Rift

Rift (ing. rift) — çat, qırılma)[1] — bir neçə yüz km məsafəyə (çox vaxt 1000 km-dən çox) xətti uzanan dərinlik mənşəli yarıqvari və ya yarğanvari struktur. Bir çox qitə və okean riftlərinin eni 30–70 km ölçülür. Eyni zamanda, çox dar (5–20 km, məsələn: Ölü dəniz) və çox enli (200–400 km, məsələn: Qırmızı dəniz) riftlər də məlumdur. Rift təsvirini Qreqori (1921) Şərq Afrika qrabenlər sistemi timsalında vermişdir. Rift adətən dar gərilmə zonası əmələ gətirir və vulkanizmlə səciyyələnir. Rift vulkanizmində qələvi süxurların əsasi tərkibli növləri (olivinli bazaltlar, analsimli bazaltlar, pikritlər) üstünlük təşkil edir, turş süxurlar (fonolitlər, traxitlər) isə məhdud yayılır. Rift növləri: 1) qitədaxili — Yer qabığının ilkin zəifləmiş zonaları boyu uzanan riftlər (məsələn: Şərq Afrika rift sistemi); 2) qitələrarası — qitə qabığının olmadığı zonalarda inkişaf edən (məsələn: Qırmızı dəniz və Ədən körfəzi) riftləri; 3) okeandaxili — okeanqabıqlı dar rift dərələri aralıq okean silsilələri və ya georiftogenallar. Riftlərin əmələ gəlməsi haqqında bir neçə fərziyyə vardır: 1) blokların diferensiasion hərəkəti nəticəsində; 2) aralanma — qaymaların horizontal yerdəyişməsi nəticəsində; 3) ikimərhələli (hər iki fərziyyəni birləşdirir): başlanğıc mərhələdə tağ qalxması baş verir, gərilmə qüvvələrinin təsirindən tağın mərkəzi hissəsi uçur və sonrakı mərhələdə qaymalar riftdən bir və ya iki tərəfə aralanır. 

İstinadlar

  1. Rift // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.