Respublika Velotreki
Respublika Velotreki — Bakı metrosunun "20 yanvar" stansiyası yaxınlığındakı idman qurğusu.
Respublika Velotreki | |
---|---|
| |
Yeri |
Bakı, Azərbaycan "20 yanvar" stansiyası yaxınlığında |
Tikilib | 1980 |
Yenidən qurulma tarixi | 2015 |
Sahibi | Azərbaycan Velosiped Federasiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Respublika Velotreki bir vaxtlar nəinki Azərbaycanda, hətta keçmiş SSRİ məkanında ilk dəfə 1980-ci il Moskva Yay Olimpiya Oyunları ərəfəsində inşa olunub.[1]
Respublika Velotreki 20 hektar ərazini əhatə edir.[2]
Azərbaycan Velosiped Federasiyasının (AVİF) balansındadır.
Burada təmirdən sonra trek üzrə məşqlər və daxili yarışlar üçün istifadə olunması nəzərdə tutulmuşdur. Tribuna da qurulmuşdur.[1]
Tam olaraq yaxınlığında "Velotrek" adı ilə məşhur olan ticarət mərkəzi fəaliyyət göstərir.
Təmiri
2015-ci ildə Respublika Velotrekində geniş tikinti və yenidənqurma işləri başa çatmışdır.[1]
Ərazidə 4 mərtəbəli 4500 kv.m-ə yaxın sahəsi olan bina tikilib. Binanın bir mərtəbəsi yalnız velosipedlərin saxlanılması və onlara texniki qulluq göstərilməsi üçün nəzərdə tutulan otaqlardan ibarətdir. Digər qatlarda AVİF-in ofisi, konfrans zalı və digər yardımçı otaqlar da yerləşəcək.[1]
Velotrekin girişində isə velosiped satışı və icarəsi üçün mağaza, eləcə də insanların istirahəti üçün kafe fəaliyyət göstərəcəkdir.[1]
Yarışlar
2015-ci il
2015-ci ilin sentyabr ayında Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatı keçirilib. Yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən bütün klub və cəmiyyətlərin 70-dən artıq idmançısı mübarizə aparıb. İştirakçılar arasında Azərbaycanın trek yığmasının aparıcı üzvləri, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) nüfuzlu turnirlərinin qalib və mükafatçısı Olqa İsmayılova və Sergey Omelçenko da iştirak ediblər.[3]
Qadınların sprint, eləcə də kişilərin keyrin mübarizəsi yığma komandamızın liderlərinin qələbəsilə başa çatıb. Bununla da həm Olqa İsmayılova, həm də Sergey Omelçenko Beynəlxalq Velosipedçilər İttifaqının milli çempionatlar haqqında reqlamentinə uyğun olaraq aktivlərinə 30 reytinq balı əlavə ediblər. Bu isə idmançılarımızın Dünya Kuboku turnirində iştirak hüququna yiyələnməsi mənasında olduqca böyük əhəmiyyət kəsb edir.[3]
Digər növlərə gəlincə, qadınların 500 metr məsafəyə fərdi ötüşməsində "Atasport" klubunun təmsilçisi Ülfət Nəzərli, kişilərin 1000 metr məsafəyə mübarizəsində və omnium yarışında "Lokomotiv" klubunun nümayəndəsi Məhəmməd Ələkbərov, kişilərin xalla qrup ötüşməsində "Synergy Baku / Neftçi İdman Klubu İctimai Birliyi"ndən Samir Cəbrayılov və nəhayət kişilərin 3 km məsafəyə fərdi izləmə yarışında "Synergy Baku" komandasının üzvü Tural İsgəndərov Azərbaycan çempionu adına layiq görülüb.[3]
Mükafata layiq yerlər tutan idmançılar Azərbaycan Velosiped Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif ediliblər.[3]
İstinadlar
- "Report". "Respublika Velotreki yeni görkəmdə". musavat.com (az.). "Müsavat" qəzeti. 11 Aprel 2015. İstifadə tarixi: 2 may 2016.
- "Respublika Velotreki təmir olunur". apasport.az. 02.05.2014. 30 September 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2016.
- İlkin İzzət. "Yeni velotrekdə ölkə çempionatı keçirilib". trend.az. Trend. 7 Sentyabr 2015. 31 March 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 may 2016.