Robert Şuman
Robert Şuman (8 iyun 1810[1][2][…], Svikkau[d], Saksoniya[3][3] – 29 iyul 1856[2][4][…]) — Alman bəstəkarı.
Robert Şuman | |
---|---|
alm. Robert Schumann | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 8 iyun 1810[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyul 1856[2][4][…] (46 yaşında) |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu, musiqi tənqidçisi[d], dirijor, musiqişünas, musiqi pedaqoqu[d], yazıçı |
Fəaliyyət illəri | 1830-cu ildən |
Musiqi aləti | piano |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Dahi alman bəstəkarı Robert Şuman 1810-cu ildə anadan olub. Alman bəstəkarı və musiqi tənqidçisi Robert Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi məşhurdur. "İşdən qayıdan şən kəndli", "binəva yetim", "sirli naməlum adam", "sürətlə çapan cəsur atlı". Bütün bunlar məşhur "Gənclər üçün albom"dan musiqili portretlərdir. Yenicə başlayan pianoçular artıq yüz ildən çoxdur bu albom ilə dostluq edirlər.
Robert Şumanın "musiqi ilə şəkil çəkmək" kimi qeyri-adi istedadı olub. Uşaq yaşlarında royalın dilləri ilə bu və ya digər tanışını təsvir edərək dostlarını şənləndirərmiş. Elə oxşadarmış ki, hətta musiqi duyumu zəif olan uşaqlar da dərhal çalınan melodiyada konkret insanın obrazını görərmişlər.
Heç şübhəsiz, belə bir istedad sahibi mütləq musiqiçi olmalı idi və balaca Robertin də başqa bir arzusu yox idi. Amma anasının onun barəsində tamamilə başqa planları var idi: o, xəyalında oğlunu qara rəngli hakim mantiyasında hörmət və ehtiramla əhatə olunmuş vəziyyətdə görürdü. Gələcək bəstəkar anasının təkidi ilə (Robert atasını tez itirib) Leypsiq Universitetinin hüquq fakültəsinə daxil olur. Lakin hüquq kitabları üzərində baş sındırmaq əvəzinə musiqi aləminə baş vurur. O, dövrünün ən yaxşı fortepiano müəllimi Fridrix Vikdən dərs almağa başlayır. Müəyyən müddət keçəndən sonra bütün cəsarətini toplayıb anasına yazır: "Mən özümü sənətə sərf edirəm. Mən bunu istəyirəm, bacarıram və bunu etməliyəm".
F.Vik ilə məşğələlər müvəffəqiyyətlə davam edir və artıq üfüqdə böyük pianoçu karyerası parlamaga başlayır. Amma sən saydığını say, gör fələk nə sayır. Taleyin qəribə gərdişi onun bu arzularını ürəyində qoyur. Şuman barmağını ciddi şəkildə zədələyir və virtuoz pianoçu olmaq xəyalları ilə vidalaşmaq məcburiyyətində qalır.
Bundan sonra onun bəstəkarlığın sirlərini öyrənməkdən başqa çarəsi qalmır. Şuman əvvəllər fortepiano təmrinlərini öyrəndiyi kimi, indi də böyük şövqlə bu işə girişir. O, 1834–1835-ci illərdə "Karnaval" fortepiano silsiləsini yazır. Bu əsərdə özünü tamamilə püxtələşmiş bəstəkar kimi göstərir. Əsər üzərində işləyən bəstəkar etiraf edir: "Məndə elə hiss var ki, sanki musiqi haqqında düşüncələrin güclü axınına davam gətirməyəcəyəm".
Şumanı musiqi ilə bağlı hər şey maraqlandırır. O, müəllimi F.Vik və bəzi digər musiqiçilərlə birlikdə "Yeni musiqi qəzeti" təsis edir, 10 il ərzində bu qəzetin həm redaktoru, həm də tənqidi məqalələrin müəllifi olur. Şopenin istedadını dünyaya açan, Bramsdan yeni parlayan ulduz kimi danaşan da məhz Şumandır. O, öz məqalələrində musiqi sahəsində mütərəqqi olan hər şeyi qızğın müdafiə edir.
1840-cı il bəstəkara xoşbəxtlik gətirir. Nəhayət, o, şəxsi səadətinə nail olur. Keçmiş müəlliminin qızı, mahir pianoçu Klara Vik ilə evlənir. Klaranın atası bu nikahın əleyhinə idi. Amma Şuman kimi ehtiraslı və qızğın təbiətli insanın qarşısında kim duruş gətirə bilərdi? Həmin dövrdə bəstəkar bir sıra mahnılar, o cümlədən Şamissonun sözlərinə "Qadın məhəbbəti və həyatı" və Heynenin sözlərinə "Şairin məhəbbəti" kimi şedevr əsərlər, habelə bir neçə irihəcmli əsər yaradır. 1843-cü il dekabrın 4-də müəllifin dirijorluğu ilə ilk dəfə ifa olunan "Ray və Peri" oratoriyası böyük müvəffəqiyyət qazanır. Bir həftə sonra təkrar konsert təşkil olunur.
1844-cü ildə Şuman həkimlərin məsləhəti ilə Drezdenə köçür. Elə həmin il ömür-gün yoldaşını Rusiyaya konsert səfərində müşayiət edir. Robert Şumanın əsərləri Klara Şumanın ifasında böyük zəfər qazanır. Drezdenə qayıdan bəstəkar yeni-yeni əsərlər yaratmağa davam edir. Amma əlamətləri hələ on il əvvəl müşahidə olunan sinir xəstəliyi inkişaf etməyə başlayır. Əvvəllər nadir hallarda təzahür edən qarabasmalar, sanki qeybdən gələn musiqi sədaları gecə-gündüz Şumana əzab verir. Vəziyyət o yerə gəlib çatır ki, o, artıq hətta öz musiqisinin tempini tuta bilmir.
1854-cü il fevralın 7-də Reyn çayında sərnişin daşıyan qayıqçılar bir nəfərin körpüdən suya atıldığını görürlər. Yardımına tələsib kişini sudan çıxarırlar. Həmin adam xəstəliyin taqətdən saldığı Robert Şuman idi. Ruhi xəstələr üçün müalicəxanada iki il müalicə olunan bəstəkar 1856-cı il iyulun 29-da Bonn şəhərinin yaxınlığında, Endenihada vəfat edir.
Bəstəkarın özündən sonra qoyub getdiyi fortepiano üçün "Kəpənəklər", "Karnaval", "Fantastik pyeslər", "Novellettalar", "Simfonik etüdlər" kimi fortepiano üçün silsilə əsərlərin, 4 simfoniyanın, fortepiano, skripka və violonçel üçün konsertlərin, təqribən 120 vokal ansamblın, 200-dən yuxarı mahnı və romansın və çoxlu sayda başqa əsərlərin musiqisi, Pyotr Çaykovskinin sözləri ilə desək, insan qəlbinin elə tellərinə toxunub ki, bu cür həssaslıq onun böyük sələflərinə nəsib olmayıb.
Biblioqrafiya
- Воспоминания о Роберте Шумане / Составление, комментарии, предисловие О. В. Лосевой. Пер. А. В. Михайлова и О. В. Лосевой. — М.: Композитор, 2000. ISBN 5-85285-225-2 ISBN 5-89598-076-7
- Грохотов С. В. Шуман и окрестности. Романтические прогулки по "Альбому для юношества". М., 2006. ISBN 5-89817-159-2
- Грохотов С. В. Шуман: Карнавал. — М., 2009. ISBN 978-5-89817-285-5
- Житомирский Д.В. Роберт и Клара Шуман в России. – М., 1962.
- Житомирский Д. В. Роберт Шуман: Очерк жизни и творчества. — М., 1964. (2-е изд. М., 2000.)
- Карминский М. В. Драматургия жизни Роберта Шумана // Харківські асамблеї-1995. Міжнародний музичний фестиваль "Роберт Шуман і мистецька молодь": Збірка матеріалів / Упорядник Г. І. Ганзбург. — Харків, 1995. — С. 7–18.
- Ганзбург Г. И. Песенный театр Роберта Шумана // Музыкальная академия. — 2005. — № 1. — С. 106–119.
- Роберт Шуман и перекрестье путей музыки и литературы: Сб. науч. трудов. / Сост. Ганзбург Г. И. — Харьков: РА — Каравелла, 1997. — 272 c. ISBN 966-7012-26-3.
- Свириденко С. Шуман и его песни. — СПб., 1911.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Gerald E.H. Abraham Robert Schumann // Encyclopædia Britannica (ing.).
- Archivio Storico Ricordi. 1808.
- Robert Schumann // Internet Broadway Database (ing.). 2000.
- LIBRIS. 2012.
Xarici keçidlər
- Записи Шумана на сайте ArtOfPiano.ru Arxivləşdirilib 2008-10-03 at the Wayback Machine
- Роберт Шуман Arxivləşdirilib 2016-01-09 at the Wayback Machine русскоязычный сайт, посвящённый композитору
- Музыкальный фестиваль "Шумановские резонансы"