Replika
Replika – müəllifin dialoqda birinci, ikinci və üçüncü şəxs şəklində ola bilən danışığı, ifadələri və sözləridir.
Təsviri
Replika müəllif sözünün təsviri formalarından biridir, lakin bu təsvir vasitəlidir, müəllifin birbaşa səsi kimi deyil, obrazın sözü kimi verilir. Replikalar, müxtəlif surətlərin sözləri ilə müəllif canlı danışığın yazılı sözlə verilən obrazını yaradır. Bu mənada replikalardan təşkil olunan dialoqlar obrazlılıq forması sayıla bilər. Süjet hadisənin, surət insanın, dialoq insanların canlı ünsiyyətinin, replika isə canlı danışıq sözünün ya söz sırasının obrazıdır. Ədəbi yaradıcılıqda replika ilə dünyanı və insanları, onların konflikt və problemlərini təsvir etmək ən çətin yaradıcılıq işi sayılır. Məsələn, Hollivud filmlərində süjeti bir ya iki müəllif işləyir, amma dialoqların yazılmasına dörd-altı ssenarist cəlb olunur. Replika mətnin ayrılmaz hissəsi olsa da, o iki və daha çox adam arasında olan danışıq, nitq, ünsiyyət parçası sayılır. Birinci və ikinci şəxs arasındakı danışıq isə real həyatda həmişə şifahi mətnyaratmadır, şifahi nitqdir. Yazılı və şifahi nitqlər (mətnyaratma) isə bir-birindən köklü fərqlərə malikdir. Şifahi danışıqda sözün fitri əlamətləri olan intonasiya, ton, səs effekti kimi əlamətlər iştirak edir. Bunlar yazılı mətndə ifadə oluna bilmir. Lakin ssenari mətnində olan replikalar filmdə canlanır və şifahi nitqə çevrilir. Lakin əslində replika həmişə şifahi nitqin yazıda obrazı kimi yaradılır və mətn sayılır. Bu mənada replika və dialoq həmişə birinci şəxsdən aparılan yazılı təhkiyə mətninə şifahi nitq parçası daxil etməkdir.