Respublika Süni Mayalanma Mərkəzi
Respublika Süni Mayalanma Mərkəzi (rus. Республиканский Центр Искусственного Осеменения) — Cənubi Qafqazda analoqu olmayan bir mərkəzdir. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var.[1]
Respublika Süni Mayalanma Mərkəzi | |
---|---|
Fəaliyyəti | Kənd təsərrüfat |
Yaranma tarixi | 19 avqust 2017 |
Rəsmi dili | azərbaycanca |
Yarandığı yer | Göygöl rayonu, Azərbaycan |
Direktor | Elton Əbdurəhmanov |
Tarix
Süni mayalanma işinin daha da genişləndirilməsi məqsədi ilə Respublika Süni Mayalama Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında “ 14 fevral 2006-cı il tarixli 46 nömrəli qərarı ilə yaradılmışdır. [2]
Prezident İlham Əliyev Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib. [3]
Ümumi məlumat
Respublika Süni Mayalanma Mərkəzinin ümumi ərazisi 3,26 hektardır.
Ərazidə enerji təchizatı obyektləri, su hovuzları və nasosxana, kanalizasiya şəbəkəsi, yanğınsöndürmə sistemi, kənd təsərrüfatı texnikalarının saxlanması üçün qaraj, silos anbarı və digər yardımçı binalar tikilib.
Üçmərtəbəli inzibati-laboratoriya binasının ümumi sahəsi 2320 kvadratmetrdir. Laboratoriyada Fransanın bu sahədə aparıcı şirkətinin istehsal etdiyi ən müasir avadanlıq quraşdırılıb. Bundan başqa, bu avadanlıqla işləmək üçün laboratoriya heyətinə təlimlər də keçirilib. Burada temperatur və havada azotun miqdarının təyini avtomatik idarə olunur. Laboratoriya bölməsinin bir hissəsində genetik materialın satış mərkəzi yerləşir. Kompleksdə azot çəni və azot təchizatı şəbəkəsi qurulub. Regionlardakı süni mayalanma məntəqələrinə azot xüsusi avtomobillərlə daşınır. Binanın ikinci mərtəbəsində isə təlim mərkəzi və təlimdə iştirak edənlər üçün yataqxana, mətbəx, camaşırxana və 60 nəfərlik toplantı zalı yerləşir. Binada mərkəzləşdirilmiş kompüter və videobaxış sistemləri quraşdırılıb. Bu sistem istənilən zaman Bakıdan, eləcə də digər bölgələrdən Respublika Süni Mayalanma Mərkəzində aparılan işləri müşahidə etməyə imkan yaradır. [3]
Texnologiyalar
Məlumatda qeyd olunur ki, Mərkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Hollandiyanın təcrübəsindən istifadə edilib. Bu olkələrdən dəvət edilmiş mütəxəssislər layihənin hazırlanmasında və inşaatın gedişində iştirak ediblər. İnşaat işləri və Mərkəzin funksional planı FAO-nun ekspertləri ilə müzakirə edilmiş və onların tövsiyələri nəzərə alınıb.
Hazırkı mərhələdə RSMM-in laboratoriyası, karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilir. Laboratoriya avadanlıqları bu sahədə dünyada liderlik edən Fransanın “İMV technologies” şirkətinin istehsalıdır.[4]
İstinadlar
- "Respublika Süni Mayalanma Mərkəzinin direktoru: Təsərrüfatlarda süni mayalanma tədbirlərinin aparılmasına maraq artıb VİDEO". 2019-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07.
- "Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzi bu gün geniş fəaliyyət göstərir".
- "İlham Əliyev Göygöl rayonuna səfəri çərçivəsində Respublika Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib".
- "Süni Mayalanma Mərkəzinin yeni kompleksinin inşası başa çatır". 2016-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07.