardakı milli, tarixi və siyasi məzmun nəzərə alınmadan bu mahnılar düzgün şərh edilə bilməz.[40] Etnik hutu olan Bikindinin mahnısı "Oyanış" adlansa da, hər kəs bu əsəri "Mən hutulara nifrət edirəm" adı ilə tanıyırdı, hansı ki burada tutsiləri müdafiə edən və hökumətə qarşı çıxan hutular nəzərdə tutulurdu.

Jan Pol Akayesu işi

13 fevral 1996-cı ildə prokuror Riçard Qoldstoun tərəfindən təqdim edilmiş və 17 iyun 1997-ci ildə düzəlişlər edilmiş Akayesuya qarşı ittiham sənədində soyqırım, insanlıq əleyhinə cinayətlərCenevrə konvensiyaları üçün ümumi olan 3-cü maddənin və II Əlavə protokolun pozuntularını əhatə edən ümumilikdə 15 cinayət aktı qeyd olunmuşdu; Akayesu soyqırım, soyqırımda iştirakçılıq, soyqırım törədilməsinə birbaşa və aşkar təhrikçilik, məhvetmə, adamöldürmə, işgəncə, qəddar rəftar, zorlama, digər qeyri-insani hərəkətlər və ləyaqəti alçaltma (təhqir etmə) cinayətlərinin törədilməsinə görə ittiham olunurdu.[41]

Akayesu işində məhkəmə tutsilərə qarşı törədilən zalımca hərəkətlərin sayına, bu hərəkətlərin yalnız Taba əhalisinə deyil, Ruandanın hər yerindəki tutsiləri hədəf almasına, zərər çəkmiş şəxslərin sistemli olaraq və qəsdən tutsi qrupunun üzvləri arasından seçilməsinə, digər qruplara qarşı bu hərəkətlərin gerçəkləşdirilməməsinə əsaslanaraq, sırf şübhə əsasında deyil də, məhz əsaslı olaraq şübhəlinin soyqırım niyyətinin olduğu qənaətinə gəlmişdi.[42]

İlk dəfə zorlama və cinsi zorakılığın soyqırım aktları təşkil edə biləcəyini müəyyən edən Jan Pol Akayesu işi üzrə hökm çıxaran RBCT hakimi Navi Pilley[43][44][45][46]

Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının RBCT-də gender zorakılığı haqqında maarifləndirməyə yönəlmiş intensiv və dəqiq hədəflənmiş kampaniyasından sonra,[47] Jan Pol Akayesunun işi üzrə məhkəmə soyqırım niyyəti ilə törədilmiş cinsi zorakılığın soyqırım aktı hesab edilməsi ilə bağlı hüquqi presedent müəyyən etmişdi. "...[Məhkəmə] Palatası müəyyən edir ki, əksər hallarda Tabada tutsi qadınlarının zorlanması həmin qadınları öldürmək niyyəti ilə müşayiət olunub... Bu baxımdan, Palataya aydın görünür ki, zorlama və cinsi zorakılıq, tutsilərə qarşı törədilən digər ciddi bədən xəsarəti və əqli pozuntulara səbəb olan aktlar kimi, tutsi qadınlarına əzab vermək və hətta onları öldürməzdən əvvəl şikəst etmək əzmini, həmçinin tutsi qrupunu məhv etmək və qrupun üzvlərinə bu proses zamanı şiddətli əzab vermək niyyətini əks etdirirdi".[41] Məhkəməyə sədrlik edən hakim Navi Pilley hökmdən sonra verdiyi bəyanatda bunları qeyd etmişdi: "Keçmiş zamanlardan bu yana zorlama müharibə qəniməti kimi qiymətləndirilib. İndi isə bu, müharibə cinayəti sayılacaq. Biz zorlamanın artıq bir qənimət olmadığına dair güclü mesaj vermək istəyirik".[48]

RBCT Akayesu işində soyqırım aktı hesab edilən, qrup daxilində doğumun qarşısının alınmasına yönəlmiş tədbirlərə cinsi mutilyasiya, axtalama, doğuşların zorla nəzarət altında saxlanması və nikahların qadağan olunmasını aid etmişdir. Məhkəmə Palatası bu tədbirlərdən birini belə şərh etmişdir: "Qrupa üzvlüyün atanın şəxsiyyəti ilə müəyyən edildiyi patriarxal cəmiyyətlərdə (bu işdə olduğu kimi), məsələn, zorlama zamanı sözügedən qrupun üzvü olan qadın başqa qrupun üzvü olan kişi tərəfindən qəsdən uşaq dünyaya gətirməyə məcbur edilirsə və niyyət nəticədə həmin qadının qrupuna mənsub olmayacaq uşağın dünyaya gəlməsidirsə, belə əməl də bu bəndlə cəzalandırılmalıdır".

Media işi

"Nifrət mediası"na qarşı məhkəmə işi 23 oktyabr 2000-ci ildə başlamışdı. İş üzrə 1994-cü il soyqırımını təşviq edən mediaya qarşı ittiham irəli sürülmüşdü. Prokuror qismində Qreqori Qordon çıxış edirdi.[49]

19 avqust 2003-cü ildə Aruşa tribunalında Minlərlə Təpənin Azad Radio və Televiziyasının (fr. Radio Television Libre des Mille Collines) məsul şəxsləri Ferdinand Nahimana və Jan Bosko Barayaqviza, habelə "Kanqura" qəzetinin direktoru və redaktoru Hassan Ngeze üçün ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edildi. Onlar 1994-cü il soyqırımlarından əvvəl və həmin dövrdə soyqırım, soyqırımı təşviq etmə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunurdular. 3 dekabr 2003-cü ildə məhkəmə hər üç müttəhimi təqsirli bilmiş və Nahimana və Ngezeni ömürlük, Barayaqvizanı isə 35 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdi. 28 noyabr 2007-ci ildə Apellyasiya Palatası hər üç şəxsin məhkumluğundan şikayətlərə qismən icazə vermiş və onların cəzasını azaldaraq Nahimana üçün 30 il, Barayaqviza üçün 32 il, Ngeze üçün 35 il azadlıqdan məhrumetmə cəzası müəyyən etmişdi.[50][51]

1990–1994-cü illər müharibəsi zamanı RVC lehinə olan mesajları bütün ölkədə yayımlayan media qurumu Radio Muhabura ilə bağlı onun təsisçilərinə, sponsorlarına və ya hər hansı əlaqəli şəxsinə qarşı heç bir ittiham irəli sürülməmişdi.

Digər hüquqi addımlar

Qaçaça məhkəməsi (2006)

Fransalı müstəntiq-magistrat Jan Lui Brüger də cari prezident Pol Kaqame və onun administrasiyasının digər üzvlərinə qarşı sələfinə sui-qəsd təşkil etmək ittihamı ilə iş aparırdı. Bu iş Fransa məhkəmələrinin yurisdiksiyasında idi, çünki təyyarə qəzasında Fransa vətəndaşları da həlak olmuşdu.

Soyqırım ilə bağlı işlərin əksəriyyətinə müasirləşdirilmiş, mübahisələrin ənənəvi həlli mexanizmi olan qaçaça məhkəmələri tərəfindən baxılmışdı.[52]

Müttəhimlər

RBCT ümumilikdə 96 şəxsə qarşı ittiham irəli sürüb. Onlardan biri Cinayət Məhkəmələri üçün Beynəlxalq Qalıq Mexanizmi qarşısında mühakimə olunub. RBCT (və ya onun varisi kimi Mexanizm) 61 nəfəri məhkum edib: onlardan 28-i hazırda cəza çəkir, 22-si cəzasını çəkib, 11-i isə cəzasını çəkərkən dünyasını dəyişib. 14 nəfərə bəraət verən tribunal 10 nəfərə qarşı işi milli yurisdiksiyaya ötürmüşdü. Doqquz şəxsə qarşı icraat yekun qərar çıxarılana kimi başa çatmışdı; belə ki, onlardan ikisinə qarşı ittiham tribunal tərəfindən rədd edilmiş, iki nəfərin ittihamı prokuror tərəfindən geri götürülmüş, qalan beşi isə vəfat etmişdi.

Həmçinin bax

Ədəbiyyat

  1. Genocide, war crimes and crimes against humanity: a digest of the case law of The International Criminal Tribunal for Rwanda. Copyright © 2010 Human Rights Watch. Printed in the United States of America
  2. Ruanda: Soykırımın Ilk Mahkumiyeti. Copyright © United States Holocaust Memorial Museum, Washington, DC

İstinadlar

  1. "Resolution 955 (1994)". undocs.org. United Nations Security Council. 8 November 1994. 10 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2023.
  2. International Justice Resource Center. "ICTR" (ingilis). 7 fevral 2010. 2 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2023.
  3. "Resolution 977 (1995)". undocs.org. United Nations Security Council. 22 February 1995. 10 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2023.
  4. "Resolution 1165 (1998)". undocs.org. United Nations Security Council. 30 April 1998. 19 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2023.
  5. "Resolution 1824 (2008)". undocs.org. United Nations Security Council. 18 July 2008. 12 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2023.
  6. Allahverdiyev, Əlövsət V. "İnsanlıq əleyhinə cinayətlər beynəlxalq cinayətlərin bir növü kimi". 2012.
  7. Lətif Hüseynov. Beynəlxalq hüquq. Bakı: Qanun Nəşriyyatı. 2012. səh. 368.
  8. Obulutsa, George. "Rwanda genocide court says mandate extended to 2009" (ingilis). Dar-əs-Salam: Reuters. 29 July 2008. 7 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2023.
  9. "ICTR - Status of Cases". 2009-07-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-13.
  10. "ICTR Expected to close down in 2015". unictr.irmct.org (ingilis). United Nations International Residual Mechanism for Criminal Tribunals. 2 fevral 2015. 12 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2023.
  11. Peskin, Victor. "Beyond Victor's Justice? The Challenge of Prosecuting the Winners at the International Criminal Tribunals for the Former Yugoslavia and Rwanda". Journal of Human Rights. 4 (2). 2005: 213–231. doi:10.1080/14754830590952152.
  12. Keith, Kirsten MF. "Justice at the International Criminal Tribunal for Rwanda: Are Criticisms Just". Law in Context: A Socio-Legal Journal. 27. 2009: 78.
  13. Haskell, Leslie; Waldorf, Lars. "The Impunity Gap of the International Criminal Tribunal for Rwanda: Causes and Consequences". Hastings International and Comparative Law Review. 34 (1). 2011: 49. ISSN 0149-9246. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
  14. Humphrey, Michael. "International intervention, justice and national reconciliation: the role of the ICTY and ICTR in Bosnia and Rwanda". Journal of Human Rights. 2 (4). 2003: 495–505. doi:10.1080/1475483032000137084.
  15. Schabas, William A. "Victor's Justice: Selecting Situations at the International Criminal Court". John Marshall Law Review. 43. 2010: 535.
  16. Reydams, Luc. "Let's Be Friends: The United States, Post-Genocide Rwanda, and Victor's Justice in Arusha" (ingilis). 1 January 2013. doi:10.2139/ssrn.2197823. SSRN 2197823. 10 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2023.
  17. Morrill, Hanna. "Challenging Impunity - The Failure of the International Criminal Tribunal for Rwanda to Prosecute Paul Kagame". Brooklyn Journal of International Law. 37. 2011: 683.
  18. "Rwanda genocide of 1994". www.britannica.com (ingilis). Encyclopedia Britannica. 10 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
  19. "The Rwandan Genocide". History. 2009. 2017-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 July 2017.
  20. "Rwanda genocide: 100 days of slaughter" (ingilis). BBC News. 4 April 2019. 5 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2023.
  21. World Without Genocide. "Rwandan Genocide". worldwithoutgenocide.org (ingilis). 2021. 22 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
  22. "Rwanda: 1994". hmd.org.uk (ingilis). Holocaust Memorial Day Trust. 5 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
  23. "Rwanda/UN: Acknowledging Failure". africafocus.org (ingilis). AfricaFocus Bulletin. 31 mart 2004. 16 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
  24. William Cran. "Ambush in Mogadishu" (ingilis). PBS. 1 noyabr 2001. 6 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
  25. Chozick, Amy. "Carving a Legacy of Giving (to His Party, Too)" (ingilis). The New York Times. 4 September 2012. 28 April 2023 tarixində arxivləşdirilib.
  26. Lynch, Colum. "Exclusive: Rwanda Revisited" (ingilis). foreignpolicy.com. 5 April 2015. 8 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 June 2023.
  27. ""International Criminal Tribunal For Rwanda (ICTR)", PiCT (Project on International Courts and Tribunals) 24 September 2013". 27 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 September 2013.
  28. A., Alibaba. "Uluslararası Ceza Mahkemesinin Kuruluşu". Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi. 49 (1–4). 2000: 181-207.
  29. "Office of the Prosecutor". unictr.irmct.org (ingilis). 2023-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
  30. Guichaoua, André. From War to Genocide: Criminal Politics in Rwanda, 1990–1994 (ingilis). University of Wisconsin Press. 2015. səh. 297. ISBN 9780299298203.
  31. Rutaganda, (Trial Chamber), December 6, 1999, para. 46
  32. Muhimana, (Trial Chamber), April 28, 2005, para. 492
  33. Seromba, (Trial Chamber), December 13, 2006, para. 316
  34. Kamuhanda, (Trial Chamber), January 22, 2004, para. 622
  35. Cengiz Başak. Uluslararası Ceza Mahkemeleri ve Uluslararası Suçlar. Ankara: Turhan Kitabevi. 2003. səh. 102-103.
  36. Arda Özkan. Silahlı çatışmalar hukukunun uygulanmasında ad hoc mahkemelerin rolü. 2013. səh. 490.
  37. Kayishema RBCT 1.6.2001 par 170
  38. Semanza, (Appeals Chamber), May 20, 2005, para. 260
  39. Muvunyi, (Trial Chamber), September 12, 2006, paras. 500-01
  40. Bikindi, (Trial Chamber), December 2, 2008, para. 387
  41. The Prosecutor v. Jean-Paul Akayesu (Trial Judgement), ICTR-96-4-T, International Criminal Tribunal for Rwanda (ICTR), 2 September 1998, p. 166 Arxivləşdirilib 2012-10-12 at the Wayback Machine ¶.733. Available at: unhcr.org Arxivləşdirilib 2012-10-12 at the Wayback Machine (accessed 13 April 2010)
  42. Jørgensen, Nina H.B. "The Definition of Genocide: Joining the Dots in the Light of Recent Practice". International Criminal Law Review (1). 2001: 298.
  43. International Criminal Tribunal for Rwanda (1999). Fourth annual report to the United Nations Arxivləşdirilib 3 yanvar 2014 at the Wayback Machine. Retrieved on 30 July 2008.
  44. Berkeley, Bill. "Judgment Day" (ingilis). The Washington Post Sunday Magazine. 11 October 1998.
  45. Newburger, Emily. (ingilis). Harvard Law Bulletin. 2006 The bus driver's daughter http://www.law.harvard.edu/news/bulletin/2006/spring/feature_3.php The bus driver's daughter (#bad_url) (#bare_url_missing_title). 2 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2008.
  46. Glassborow, Katy. "Apartheid Legacy Haunts ICC Appeals Judge" (ingilis). Institute for War and Peace Reporting. 26 July 2006. 11 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2008.
  47. Klaus Bachmann, Thomas Sparrow-Botero, Peter Lambertz: When justice meets politics. Independence and Autonomy of ad hoc international criminal tribunals, Peter Lang Int 2013
  48. Quoted in citation for honorary doctorate, Rhodes University, April 2005 accessed at "Rhodes - Rhodes University". 2008-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-27. March 23, 2007
  49. Rachel E. VanLandingham. "Punishing Tomorrow's Tweeting Goebbels". lawfareblog.com (ingilis). Lawfare. 29 March 2018. 29 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyun 2023.
  50. Grunfeld, Fred; Anke Huijboom. The Failure to Prevent Genocide in Rwanda: The Role of Bystanders. Brill. 2007. 21–22. ISBN 978-9004157811.
  51. Jones, Adam. Genocide and Mass Violence // Laura J. Shepherd (redaktor ). Gender Matters in Global Politics. Routledge. 2010. 127–147. ISBN 978-0-203-86494-4.
  52. Ingelaere, B. Inside Rwanda’s Gacaca Courts: Searching Justice after Genocide (ingilis). Madison: University of Wisconsin Press. 2016. ISBN 978-0-299-30970-1. 16 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 June 2023.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.