Ronald Ross
Ronald Ross (13 may 1857[1][2][…], Almora[d], Britaniya Hindistanı – 16 sentyabr 1932[1][2][…], London) — Fiziologiya və ya tibb sahəsində 1902-ci ildə Nobel mükafatı laureatı[3]
Ronald Ross | |
---|---|
ing. Ronald Ross | |
Doğum tarixi | 13 may 1857[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 sentyabr 1932[1][2][…] (75 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Elm sahələri | parazitologiya, epidemiologiya |
İş yeri | |
Üzvlüyü | |
Mükafatları | Fiziologiya və tibb üzrə Nobel mükafatı (1902) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ronald Ross 1857-ci ildə Hindistanda zabit ailəsində doğulmuşdur. 8 yaşında ikən təhsil almaq üçün İngiltərəyə yola düşən Ross atasının təkidilə Tibb Kollecinə daxil olmuş və 1881-ci ildə "Hindistan Tibb Xidməti" adlı təşkilatda çalışmağa başlamışdır. Burada işlədiyi ilk dövrlərdə ədəbiyyatla da məşğul olmuş, hekayə və romanlar yazmışdır. Bununla yanaşı, malyariya xəstəliyinin törədiciləri barədə tədqiqatlar aparmışdır. Bu məqsədlə İngiltərədə bakteriologiya kurslarına daxil olan Ross, daha sonra Hindistana qayıdaraq tədqiqatlarını davam etdirmişdir.
Fəaliyyəti
1880-ci ildə Şarl Levran malyariya törədicisinin plazmodiya adlı birhüceyrəli parazit olduğunu aşkara çıxarmışdı. Müasir elmi məlumatlara əsasən, plazmodiyalar insanın eritrositlərinə (qırmızı qan hüceyrələri) toplanır və orada cinsiyyətsiz çoxalır. Daha sonra isə bu plazmodiyalar çoxalaraq aypara şəkilli forma alırlar. Yoluxdurucular xəstələnmiş şəxslərdən ağcaqanadlar vasitəsilə sağlam insanlara keçir. Plazmoidlərin cinsi inkişafı ağcaqanadlarda həyata keçdiyindən, insan onlar üçün aralıq sahib hesab edilir.[4]
1880-ci illərdə Kamillo Qolcinin tədqiqatları əsasında plazmodiyaların insanda cinsiyyətsiz çoxalmasının mərhələləri müəyyən edilmişdi. Lakin onun törəmə səbəbləri tam aydınlaşmamışdı. Ronald Ross parazitlərin hava damcı yolu ilə keçdiyinə dair o dövrdə geniş yayılmış nəzəriyyəni tənqid edərək xəstəliyin yaranma səbəbinin qanda bakteriyaların artması ilə əlaqələndirirdi. İlk vaxtlar o, Şarl Levranın gəldiyi nəticələri rədd edirdi.[5]
1894-cü ildə Ross İngiltərədə həkim-parazitoloq Patrik Mensonla tanış olmuşdu. O, elefentiaz adlı xəstəliyin ağcaqanad vasitəsilə insana keçən parazitlər tərəfindən törədildiyini aşkara çıxarmışdı. Menson, malyariyanın da bu yolla yayıldığını təxmin edirdi, lakin bunu təcrübi yolla isbatlaya bilməmişdi. Ross daha sonra yazırdı: "Onun fikirləri məni çox maraqlandırdı və Hindistana qayıdan kimi bunu dərhal təcrübədən keçirmək qərarına gəldim".
Ross Hindistanın Sekundarabad şəhərində təcrübi yolla ağcaqanadlarda plazmoidlərin aşkar olunmasına çalışmışdır. Yalnız iki il sonra bəzi ağcaqanadların qanında plazmoidlərə bənzər sistlər aşkar etmişdir. Ross bu sistlərin plazmoidlərin başqa forması olduğunu təxmin etmiş və çoxsaylı təcrübələrlə bunu sübuta yetirmişdi. O, ağcaqanadların toplanması və çoxalması işini həyata keçirmişdir. Təcrübələr uğurla başa çatmışdır. Nəticədə məlum olmuşdur ki, plazmoidlər ağcaqanadların yalnız bir növündə inkişaf edir.
Daha sonra Ross Hindistanın Racputana və Kəlküttə bölgələrində quşlardakı malyariya xəstəliyinin tədqiqatları ilə məşğul olmuş, onun törədicisini aşkara çıxarmışdır. O, 1899-cu ildə Hindistan Tibb Xidmətindəki vəzifəsindən ayrılaraq İngiltərəyə qayıtmış, lakin elmi təcrübələrini davam etdirməmişdir. Onun tədqiqatlarının nəticəsindən Battisto Qrassi və Amiko Binyaminin rəhbərlik etdiyi İtaliya alimlər qrupu elmi araşdırmalarında istifadə etmişdilər. Onlar insanlar arasında yayılan malyariya xəstəliyini tamamilə aşkar etmiş və onun qarşısının alınması üçün tədbirlər işləyib hazırlamışlar. Ross həmin alimlərin gəldiyi nəticələrlə razılaşmamış, onları yanlış hesab etmişdir.
Nobel Mükafatı
Nobel Komitəsi 1902-ci ildə Ronald Rossu "Malyariya xəstəliyinin araşdırılmasındakı xidmətinə görə" Nobel mükafatına layiq görmüşdür. Təltif mərasimində İsveç tədqiqatçısı Merner çıxış edərək, onun tədqiqatlarının malyariya xəstəliyi ilə mübarizə üçün müstəsna əhəmiyyəti olduğunu vurğulamışdı.
Ronald Ross sonrakı fəaliyyətində malyariya xəstəliyinin profilaktikası və epidemiologiyası ilə məşğul olmuşdur. O, Liverpul Tropik Tibb Məktəbi, Britaniya Hərbi Nazirliyi və London Tropik Tibb İnstitutunda çalışarkən, yoluxdurucu ağcaqanadların məhv edilməsi təklifini irəli sürmüşdür. Malyariyaya qarşı keçirilən tədbirlər zamanı onun tövsiyələri nəzərə alınmışdı.
Ronald Ross Tropik Tibb Cəmiyyətinin prezidenti, həmçinin İsveç Karolin İnstitutunun və Avropadakı bir sıra elmi cəmiyyətlərin fəxri üzvü olmuşdur. Britaniya Hərbi Nazirliyində isə Müqəddəs Mixail və Müqəddəs Georgi ordenləri və zadəgan titulu ilə təltif edilmişdi.
Ölümü
Ronald Ross 1932-ci ildə Londonda vəfat etmişdir.[6]
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Sir Ronald Ross // Encyclopædia Britannica (ing.).
- "Arxivlənmiş surət". 2013-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-08.
- "Arxivlənmiş surət". 2013-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-08.
- "Arxivlənmiş surət". 2016-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-12-08.
- "Arxivlənmiş surət". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-08.