Rixard Zorge
Rixard Zorge[5] (alm. Richard Sorge; rus. Ри́хард Зо́рге; 4 oktyabr 1895[1][2][…], Bakı[3] – 7 noyabr 1944[3][4][…], Suqamo[d], Tokio) — Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və dönəmində Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş xəfiyyə. Zorge Ramzay ləqəbindən istifadə etmişdir. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940–1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.
Rixard Zorge | |
---|---|
alm. Richard Sorge rus. Ри́хард Зо́рге | |
Şəxsi məlumatlar | |
Ləqəbi | Ramzay |
Doğum tarixi | 4 oktyabr 1895[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 1944[3][4][…] (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Alman |
Qoşun növü |
Alman İmperiya Ordusu Sovet Ordusu |
Xidmət illəri |
1914–1916 1920–1941 |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hücumun konkret tarixi barədə məlumat verə bilməyən Zorge Barbarossa əməliyyatından əvvəl SSRİ-ni xəbərdar etmişdir. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən Yapon birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir.
Həmin texnikanın xidmətindən Moskva uğrunda döyüşdə geniş formada istifadə olunur. Sovet Sosialist Respublikaları İttifaqı qarşısında olan xidmətlərinə görə Rixard Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı mükafatı ilə təltif edilmişdir. Təhlükəsizlik və kəşfiyyat sahəsində fəaliyyət göstərən mütəxəssislərin böyük əksəriyyəti Rixard Zorgeni dünya tarixinin ən böyük xəfiyyələrindən biri olaraq xarakterizə edirlər.
Erkən illər
Rixard Zorge 1895-ci ilin 4 oktyabr tarixində Bakı şəhərinin Sabunçu qəsəbəsində alman Vilhelm Zorgenin ailəsində anadan olmuşdur.[6][7] Doqquz övladın sonuncusu olan Rixard Zorgenin atası Bakıya neft mədənlərində mühəndis işləməyə gəlmiş əcnəbilərdən idi. Qafqaz Neft Şirkətində çalışan Vilhelm Zorge rus əsilli Nina Semyonovna ilə evli idi.[8] Ailə bir necə il Azərbaycanın mərkəzi şəhəri olan Bakıda qaldıqdan sonra yenidən Berlin şəhərinə köçür. Zorgenin özü həmin dövrü aşağıdakı şəkildə təsvir edir:
Gündəlik həyatım normaldan bir az fərqli şəkildə keçməkdə idi. Mən Cənubi Qafqazda doğulandan sonra ailəmiz yenidən Berlinə qayıtmışdı.[9] |
Bakıda doğulmaq və daha sonra Berlinə yerləşmək kiçik Zorgenin həyatında təsirsiz ötüşmür. Kosmopolit ailə mühitinə sahib olan Zorgelərin Berlindəki həyatı standart alman ailələrindən fərqlənirdi. Rixardın böyük əmisi Fridrix Zorge dönəminin tanınmış ictimai-siyasi xadimləri olan Karl Marks və Fridrix Engels ilə dostluq münasibəti saxlayırdı.[10] Rixardın babası Albert Zorge də fəal siyasi fəaliyyətlə məşğul olurdu. Kommunizm hərəkatında öz fəallığı ilə fərqlənən ailənin davranışları Rixard Zorgeyə də təsir edir.
1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Zorge həmin ilin oktyabr ayında könüllü cəbhə bölgəsinə yollanır. Almaniya imperiyasının İmperiya Ordusunda tələbələr üçün təşkil olunmuş III topçu birliklərində xidmət etməyə başlayır. Qərb cəbhəsində aparılan şiddətli döyüşlərdə iştirak edərkən 1916-cı ilin mart ayında ağır yaralanır. Şrapnel yarası səbəbindən üç barmağı kəsilir və hər iki ayağı sınır. Döyüşdə aldığı bu zədə səbəbindən həyatının sonuna qədər axsamaq məcburiyyətində qalır. Müharibədə göstərdiyi şücaətə görə kapral rütbəsi alan Rixard Zorge Almaniya İmperiyasının II dərəcəli Dəmir xaç ordeninə layiq görülür.
Zorge reabilitasiya dövrü keçdiyi zaman qaldığı hərbi xəstəxanada Karl Marksın əsərlərini oxumağa başlayır. Həyatının bu dövründə kommunist fəlsəfəsi ilə daha yaxından tanış olur və müalicə aldığı xəstəxanada çalışan bir tibb bacısının atası vasitəsi ilə kommunist hərəkatına qoşulur. Zorgenin müharibə həyatının qalan hissəsi Almaniyanın Kiel, Berlin və Hamburq kimi şəhərlərdə iqtisadiyyat üzrə təhsil almaqla keçir. 1919-cu ilin avqust ayında Zorge Siyasi elm sahəsi üzrə Fəlsəfə doktoru elmi dərəcəsini alır.[11]
Almaniya Kommunist Partiyasına qoşulan Zorge siyasi görüşləri və fikirləri səbəbindən işlədiyi kömür mədənindən qovulur. Açıq şəkildə kommunizm ideyalarını müdafiə etməsi və Avropada ona qarşı təzyiqlərin artması nəticəsində Rixard Sovet Sosialist Respublikaları İttifaqına qaçmaq məcburiyyətində qalır. Yollandığı ölkədə Xüsusi Kəşfiyyat Orqanları ilə əməkdaşlığa cəlb olunması Rixard Zorgenin həyatında yeni və daha mühüm bir mərhələnin başlanğıcı olur.
Sovet kəşfiyyat sisteminə daxil olması
Moskva şəhərinə gəldikdən qısa müddət sonra Zorge Sovet Kəşfiyyat idarəsində işə götürülür. Jurnalist adı altında fəaliyyət göstərməklə Avropanın müxtəlif ölkələrinə göndərilir və burada ona tapşırılan əsas işlərdən biri Avropada baş verə biləcək mümkün sosialist inqilabları öyrənmək idi. Zorge Avropada olan kommunist qruplarla əlaqələr yaratmalı və bu barədə mərkəzə müntəzəm şəkildə raport verməli idi. 1920–1922-ci illər aralığında Zorge Şimali Reyn-Vestfaliya əyalətinin Solingen şəhərində yaşayır. Almaniyada olduğu dövrdə Kristina Qerlax ilə tanış olur.
Krstinanın atası Albert Qerlaxın Kil Universitetində çalışması Zorgenin burada siyasi elmlər sahəsi üzrə təhsil almasına köməklik edir. 1921-ci ilin may ayında Kristina ilə Zorgenin toyu baş tutur. 1922-ci ildə cütlük Zorgenin tələbi ilə Frankfurt şəhərinə yerləşir. Ailənin bura gəlməsinin səbəbi Frankfurtda yerləşən varlı sahibkarlar barədə Sovet Kəşfiyyatı üçün məlumatların toplanması idi. 1923-cü ilin yay aylarında Zorge İlmenau şəhərində yayımlanan "Birinci Marksist İş Həftəliyi" (alm. Erste Marxistische Arbeitswoche) dərgisində yazmağa başlayır. Jurnalist kimi fəaliyyətini davam etdirməsi ilə yanaşı, Frankfurt şəhərində yerləşən Sosial Araşdırmalar İnstitutunun kitabxanasında yeni marksist fikir nəzəriyyəsinin inkişafı üçün çalışır.
1924-cü ildə cütlük ayrılır. Zorgenin işinə bağlı olması və tez-tez kəşfiyyat əməliyyatlarında iştirakı ailənin dağılmasının əsas səbəbi kimi göstərilmişdir. Boşanmanın ardından Zorge Moskva şəhərinə gedərək burada Beynəlxalq Kominternin Kəşfiyyat Bölməsinə cəlb edilir. 1929-cu ildə Zorgeyə Qızıl Ordunun dördüncü bölməsində kəşfiyyat işi verilir. Onun buradakı əsas vəzifəsi SSRİ-ni maraqlandıran xarici kəşfiyyat məlumatlarının toplanması və zamanında ötürülməsi idi.
1929-cu ildə Zorge Böyük Britaniyaya göndərilir. O, burada işçi hərəkatları ilə bağlı vəziyyəti öyrənməli və Böyük Britaniya Kommunist Partiyasının fəaliyyətini araşdırmalı idi. Eyni zamanda Zorgeyə tapşırılan əsas vəzifələrdən biri krallığın sosial-siyasi vəziyyəti barədə raport hazırlayıb sovetlərə göndərmək olur. Moskvadan gələn növbəti bir təlimata əsasən, Britaniyada gizli fəaliyyət göstərməli və siyasi dairələrlə məsafəli davranmalı idi.
1929-cu ilin noyabr ayında xəfiyyə Almaniyaya göndərilir. Burada Nasional Sosialist Alman Fəhlə Partiyasının sıralarına qoşulmalı və yerli solçu qanadı təkmilləşdirməli idi. Zorge Almaniyada (alm. Deutsche Getreide-Zeitung) qəzetinin xüsusi müxbiri kimi işləməyə başlayır.[12] Onun sovet kəşfiyyat sisteminə cəlb edilməsində Yan Berzinin böyük rolu olmuşdur.
Çin – 1930
1930-cu ildə Zorge Şanxay şəhərinə göndərilir. O, burada (alm. Frankfurter Zeitung) qəzetinin xüsusi müxbiri və araşdırmaçı əməkdaşı kimi fəaliyyət göstərməkdə idi. Çində olduğu müddət ərzində xəfiyyə ilə digər bir sovet agenti Maks Klausen arasında təmas yaranır. Zorge Klausen ilə yanaşı alman xəfiyyə Ursula Kaçinski və amerikalı jurnalist Aqnas Smedli ilə də görüşlər keçirdir.[13] Smedli öz solçu fikirləri ilə tanınan bir jurnalist kimi (alm. Frankfurter Zeitung) qəzeti üçün çalışırdı. Tərəflər arasında inkişaf edən yaxınlaşma qısa zamanda sevgi münasibətinin yaranması ilə nəticələnir.
Smedli vasitəsi ilə Zorge yapon jurnalist və dövlət xəfiyyəsi olan Hotsumi Ozaki ilə tanış olur. Bununla da xəfiyyənin gələcəkdə Yaponiyada fəaliyyət göstərməsi üçün əlverişli zəmin yaranır. Asahi Shimbun adlı qəzet üçün çalışan Ozaki Yaponiya İmperiyasının dövlət katibi kimi imperiyanın xarici maraqlarından məsul şəxs idi. Ancaq buna baxmayaraq Ozaki Yaponiya əlehinə casusluq fəaliyyəti ilə məşğul olmuş və əsasən sovet xəfiyyə şəbəkəsi ilə yaxın münasibətlər yaratmışdır. Ozaki və Zorge arasında olan münasibət ikincinin Asahi Shimbun qəzetində işləməsi ilə nəticələnir.[14] Ümumiyyətlə, Zorge bütün xarici əməliyyatlara jurnalist adı ilə getmişdir. Avropada fəaliyyət göstərən tanınmış qəzetlərin xarici ölkələr üzrə olan müxbirləri XX əsrin 30-cu illərində diqqətdən kənarda qalırdı. Zorge də bu nüansdan maksimal şəkildə istifadə etməyə çalışmışdır.
Jurnalist kimi Çində fəaliyyət göstərdiyi müddət ərzində ölkənin kənd təsərrüfatı və mədəniyyəti ilə maraqlanmağa başlayır. Zorgenin əsas xüsusiyyətlərindən biri getdiyi Asiya ölkələrində yerli əhalinin dilini öyrənməyə cəhd etməsi idi. Çin və Yaponiyada kəşfiyyat əməliyyatlarında olduğu zaman buna cəhd etsə də həmin dilləri öyrənə bilməmişdir. Çin Kommunist Partiyasının öndə gələn üzvləri ilə təmaslar yaratması Zorgenin Çinin müxtəlif bölgələrinə səfərlər etməsində yardımcı olur. Həmin səfərlər xəfiyyənin ölkənin mədəniyyəti və çoğrafiyası barədə daha ətraflı məlumat toplaması üçün əhəmiyyəti olur.
1932-ci ilin yanvar ayında Şanxay küçələrində yapon və çin qüvvələri arasında baş verən silahlı toqquşmalar barədə SSRİ mənbələrinə məxfi məlumatı Zorge çatdırır. Dekabr ayında xəfiyyə Moskvaya geri çağırılır. 1933-cü ilin əvvəlində Moskvaya gələn Zorge burada Çinin kənd təsərrüfatı ilə bağlı kitab yazmağa başlayır. Çin səfəri xəfiyyənin şəxsi həyatı üçün də uğurlu olur. Çində olarkən tanış olduğu Katya ləqəbli rus qadın Yekaterina Maksimovna ilə evlənir və çütlük birlikdə Rusiyaya qayıdırlar.
Yaponiya – 1933
Yaponiya səfəri Zorgenin həyatında əsas həlledici məqamlardan biri olmuşdur. 1933-cü ildə Yaponiyaya göndərilməsi xəfiyyənin bir növ gələcək müqəddəratını müəyyənləşdirir. 1933-cü ilin may ayında Zorge Yaponiyaya yola salınır. Məqsəd hər zaman olduğu kimi getdiyi ölkədə SSRİ üçün əhəmiyyətli olan kəşfiyyat məlumatlarının toplanması və onların zamanında mərkəzə ötürülməsi idi.
Zorge Yaponiyada Ramzay kodadı altında fəaliyyət göstərmişdir. O, Yaponiyaya getməmişdən əvvəl Berlinə səfər edir. Almaniyaya edilən səfərin məqsədi Yaponiyaya bir alman qəzetinin xüsusi müxbiri kimi gedə bilməsi üçün sənədləşdirmə işlərinin həll edilməsi idi. Berlində olduğu müddət ərzində Üçüncü Reyx tərəfindən təşkil edilən pivə şənliklərində iştirak edən Ramzay Fürerin Mein Kampf əsəri ilə tanış olur.
Nasistlər tərəfindən keçirilən içki məclislərində ağızdan bir neçə dəfə məxfi məlumatları qaçırmasının ardından həmin məclislərdən uzaq durmağa çalışır. Nasistlərin diqqətini çəkməməyə maksimal dərəcədə çalışan Zorge bir neçə dəfə özünü şübhəli vəziyyətə salsa da vəziyyətdən çıxa bilir. Xüsusən onun pivə qonaqlıqları zamanı gərgin görünməsi və ya az içməsi (bəzən ümumiyyətlə içməməsi) müəyyən şübhələrin yaranmasına səbəb olur.
Zorgenin özü başqa bir SSRİ xəfiyyəsi Heda Massinqə yazdığı məktubda mövcud durumunu belə izah edir:
Bu bu günə qədər etdiyim ən cəsur şeylərdən biridir. Sonra yetərincə içmək üçün kifayət qədər vaxtım olacaq.[15] |
Almaniyada olan əlaqələrindən istifadə edərək xəfiyyə xüsusi müxbir kartı əldə etmək üçün iki qəzet və bir jurnala müraciət edir (alm. Berliner Börsen Zeitung ) və (alm. Berliner Börsen Zeitung) qəzetləri ilə yanaşı, Geopolitik adlı jurnal da Zorgenin müraciət etdiyi mətbuat orqanları arasında idi. Sonda (alm. Frankfurter Zeitung) qəzetindən müsbət rəy alan Zorge həmin qəzetin müxbiri kimi Yaponiyaya yollanır. Xəfiyyə Yaponiyaya getmək üçün ilk öncə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə gedir və orada kiçik bir müddət qaldıqdan sonra Yaponiyaya yola düşür.[16] Zorge 1933-cü ilin 6 sentyabr tarixində Yokohama şəhərinə çatır. Zorgeyə Moskvadan çıxarkan tapşırılan əsas vəzifələrdən biri Yaponiyada olduğu müddət ərzində gizli şəkildə fəaliyyət göstərən Yaponiya Kommunist Partiyası və SSRİ-nin Yaponiyadakı Səfirliyindən uzaq durması yönümündə idi. Bunun səbəbi Yaponiyada olan sovet yönümlü qüvvəllər SSRİ tərəfindən belə bir xəfiyyənin göndərilməsindən xəbərsiz olmaları olmuşdur.
Zorge Yaponiyada əsas kəşfiyyat məlumatlarını bir digər sovet xəfiyyəsi və eyni zamanda radio operator olan Maks Klausen ilə bölüşməli idi.[17] Hotsumi Ozaki və digər iki komintern xəfiyyəsi Branko Vukelic və Miyaqi Yotoku da Yaponiyada fəaliyyət idilər. Branko Vukelic fransız dilli bir jurnal üçün yazırdı, Miyaqi Yotoku isə ingilis dilli qəzet üçün çalışan yapon reklamçı kimi işləməkdə idi. Maks Klausenin həyat yoldaşı Anna müxtəlif vaxtlarda kuryer kimi işləyirdi. Bütün kuryerlik və jurnalistlik fəaliyyəti SSRİ tərəfindən Yaponiyada yaradılmış böyük bir xəfiyyə torunu pərdələmək məqsədi daşıyırdı.
1937-ci ilin yayında Klausen Yaponiyada sakibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün imkan belə tapır. Yüngül sənaye sahəsində yaradılan şirkət sovet sərmayəsini əraziyə cəlb etmək niyyəti daşıyırdı. 1933–1934-cü illər ərzində Yaponiyada Zorge tərəfindən xəfiyyə şəbəkəsi yaradılır. Zorgenin nəzarəti altında işləyən xəfiyyələrin dövlətə yaxın olan bürokratlarla sağlam münasibətləri vardı və bu münasibətlər zaman-zaman bəzi dəyərli məlumatların əldə edilməsində həlledici rol oynamışdır. Zorgenin əsas xəfiyyələrindən olan Hotsumi Ozaki dönəmin Yaponiya Baş Naziri Fumimaro Konoe ilə yaxın münasibət yaratmışdı. Hətta Zorgenin tapşırığı ilə Ozakinin Baş Nazirin iş otağından gizli sənədin sürətini əldə etdiyi də məlumdur.
Zorge bütün xəfiyyə şəbəkəsini gizli şəkildə idarə etməkdə idi. Üzdən Alman bir qəzetin xüsusi müxbiri olaraq çalışdığı üçün bir çox nasist təbliğatına qoşulmuşdur. Tərəfindən aparılan təbliğat Yaponiyada olan Almaniya səfirliyin belə diqqətini çəkmiş və səfirlik tərəfindən məmnunluqla qarşılanmışdır. Yaponiyada yaratdığı xəfiyyə şəbəkəsi ilə SSRİ-ni lazımi məlumatlarla təmin etməsinə baxmayaraq Zorge İosif Stalin tərəfindən sevilməyən bir şəxs idi. Stalin xəfiyyənin alman mənşəli olması səbəbindən ona çox güvənmədiyini açıq şəkildə ifadə etmişdi. Bu səbəbdən Zorge tərəfindən göndərilən məlumatlar Stalin üçün ciddi əhəmiyyət daşımırdı. 1937-ci ildə SSRİ daxilində repressiya dalğasının başlanması Zorgeni seçim qarşısında qoyur. Xəfiyyə anlayır ki, SSRİ-yə qayıdandan sonra satqın damğası ilə güllələnəcək. Bu səbəbdən edilən bütün təkliflərə və tələbələrə baxmayaraq Zorge Yaponiyada qalıb sovetlər üçün işləməyə qərar verir.[18]
Müharibənin başlanması barədə göndərilən məxfi məlumat
Zorge Anti-komintern paktı və alman-yapon paktı barədə olan məlumatları sovet mənbələrinə ötürməkdə davam edirdi. 1941-ci ildə səfirlik işçilərinin vasitəsi ilə Zorge Barbarossa əməliyyatı barədə məlumat öyrənir. Əməliyyatın təxmini başlama tarixini belə öyrənən Zorge bu barədə Moskvaya təcili raport göndərir. İosif Stalinə Yaponiyadan göndərilən gizli raport çatdırılsa da Stalin buna əhəmiyyət vermir və Zorgenin məlumatlarına inanmır. Stalin Nasistlərin belə bir səhv etməyəcəyini düşünürdü.[19] Molotov-Ribbentrop paktının imzalanması Üçüncü Reyx ilə SSRİ arasında olan münasibətlərin anidən şiddətli bir müharibəyə çevirlməsi ehtimalını zəiflədirdi.
Bəzi mənbələr Zorgenin Üçüncü Reyxin SSRİ-yə konkret hücum tarixi (22 iyun) barədə məlumat verdiyi iddia etməkdədir. Mövzu ilə bağlı araşdırma aparmış İkinci dünya müharibəsi sahəsi üzrə tarixçi Qolden Pranç Zorgenin konkret tarix vermədiyini sadəcə təxmini tarix kimi 20 iyunu göstərdiyini qeyd etmişdir.[20] 20 iyun tarixini Zorge Yaponiyada yerləşən Alman səfirliyində hərbi attaşe kimi çalışan polkovnik-leytenant Ervin Şoldan öyrənmişdi.[21] Xəfiyyə Üçüncü Reyxin SSRİ-yə hücum edəcəyindən əmin idi və bu barədə sovet orqanlarını zamanında məlumatlandırmışdı. Ancaq konkret hücum tarixi barədə Zorgenin qərarsız qaldığı görünməkdədir. Üçüncü Reyx əməliyyata Hərbi attaşe polkovnik-leytenant Ervin Şolun verdiyi tarixdən 2 gün sonra başladı.
1964-cü ildə sovet mətbuatında Zorgenin 1941-ci ilin 15 iyun tarixində radio vasitəsi ilə göndərdiyi müharibə 22 iyunda başlayacaq xəbəri yayımlandı.[22] 1990-cı ilə qədər sovet mənbələrində yayımlanan xəbərlərin kənardan əldə edilməsinin mümkünsüzlüyü səbəbindən Pranç tərəfindən bu versiya inkar edilmişdir. Stalinə Zorgenin sözügedən xəbəri çatdırılan zaman Stalin belə bir fikir səsləndirmişdir:
Yaponiyada fabriklərin və fahişəxanaların yaradılması ilə məşğul olan bir əclaf var və həmin əclaf 22 iyunda almanların bizə hücum edəcəyi barədə "məxfi" məlumat göndərir. Məndən buna inanmağımı gözləyirsiniz?[23] |
Almanların 22 iyun tarixində Barbarossa əməliyyatına başlaması Zorgenin bu məsələdə haqqlı olduğunu göstərdi. Xəfiyyə sadəcə 2 günlük bir fərqlə hücumun tarixini söyləmişdi. 1941-ci ilin 14 sentyabr tarixində Zorge tərəfindən növbəti bir məxfi məlumat göndərilir. Göndərilən məlumatda Yaponiyanın bəzi məsələlər həll olunmadan SSRİ-nin şərq sərhədlərinə hücum etməyəcəyi bildirilirdi. Aşağıda olan üç bənd baş tutmadığı müddətcə yaponların SSRİ ərazisinə daxil olması ehtimal edilmirdi.
- Moskvanın Üçüncü Reyx qüvvələri tərəfindən tutulmasından sonra
- Sibirdə vətəndaş müharibəsinin başladılmalı və SSRİ-ni daxildən zəiflədilməsi planına start verilməsindən sonra.[24]
- Kvantunq ordusu olaraq adlandırılan Yaponiya ordusunun sayı SSRİ-nin Uzaq Şərqdə saxladığı hərbi birləşmələrdən üç dəfə çox olması xüsusi qeyd olunmuşdu. Mümkün manevr halında həmin ordunun hücuma keçəcəyi gözlənilirdi.
Göndərilən məlumatların dəyəri SSRİ üçün çox önəmli idi. Üçüncü Reyx qüvvələrinin sürətlə irəlilədiyi bir dövrdə imperiyanın uzaq şərqdə yerləşən hərbi birləşmələrinin qərb ərazilərində yerləşən cəbhə bölgələrinə transfer edilməsi ilə sovetlər əlavə güc qazanmış oldu. Konkret olaraq 8 diviziya, 1.700 tank, 1.500 dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən qərb cəbhələrinə köçürüldü. Həmin texnikanın və canlı qüvvənin xidmətindən 1941-ci ilin 2 oktyabr tarixində baş tutan Moskva uğrunda döyüşdə geniş istifadə olunmuşdur.
Zorge tərəfindən göndərilən bir digər mühüm məlumatın Stalinqrad döyüşünə təsir göstərdiyi ehtimal edilməkdədir. Zorge göndərdiyi məxfi raportda Yaponiya ordusunun Uzaq Şərqdən hücuma keçməsi üçün Üçüncü Reyxin Volqa sahillərində yerləşən hər hansısa iri bir şəhəri tutmasını gözlədiyini bildirmişdi.[25] Xəfiyyə sovet mənbələrini bu məlumatlarla təmin edərkən Üçüncü Reyx tərəfindən xəfiyyəlik edən İvar Lissner də Yaponiyada alman kəşfiyyat təşkilatı olan Abver üçün çalışmaqda idi.[26]
Saxlanılma və mühakimə prosesi
1941-ci ildə Üçüncü Reyxin Barbarossa əməliyyatına start verməsi Zorgenin Yaponiyada fəaliyyət sahəsinin daralması ilə nəticələnmişdi. Yapon və onlarla birgə işləyən alman mütəxəssislər ölkə ərazisində SSRİ maraqları üçün xidmət göstərən böyük bir cəsus şəbəkəsinin mövcudluğu barədə məlumatlı idilər. Cəsus şəbəkəsinin faş edilməsi və xəfiyyələrin saxlanılması üçün gizli fəaliyyətlər icra olunurdu. Xəfiyyələr tərəfindən Moskvaya göndərilən radio siqnalların və gizli kriptoların bir necə dəfə tutulması Zorgenin işini çıxılmaz vəziyyətə salmışdı. Tək istifadəlik xətdən göndərilən gizli mesajların sayında kəskin artım yapon mütəxəssislərini ölkədən xaricə məlumat göndərənin təkcə onlar olmadığına inandırdı.
Kempeytay olaraq adlandırılan yapon gizli polis təşkilatı bütün Yaponiyadan xaricə göndərilən tək istifadəlik xətti mesajların izinə düşdü. Başladılan əməliyyat qısa zamanda öz nəticəsini göstərir və Hotsumi Ozaki 1941-ci ilin 14 oktyabr tarixində həbs olunur. Həbsdən dərhal sonra Ozakinin dindirilməsi başlanılır və bununla da Yaponiyada fəaliyyət göstərən böyük bir sovet casusluq şəbəkəsi ortaya çıxarılmış olur. Ozakinin saxlanılmasından 4 gün sonra Rixard Zorge 1941-ci ilin 18 oktyabrında Tokioda həbs olundu. Növbəti gün Üçüncü Reyxin Yaponiyadakı səfiri Eugen Ottaya ölkə ərazisində gizli fəaliyyət göstərən Rixard Zorge və Maks Klausen adlı sovet casuslarının ələ keçirilməsi ilə bağlı məlumat verilir.
Zorgenin sovet cəsusu olduğu müəyyənləşəndən sonra Yaponiyada yerləşən Alman səfirliyinin əməkdaşları və səfir başda olmaqla bir çox adam çaşqınlıq içərisində idi. Xəfiyyə hər zaman özünü alovlu nasist kimi göstərmiş və Yaponiyada reyx üçün mühüm olan şəxslərin etimadını qazanmışdı. Bu səbəbdən səfir Eugen Ott Zorgenin daha məxfi sənədlər barədə məlumatlı olduğunu və bu barədə SSRİ birliklərini məlumatlandırdığına inanırdı. Almanların şübhələrinə və etirazlarına baxmayaraq məsələ barədə araşdırmaların aparılması, qərarın verilməsi yapon büroktarların nəzarətində idi.[27]
Barəsində həbs qərarı çıxarılan Zorge Suqamo həbsxanasına göndərilir. Yaponlar Zorgenin alman mənşəli və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olması səbəbindən onun Abver agenti olduğuna inanırdılar. Abver tərəfindən yayımlanan məlumatda Rixard Zorge adlı bir xəfiyyələrinin olmadığını elan etdilər. Ağır işgəncələr altında Zorge xəfiyyə olduğunu etiraf etsə də SSRİ üçün işlədiyini inkar etdi. Yaponiya SSRİ-yə etdiyi müraciətdə sovetlərin əllərində olan yapon cəsuslarını Zorge ilə dəyişməyə hazır olduqlarını bildirdilər. SSRİ tərəfindən verilən cavabda isə Rixard Zorge adlı birinin onlara məlum olmadığı bildirilir.
Edam cəzasının icrası
Rixard Zorge saxlanıldığı həbsxanada 1944-cü ilin 7 noyabr tarixində Tokio vaxtı ilə 10:20 də asılaraq edam edilir. Həbsxana protokolunda edamın icrası barədə belə yazılmışdır: dar ağacından çıxarılandan sonra məhbus Rixard Zorgenin ürəyi səkkiz dəqiqə döyünüb. Hotsumi Ozaki isə həmin gün sadəcə Zorgeden bir qədər əvvəl asılaraq edam edilmişdi. SSRİ 1964-cü ilə qədər Zorge adında bir xəfiyyələrinin olduğunu inkar etdi. Xəfiyyənin ölümündən sonra belə uzun müddət sovetlər tərəfindən inkar edilməsinin əsas səbəblərindən biri kimi Stalin göstərilməkdədir. İosif Stalinin alman əsilli xəfiyyəyə olan mənfi münasibəti səbəbindən Zorgenin ölümündən sonrakı 20 ildə belə onun barəsində danışılmamışdır. Xəfiyyənin ölümündən sonrakı illərdə beynəlxalq mətbuatda nadir hallarda olsa da müxtəlif reportajlar və xəbərlər yayımlanır.[28]
Edamın ardından Zorgenin cəsədi saxlanıldığı Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlığa dəfn edilir. Sonralar xəfiyyənin Almaniyada yaşayan anası Anna Klausenin səyləri ilə cəsəd həbsxanadan çıxarıla bilir.[29] Nəşin yeni yeri kimi Tokionun Füçi səmtində yerləşən tama məzarlığı seçilir. Rixard Zorgenin küllərinin saxlanıldığı məzar bu gün belə burada yerləşməkdədir.
Ölümündən sonra tanınması
Rixard Zorge mövzusu ölümündən sonrakı on il ərzində demək olar ki, tanıdılmamışdır. 1964-cü ilə qədər Sovet Sosialist Respublikaları İttifaqında xəfiyyənin inkar edilməsi, Avropada barəsində çox məlumatın olmaması səbəbindən Zorge qərb üçün ciddi maraq kəsb etmirdi. 1954-cü ildə alman rejissoru Veit Harlan tərəfindən Zorgenin həyatını və fəaliyyətini canlandıran Verrat an Deutschland (azərb. Almaniyaya xəyanət) adlı bədii film çəkilir. Harlan Jozef Göbbelsin sevimli rejissorlarından hesab olunurdu və 1940-cı ildə onun tərəfindən çəkilmiş nasist təbliğatını göstərən Jud Süss filmi ilə tanınırdı. Filmdə Zorgenin sevgilisi rolunu canlandıran Kristina Söderbaum real həyatda rejissorun həyat yoldaşı idi. 1955-ci ildə kinoteatrlarda göstərilməyə başlanan film iki gündən sonra qadağan olunur. Filmin yenidən nümayiş etdirilməsi bəzi səhnələrin çıxarılmasından sonra mümkün olmuşdur.[30]
1961-ci ildə xəfiyyə barədə növbəti bir film Fransada çəkilir. Qui êtes-vous, Monsieur Sorge? (azərb. Siz kimsiniz, cənab Zorge?) olaraq adlandırılan filmdə baş rolu Tomas Holtzman canlandırmışdır. Qərbi Almaniya, İtaliya və Yaponiyanın birgə istehsalı olan film SSRİ-də böyük məşhurluq qazanır. 1964-cü ilin 5 noyabr tarixində Rixard Zorgenin ölümünün 20 illiyi münasibətilə Moskvada tədbir təşkil olunur və ona SSRİ qarşısında olan müstəsna xidmətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adı verilir.[31] Zorgenin dul qalmış yapon xanımı Hanako İşhi üçün sovetlər tərəfindən aylıq maaş bağlanılır. Hanako 2000-ci ilin iyul ayında Tokiodakı evində vəfat edənə qədər sözügedən maaşı SSRİ və Rusiyadan almışdır.[32] 60-cı illər xəfiyyənin Moskavada heykəlinin yerləşdirilməsi ilə də əlamətdar olur.
1965-ci ildə Şərqi Almaniyadan olan üç jurnalist tərəfindən Dr. Sorge funkt aus Tokyo adlı kitab yazılır. Kitabda Zorge faşizmə qarşı mübarizə aparan ümumi sovet-alman qəhrəmanı kimi təsvir edilir. 70-ci illərdə xəfiyyə müxtəlif detektiv romanların və komikslərin personajları kimi təsvir olunur. 1971-ci ildə gənc oxucular üçün Polşada Wywiadowca XX wieku (azərb. XX əsrin xəfiyyəsi) adlı kitab nəşr olunur. Uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş növbəti bir iş manqaka Osamu Tezuka tərəfindən gəlir. Tezukanın hazırladığı Message to Adolf adlı manqada Zorge ayrıca personaj kimi göstərilir. 2003-cü ildə şotland aktyorların iştirakı ilə Yaponiyada çəkilən Xəfiyyə Zorge filmi şərqdə böyük izləyici kütləsi tərəfindən izlənir.[33]
Zorge və Azərbaycan
Rixard Zorgenin xatirəsinin əziz tutulduğu ölkələrdən biri də Azərbaycandır. Xəfiyyənin 1895-ci ilin 4 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olması və sonrakı illərdə özü tərəfindən yazılan xatirələrində Azərbaycanı xatırlaması faktı da sözügedən münasibətlərin köklərindən xəbər verir. Uşaq yaşlarından atasının işi səbəbindən Bakıdan Berlinə köçən Zorge bir daha buranı ziyarət edə bilməmişdir. Zorge xatirələrində Azərbaycan barədə deyir:
Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm.[34] |
XX əsrin ən güclü xəfiyyələrindən biri olan Zorgenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində istər Azərbaycan SSR dönəmində istərsə də Azərbaycan Respublikası dönəmində bir sıra addımlar atılmışdır. 1981-ci ildə Bakıda heykəltaraş V. Siqal və arxitektor Mikayıl Useynov tərəfindən Rixard Zorgenin xatirə memarlıq kompleksi inşa edilir.[35] Kompleksə daxil olan heykəl mərkəzdə yerləşməkdədir. Bundan əlavə Bakının Nəsimi rayonu ərazisində xəfiyyənin adını daşıyan küçə də mövcuddur.
İstinadlar
- Richard Sorge // Brockhauz Ensiklopediyası (alm.).
- Richard Sorge // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- Зорге Рихард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Колесникова М.В. Рихард Зорҝе/М. В. Колесникова, М. С. Колесников ; тәрҹ. Ҹ. Мәммәдов. — 1981
- "Hero of the Soviet Union Richard Sorge". 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-13.
- "Khrono.ru. Richard Sorge". 2021-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-13.
- Deakin, Storry, 1966. səh. 23
- Partial Memoirs of Richard Sorge, Part 2, p. 30; quoted in part by Prange according to whom Sorge was 11 when the family moved (Prange 1984) and in full by Whymant according to whom Sorge was two years old at the time of the move (Whymant 2006, С. 11); Whymant refers to a "glimmering memory of this ambiance [in the southern Caucasus]" as staying with Sorge for the rest of his life which rather suggests that two years old is a somewhat low estimate of Sorge's age at the time of the move.
- Deakin, Storry, 1966. səh. 23–24; quoted by Prange, 1984
- Prange, 1984
- Deakin, Storry, 1966. səh. 63
- Richard C. S. Trahair. Encyclopedia of Cold War Espionage, Spies and Secret Operations. Greenwood Publishing Group, 2004. Arxivləşdirilib 2014-01-03 at the Wayback Machine ISBN 0-313-31955-3
- "Former Soviet spy Sorge's girlfriend Ishii dies". 2012-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-15.
- Hede Massing, This Deception (New York, 1951), p. 71; quoted by Prange, 1984
- Whymant, 2006. səh. 40–43
- His name is often spelt with an initial 'K' but "Clausen" appears on his driving licence and as his signature. Charles A. Willoughby, Shanghai Conspiracy (New York, 1952), photograph at p.75; referred to by Prange, 1984
- Bagley, 2013. səh. 159-160
- "Arxivlənmiş surət". 2010-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-16.
- Prange, 1984. səh. 347
- Obi Toshito, ed., Gendai-shi Shiryo, Zoruge Jiken (Materials on Modern History, The Sorge Incident) (Tokyo, 1962), Vol. I, p.274; quoted by Prange, 1984
- I. Dementieva and N. Agayantz, "Richard Sorge, Soviet Intelligence Agent," Sovietskaya Rossiya, 6 September 1964; quoted by Prange, 1984
- Stalin: The Court of the Red Tsar (London, 2003), p. 360; referred to in the Notes below as "Sebag Montefiore"
- Prange, 1984. səh. 407
- Whymant, 2006. səh. 206
- Juergen Corleis. Always on the Other Side: A Journalist's Journey from Hitler to Howard's End. Juergen Corleis. səh. 59. ISBN 0-646-48994-1. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2012.
- Toland, John, The Rising Sun: The Decline and Fall of the Japanese Empire, 1936–1945, Random House, 1970, səh. 122, ISBN 0-394-44311-X
- Corkill, Edan, "Sorge's spy is brought in from the cold", Japan Times, 31 January 2010, p. 7.
- Interview with Sorge's defence lawyer Sumitsugu Asanuma conducted on Prange's behalf by Ms. Chi Harada; quoted by Prange, 1984
- "Verrat an Deutschland at IKDB". 2011-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- Heroes of the Soviet Union; Sorge, Richard Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine
- Sakaida, Henry; Christa Hook. Heroes of the Soviet Union 1941–45. Osprey Publishing. 2004. səh. 32. ISBN 1-84176-769-7.
- "Arxivlənmiş surət". 2008-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
- Səbuhi Məmmədli. "Müharibənin başlayacağını Stalinə xəbər verən suraxanılı balası... - FOTO" ( (az.)). lent.az. 2011-06-22. 2015-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
- "Rixard Zorgenin xatirə memarlıq kompleksi" ( (az.)). gomap.az. 2015-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
Ədəbiyyat
- Johnson, Chalmers An Instance of Treason: Ozaki Hotsumi and the Sorge Spy Ring. Stanford University Press, 1964. (paperback, ISBN 0-8047-1766-4)
- Kirst, Hans Helmut "Death Plays The Last Card" :The tense, brilliant novel of Richard Sorge-World War II's most daring spy. Translated From The German By J. Maxwell Brownjohn. Collins Fontana Paperback 1968.
- Hans-Otto Meissner. The Man with Three Faces: Sorge, Russia's Master Spy. London: Pan # GP88, 1957, 1st Printing Mass Market Paperback.
- Rimer, J. Thomas. (ed.) Patriots and Traitors, Sorge and Ozaki: A Japanese Cultural Casebook. MerwinAsia, 2009. (paperback, ISBN 978-1-878282-90-3). Contains several essays on the spy ring, a translation of selected letters Hotsumi Ozaki wrote in prison, and the translation of Junji Kinoshita's 1962 play A Japanese Called Otto.
- Bagley, Tennent, Spymaster: Startling Cold War Revelations of a Soviet KGB Chief, New York: Skyhorse Publishing, 2013, ISBN 978-1-62636-065-5
- Deakin, F. W.; Storry, G. R., The case of Richard Sorge, London: Chatto & Windus, 1966. An early account by two leading British historians of the time. It is informed by their differing perspectives, Deakin being an authority on 20th century European history and Storry an authority on 20th century Japan.
- Prange, Gordon W.; Goldstein, Donald M.; Dillon, Katherine V., Target Tokyo: The Story of the Sorge Spy Ring, New York: McGraw-Hill, 1984, ISBN 0-07-050677-9
- Whymant, Robert, Stalin's Spy: Richard Sorge and the Tokyo Espionage Ring, London: I.B. Tauris Publishers, 1996, ISBN 1-86064-044-3
- Whymant, Robert, Stalin's Spy: Richard Sorge and the Tokyo Espionage Ring, New York: Palgrave MacMillan, 2006 [1996], ISBN 1-84511-310-1
Xarici keçidlər
- Sənədli və bədii filmlər
- Rixard Zorge: Mənim vicdanım təmizdir… — PORTRETLƏR (azərbaycan dilində)
- Кто вы, доктор Зорге? filmi. — (1961, rus dilində)
- Совершенно секретно 114. Рихард Зорге (rus dilində)
- Тайны Разведки — Рихард Зорге (rus dilində)
- Живая история — Рихард Зорге (rus dilində)
- Xəfiyyə Zorge filmi (alman dilində)
- Zorge barəsində olan saytlar
- - Zorge barədə yaradılmış sayt – richardsorge.com
- - Rixard Zorge incəsənət mövzularında – kunstraumrichardsorge.org Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine
- Digər